Aztəminatlı ailələrə ərzaq talonları paylana bilər?backend

Aztəminatlı ailələrə ərzaq talonları paylana bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti ölkə əhalisi üçün ərzaq talonları hazırlayır. Rusiyanın Ticarət Nazirliyi əhaliyə ünvanlı ərzaq yardımının göstərilməsi üçün xüsusi sxem hazırlayıb. \”İqtisadi böhran nəticəsində ölkədə ərzaq məhsullarını almağa ciddi çətinlik çəkən çoxlu vətəndaş var. Aztəminatlı vətəndaşlara ərzaq almaq üçün elektron kartlar veriləcək\”.

Bu barədə nazir müavini Viktor Yevtuxov açıqlama verib. Onun sözlərinə görə, yardım 2 istiqamətdə həyata keçiriləcək: Birincisi, ticarət müəssisələrindən kart vasitəsilə, ikincisi, ictimai iaşə müəssisələrində güzəştli, yaxud pulsuz yemək verməklə.

Azərbaycanda da ərzaq talonları tətbiq oluna bilərmi?

Ərzaq talonlarının tətbiqi ilə bağlı iqtisadçı-ekspert Qalib Toğrul Sputnik-ə açıqlamasında deyib ki, müasir anlamda başa düşülən \”ərzaq talonları\” Sovet dövründə tətbiq olunan ərzaq talonlarından fərqlidir: \”Bu, sistem tamamilə fərqli sistemdir. Ərzaq talonları deyəndə, söhbət aztəminatlı, sosial müdafiəsi aşağı olan əhalinin yoxsulluqdan qorunması üçün sosial müdafiə tədbiri kimi nəzərdə tutulur\”.

Ekspert Azərbaycanda aztəminatlı ailələrlə bağlı həyata keçirilən ən böyük layihənin ünvanlı sosial yardımlar olduğunu deyib: \”Əvvəllər ünvanlı sosial yardıma qədər müxtəlif layihələr olub. Amma pərakəndə şəkildə olub. Ünvanlı sosial yardım, adından da göründüyü kimi, ünvanlı şəkildə kimin sosial yardıma ehtiyacı varsa, ona yönəlib. Yəni, bu sistemin özü mahiyyət etibarı ilə daha yaxşı sistemdir, təkmildir\”.

Ekspertin sözlərinə görə, ünvanlı sosial yardım kimi sistemlər aztəminatlı əhalinin o təbəqəsi üçün nəzərdə tutulur ki, onlar özündən asılı olmadan yoxsulluğa düçar olublar: \”Ya əmək qabiliyyətləri yoxdur, ya da əmək qabiliyyətlidir, iş tapa bilmir. Yəni, bu cür adamlar nəzərdə tutulur, o cümlədən də ərzaq talonları. Hazırda ərzaq talonları sistemi bizim klassik mənada başa düşdüyümüz ərzaq talonlarından fərqlidir. İndi əsasən daha çox Amerikada bu sistem tətbiq olunur. Amma Avropa ölkələrində də tətbiq edilir. Yəni, burda söhbət ondan gedir ki, aylıq talon verilir, talon deyəndə bank kartı verilir. Onun içərisində müəyyən məbləğ olur. Məsələn, 100 manat\”.

Bu məbləğ də istehlak səbəti əsasında hesablanır. \”Yaşayış minimumu haqqında\” Azərbaycan Respublikası Qanununa görə, həmin yaşayış minimumu istehlak səbəti əsasında hesablanır. \”İstehlak səbəti isə 585 məhsuldan ibarətdir. O da bölünür 3 yerə: ərzaq, qeyri-ərzaq və xidmət. Bu talon hissəsi məhz ərzağa aiddir. Orada elmi cəhətdən əsaslandırılmış normalar var. Bir insan bir ayda nə qədər ət, çörək və çörək məhsulu, meyvə və digər ərzaq məhsulları yeməlidir. Bunlar elmi cəhətdən əsaslandırılmış fizioloji minimumdur. İndi əgər kart veriləcəksə, məhz həmin fizioloji minimuma, istehlak səbətinə nəzərdə tutulmuş o ərzaq məhsullarına əsasən bir ayda onun qiyməti hesablanmalıdır ki, bir ayda bir insan nə qədər ərzaq məhsulu istehlak etməlidir və o orta bazar qiyməti ilə hesablanmalıdır və onun kartına köçürülməlidir. Yəni, talon sisteminin mexanizmi belə olmalıdır. Həmin məbləği alan da nağd şəkildə çıxarda bilməz\”.

Onun sözlərinə görə, bütün dünyada qəbul olunmuş bir sosial müdafiə tədbiri kimi bu, Azərbaycanda da tətbiq oluna bilər: \”Hesab edirəm ki, bu yenilik insanların həyatında müsbət nəticəsini göstərər\”.

Neçə ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir?

Azərbaycanda 105 497 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Sputnik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına istinadla xəbər verir ki, bu ilin yanvar ayında respublikamızda 105497 aztəminatlı ailə (453372 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Həmin ailələrin 29598-i və ya 28 faizi tərkibində üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı alan ailələrdə ailə üzvlərinin 216529 nəfəri (47,7 faiz) yaşı 18-dək olan şəxslərdir ki, onlardan sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin sayı 4824 nəfər təşkil edir. Qeyd olunan ailələrdə 5151 nəfər 1 yaşadək uşaq vardır ki, onların hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq aylıq sosial müavinət də ödənilir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli Fərmanına əsasən, ölkəmizdə digər sosial müavinətlər kimi, həmin müavinətin məbləği də cari il fevralın 1-dən 10 faiz artırılıb.

Yanvar ayında ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artaraq 152 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması üçün \”Elektron hökumət\” portalı üzərindən 20 dövlət qurumuna aid informasiya resurslarının inteqrasiyasını nəzərdə tutan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi yaradılıb. Ünvanlı dövlət sosial yardımlarının təyinatında məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına və şəffaflığın təminatına yönələn bu sistemin artıq ötən aydan etibarən pilot rayonlarda sınaq işlərinə başlanılıb.

İnterpress.az