Aksiyalar Müsavat tərəfindən təşkil edilməyib – Bəyanatbackend

Aksiyalar Müsavat tərəfindən təşkil edilməyib – Bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar, Lənkəran, Siyəzən, Füzuli, Ağcabədi, Ağsu və digər rayonlarda əhalinin etiraz aksiyaları keçirməsi faktları barədə məlumatlar mətbuatda və sosial şəbəkələrdə geniş yayılıb.

Müsavat Partiyası bu aksiyalarda irəli sürülən tələblərin haqlı olduğunu bəyan edir.

Etiraz aksiyaları və sonrakı dövrdə bu aksiyada iştirak edənlərin qanunazidd şəkildə gecə evlərində vəhşicəsinə döyülərək polis bölmələrinə aparılması, onlara müxtəlif müddətə həbs cəzalarının verilməsi, bir çoxları haqqında cinayət işinin qaldırılması, əslində bu etirazların mahiyyətinin dəyişdirilmısinə və əhalidə xof yaradılmasına cəhd kimi qiymətləndirilməlidir.

Müsavat Partiyasının başqanı Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılaraq ona xəbərdarlıq edilməsi, partiyanın Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyevə 30 sutka həbs cəzası verilməsi, Siyəzən rayon təşkilatının sədr müavini Aydın Səfərli və onun qardaşı Təbib Səfərlinin həbs edilməsi Müsavat Partiyasına qarşı hakimiyyətin təzyiq siyasətinin davamıdır.

Son günlər Müsavat Partiyasının bəzi rayon təşkilatlarının rəhbərliyinə daxil olan şəxslərin rayon polis şöbələrinə, rayon prokurorluğuna çağırılaraq, bəzi hallarda isə evlərinə və ya iş yerlərinə gedilərək onlara xəbərdarlıq edilməsi halları qeydə alınıb. Çağırılanlar arasında Müsavat Partiyası başqanının müşavirləri – Hidayət İsmayıl və Azər İsmayıl, partiya Məclisinin üzvləri – Əlipənah Rzalı və Rüfət Baxışbəyli, partiyanın Quba rayon təşkilatının sədri Yaşar İsrafilov, Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli, Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmli, partiyanın Qaradağ rayon təşkilatının üzvü Elşad Soltanov və başqaları olub. Görüşlərdə guya rayonlarda etiraz aksiyalarına çağırış haqqında vərəqələrin yayılması və bu işin Müsavat Partiyası tərəfindən təşkil olunduğu haqqında hüquq-mühafizə orqanlarında məlumatlar olduğu bildirilsə də, heç bir rayonda çağırış vərəqi təqdim edilməyib.

Müsavat Partiyası bir daha bəyan edir ki, keçirilən son aksiyalar Müsavat və digər müxalifət partiyaları tərəfindən təşkil edilməyib. Bu aksiyalar dözülməz sosial vəziyyətdə yaşayan əhalinin haqlı etirazlarının təzahürüdür.

İnterpress.az