Milyarder ölkənin milyonçu nazirinin qəpik söhbətinə reaksiyabackend

Milyarder ölkənin milyonçu nazirinin qəpik söhbətinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maliyyə naziri Samir Şərifovun “hər qəpiyimizə diqqətlə yanaşmalıyıq” açıqlaması tənqidlə qarşılanıb. “İsrafçılığa və izafi xərclərə, o cümlədən lüzumsuz xərclərə imkan verməməliyik” deyən nazirin sözlərinə tənqidi yanaşanların əsas arqumenti budur ki, həmin məmurlar milyardlarla manat vəsaitin mənimsənilməsinə göz yumublar, indi isə xalqın qəpiyinə nəzarət etmək istəyirlər.

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında maliyyə nazirinin əhaliyə qənaətlə bağlı verdiyi tövsiyələri lüzumsuz adlandırıb: “Bu məntiqsiz bir tövsiyədir. Məsələ ondadır ki, Azərbaycanda bir müddət öncəyə qədər milyardlarla dollar vəsaitlər səmərəsiz şəkildə xərclənirdi və hökumət qənaət haqqında düşünmürdü. Büdcə vəsaitlərinin korrupsiya predmetinə çevrilməsi və bütün bunların “qəpik məsləhəti”ni verən maliyyə naziri Samir Şərifovun dövründə baş verməsi həqiqətən də maraqlıdır . Burada sual ortaya çıxır ki, milyardlar sovrulanda siz haraya baxırdınız. Maliyyə naziri bu məsələlərdə birbaşa cavabdehdir. Çünki o həm xərclərin bölüşdürülməsində, həm büdcənin hazırlanmasında, o cümlədən nazirliyin nəzdində fəaliyyət göstərən maliyyə nəzarət xidmətinin fəaliyyətinin tənzimlənməsində, bu proseslərin nəzarətdə saxlanılmasına cavabdeh olan qurumdur”.

İqtisadçı qeyd edib ki, bu günə qədər bütün xərclərin hesabatının aparılmaması və doğru olmayan maliyyə siyasətinin həyata keçirilməsi nəticəsində yaranmış böhranın məsuliyyəti maliyyə nazirinin üzərinə düşür: “Hansısa bir ölkədə bu kimi proseslər baş versəydi, ilk olaraq istefa ərizəsini yazan məmurlardan biri də maliyyə naziri olardı. Ancaq təəssüf ki, biz bunun əksini müşahidə edirik. Cəmiyyətə, vətəndaşlara qənaətlə bağlı mesajlar verilir. Xüsusilə də, kreditlərlə bağlı məsələdə bu artıq son damla hesab edilə bilər. Çünki, biz Samir Şərifovun açıqlamasında “Biz hansısa qrupa niyə güzəşt etməliyik? Güzəşt etsək başqa bir qrup da peyda olacaq” kimi ifadələrin səslənməsi onu göstərir ki, bu insanlar yerində deyillər”.

Rəşad Həsənovun sözlərinə görə, gəlirlərin azalmasıelə insanları qənaət etməyə vadar edən başlıca səbəbdir: “Vətəndaşın xərclərini tənzimləmək, qənaət rejiminə keçmək üçün heç bir formada Samir Şərifovun tövsiyəsinə ehtiyacı yoxdur. Vətəndaşın gəliri azalıbsa, avtomatik olaraq xərcləri də azalıb. Təbii ki, hər bir ailə öz xərcləri ilə bağlı öncəliklər müəyyənləşdirir. İlk növbədə ərzaq, kirayə, kommunal xərclər durur. Məsələyə, Azərbaycan mentalitetindən yanaşsaq, vətəndaşların ilk təxirə salacağı xərclər səhiyyə xərcləridir. Vətəndaşların öz övladlarının gələcəyi ilə bağlı məsələlərə həssas yanaşsalar da, böhran məqamında ilk təxirə salınacaq xərclər sırasında təhsil xərcləri də ilk sırada gələ bilər.

Orta azərbaycanlının yüksək keyfiyyətli məhsulları istehlak etmək imkanı heç zaman olmayıb. Buna baxmayaraq, müəyyən Çin məhsulları deyil, Türkiyədən idxal olunan məhsullara üstünlük verilirdi. Ancaq bundan sonra daha ucuz və keyfiyyətsiz məhsullara üstünlük verəcək. Bu da həm sağlamlıq, həm də rifah baxımından həyat tərzini geriyə aparan nüanslardır.

Daha yaxşı olar ki, vətəndaşlar böyük ailəvi tədbirlərini, ad günü, nişan, xınayaxdı mərasimlərini daha sadə, evdə təşkil etsinlər və bu xərclərə qənaət etsinlər. Bir sözlə, çətinliklə qazandıqları vəsaitləri hansısa işbazlara verməsinlər”.(musavat)

İnterpress.az