“Bu milli işə hörmətsizlikdən başqa bir şey deyil”backend

“Bu milli işə hörmətsizlikdən başqa bir şey deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbir Brüsselin Husa otelində gerçəkləşib. Toplantıya yüzə yaxın insan qatılıb. Müzakirələrdən sonra DAK-ın idarə heyəti seçilib. Xaqani Qayıblı, Əhməd Obalı, Asif Qurbanlı, Ayhan Dəmirçi, Kamal Fatma, Əjdər Tağızadə, Nadir Holentbrat, İlhan Aşkın, Həbib İldırım, Siyavuş Yusifli yeni idarə heyətinin üzvləri seçiliblər. Sonra idarə heyətinin ilk toplantısı keçirilib və Asif Qurbanlı sədr elan olunub.

DAK adına keçirilən bu qurultayda diaspora məsələləri müzakirə edilib, habelə yeni layihələrin ortaya qoyulacağı vurğulanıb. Maraqlısı odur ki, bu toplantı zamanı DAK adına fəaliyyət göstərən digər qurumlara da mesaj göndərilib. Xatırladaq ki, DAK dünya səviyyəsində azərbaycanlıların toplaşdığı ən böyük diaspora qurumu hesab olunur. İndiyə qədər DAK bir neçə dəfə parçalanıb və tərəflər düşmən münasibətdə olublar. İndi Brüsseldə DAK adına qurultay keçirənlər bir zamanlar DAK-ın fəalları olublar. Bu sırada Əhməd Obalını, Əjdər Tağızadəni, Teymur Eminbəylinin adını qeyd etmək olar.

Qeyd edək ki, hazırda legitim DAK xalq şairi Sabir Rüstəmxanlının və Firudin Pərvizniyanın həmsədr olduğu təşkilat hesab olunur. GAMOH lideri Mahmudəli Çöhrəqanlı da bu qurumda təmsil olunur. İndi alternativ DAK yaratmaq projesinə start verən şəxslər də müxtəlif dövrlərdə bu DAK-da təmsil olunublar. Vaxtilə Əjdər Tağızadə məhz legitim DAK-ın daimi şurasının sədri olub. Lakin sonuncu qurultayda DAK rəhbərliyindən kənarda qalıb. Əhməd Obalı uzun illər DAK İdarə Heyətinin üzvü olub və hətta bir dəfə alternativ DAK yaratmaq işinə girişib. Sonradan ABŞ-da televiziya kanalı yaradaraq bu sferadakı fəaliyyətinə ara verib. Teymur Eminbəyli isə 2005-ci ilə qədər DAK mətbuat xidmətinin rəhbəri olub, sonradan Kanadaya köçüb və bu proseslərdən aralanıb. Lakin baş verən göstərir ki, adı çəkilən və çəkilməyən şəxslər yenidən bir araya gələrək alternativ DAK yaratdığını elan ediblər.

"Bu milli işə hörmətsizlikdən başqa bir şey deyil"

Artıq legitim DAK rəhbərliyi Brüsseldə təşkil edilən qurultayla bağlı mövqeyini açıqlayıb. DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniyan bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, beynəlxalq aləmdə az-çox tanınan bu təşkilatımızı gözdən salmaq cəhdləri davam edir: \”DAK-dan ilk ayrılmalar bizim DAK-a başçılıq etdiyimiz vaxtdan xeyli əvvəl, Haaqa qurultayından başlanıb. Təşkilata başçılıq etdiyimiz dövrdə nə qədər cəhd etsək də, özünü DDAK adlandırmış qrupu DAK sıralarına qaytara bilmədik. Bu birləşməyə ən çox mane olan və DAK-da pozuculuq işləri aparan adamlar İdarə Heyətindən və Daimi Şuradan uzaqlaşandan sonra indi gedib illər uzunu haqlarında yüz cür böhtan və yalan uydurduğu adamlarla yan-yana oturmağa çalışırlar. Əgər bu, ümumi işə xidmət etsə, vaxtilə bir-birini qəbul etməyən adamlar barışıb milli mücadələ yoluna gəlsələr, biz buna sevinərdik. Təəssüf ki, belə deyil, bu adamların DAK adlı qayğısı yoxdur. Bu, əsl komediyadır və DAK adına qara bir ləkədir. DAK həmsədrləri soydaşlarımızın bir araya gəlib yeni bir qrumda birləşməsinə qarşı olmadıqlarını, lakin bu yeni təşkilatın DAK adlanmasının yolverilməzliyini də diqqətə çatdırıblar: \”DAK var və fəaliyyətdədir. Millətimizə və milli hərəkatımıza sayğı göstərməliyik!\”. Bəyanatda bildirilib ki, DAK-ın sonuncu- XIII qurultayı 2015-ci ilin aprel ayında İstanbulda keçirilib və Türkiyə mətbuatında geniş işıqlandırılıb: \”O zaman biz DAK-dan ayrılmış bütün köhnə dostlarımıza müraciət edərək onları qurultaya çağırmışdıq. Onlardan bəziləri gəldi və təşkilatımız daha da gücləndi. Dəvətimizi qəbul edib gəlməyənlər aradan 10 ay keçəndən sonra bizə müraciət edib DAK adına yeni qurultaya dəvət edirlərsə, buna normal bir iş kimi baxmaq olmaz. Bu, milli işə hörmətsizlikdən başqa bir şey deyil. Bir daha təkrar edirik, biz sizin və başqa soydaşlarımızın yeni təşkilatlar qurmasına qarşı deyilik, lakin, lütfən, bunu ayrı bir ad altında yaradın, bir-birimizə mane olmayaq\”.

İnterpress.az