Qubadlı həm qəhrəmanlıq, həm də bərpa və quruculuq təntənəsinə çevrilib – Tənzilə Rüstəmxanlıbackend

Qubadlı həm qəhrəmanlıq, həm də bərpa və quruculuq təntənəsinə çevrilib – Tənzilə Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 25 oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın yaddaşında qürur, Zəfər və qayıdış günü kimi yaşayır. Qubadlı rayonu zəngin təbiəti, əlverişli coğrafi mövqeyi və qədim yaşayış ənənələri ilə Azərbaycanın seçilən bölgələrindən biridir. Bu torpaq uzun illər öz doğma yurdlarından ayrı düşmüş insanların qəlbində xüsusi yer tutub.

media-44df10dd-0825-4426-b272-e3b174c7042c

İşğal dövründə qubadlılıların ən böyük arzusu doğma evlərinə qayıtmaq, ata-baba yurdlarında yenidən yaşamaq və öz torpaqlarında firavan həyat qurmaq idi. 44 günlük Zəfər yürüşü zamanı Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidə yerləşən Qubadlıya gedən yolun açılmasına əlverişli imkan yaratdı.

2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Qubadlı şəhəri işğaldan azad edildi. Bu hadisə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Azərbaycan əsgərinin peşəkarlığı, şücaəti və Vətənə bağlılığı bir daha sübut etdi ki, xalqımız öz torpaqlarının azadlığı naminə bütün çətinlikləri dəf etməyə qadirdir.

Qubadlının azadlığı yalnız hərbi uğur deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi idi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Qubadlı şəhərinin işğaldan azad edildiyi gün – 25 oktyabr Qubadlı Şəhəri Günü kimi təsis edilib. Bu qərar Qubadlının dirçəlişinin və dövlət səviyyəsində bərpa siyasətinin əyani göstəricisidir.

Hazırda Qubadlıda genişmiqyaslı infrastruktur və sosial layihələr həyata keçirilir. Nazirlər Kabinetinin 2025-ci il 9 sentyabr tarixli qərarı ilə təsdiqlənmiş “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” rayonda uzunmüddətli və məqsədyönlü yenidənqurma prosesinin başlanğıcıdır. Müharibə bitdikdən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda genişmiqyaslı sürətli bərpa və yenidənqurma meydanına start verildi.

Dövlət başçısının rayona mütəmadi səfərləri, yeni infrastruktur obyektlərinin, o cümlədən Qubadlı şəhərinin Baş planının təsdiqlənməsi, ilk yaşayış məhəllələrinin, müasir xəstəxana, inzibati mərkəz və məktəb binalarının təməlini şəxsən qoyması onun bu torpaqlara, bu bölgənin insanlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir. İşğal dövründə daşı daş üstündə qalmayan şəhərdə indi Prezidentin xüsusi diqqəti sayəsində regionun loqistika mərkəzinə çevriləcək müasir yollar çəkilir, yarımstansiyalar tikilir, kənd təsərrüfatı və sənaye potensialı yenidən canlandırılır.

Bu gün Qubadlıda aparılan bərpa və quruculuq işləri şəhərin gələcəyinə olan inamı daha da artırır. Qubadlı bu gün həm qəhrəmanlıq tariximizin, həm də bərpa və quruculuq mərhələmizin təntənəsinə çevrilib. Burada hər bir tikinti, hər bir layihə azadlıq, yenidənqurma və qayıdışın təzahürüdür. Yeni yaşayış məhəllələrinin, təhsil və səhiyyə müəssisələrinin, yol və digər infrastruktur obyektlərinin yaradılması bölgənin dirçəlişinə xidmət edir.

Dövlətin həyata keçirdiyi tədbirlər Qubadlının müasir, abad və insanların rahat yaşayacağı şəhərə çevrilməsinə yönəlib. Bu gün Qubadlıda yeni həyat başlanır. Azadlıqdan sonra torpağına qayıdan insanlar üçün müasir infrastruktur qurulur, sosial obyektlər inşa edilir, kəndlər yenidən salınır. Qubadlı həm azadlığın, həm dirçəlişin, həm də milli iradənin rəmzinə çevrilib. 25 oktyabr Qubadlının və bütövlükdə Azərbaycanın müzəffər tarixi, xalqımızın qəhrəmanlıq ruhunun və dövlətimizin gücünün parlaq təcəssümüdür.