Kürdəmir sakininə məscidin qarşısında qanlı divan tutulubbackend

Kürdəmir sakininə məscidin qarşısında qanlı divan tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş prokuror Zakir Qaralovdan dönə-dönə xahiş edirəm, bu işin Kürdəmir Prokurorluğundan alınıb Bakı Prokurorluğunda araşdırılmasına göstəriş versin. Oğlumun qanını batırırlar”.

Bu sözləri “Yeni Müsavat”a müraciət edən Solmaz Salman qızı Piriyeva deyib. Onun sözlərinə görə, oğlu 1974-cü il təvəllüdlü Qılman Qanur oğlu Piriyevin qanını batırmaq istəyirlər:
“Martın 30-da Kürdəmir rayonu, Sığırlı kəndindəki məscidin qarşısında oğlum Qılmanı qonşumuz Asif Fərəcov və qohumları – qayınatası Kərim Kərəmov, dayıları Müslüm və Elbrus Kərəmovlar döyüblər. Oğlum həmin gün məscidə namaz qılmağa gedib. Onu məsciddən çölə Asif Fərəcov çağırıb. Qılman çölə çıxandan sonra Asif qollarını, qayınatası Kərim isə ayaqlarını tutub. Dayısı Elbrus oğlumun başından montirovka ilə vurub. Qılman yerə yıxılıb. Bundan sonra əllərində olan montirovka ilə oğlumun bədəninə çoxsaylı zərbələr endiriblər. Onun dayısı yerə yıxılmış oğlumun başına 20-yə yaxın zərbə vurmağa çalışıb. Lakin oğlum yerə yıxılandan sonra başı səkinin kənarına düşdüyündən zərbələrin çoxu səkinin kənarına dəyib. Betondan olan səki kənarı dəlik-dəlikdir. Əgər oğlum səki kənarına yıxılmasaydı, başına endirilən zərbələr səki kənarına dəyməzdi. Oğlumu ölümdən Allah saxlayıb”.

Solmaz Piriyeva deyir ki, oğlunun döyülməsi anı ərazidə quraşdırılmış videokameraya düşüb: “Asif və dayıları oğlumu döyəndən sonra ölmüş bilib ora gəldikləri ”Ford\” markalı maşına minib gediblər. Oğlumun döyülmə anı həmin kameraya düşüb. Biz videonu diskə yazıb Kürdəmir hüquq-mühafizə orqanlarına vermişik. Amma baxan yoxdur\”.

S.Piriyevanın sözlərinə görə, Asif Fərəcovun oğlunu bu şəkildə döydürməsinə səbəb ola biləcək cəmi 1 hadisə baş verib: “Asif Fərəcov hasar qonşumuzdur. Bu hadisədən əvvəl oğlum ona aramızdakı hasarın bir qədər hündür tikilməsi üçün müraciət eləmişdi. Asifə demişdi ki, bizim hasarı qaldırmağa imkanımız yoxdur, imkan varsa, hasarı qaldır. Oğlum hasarın qaldırılmasını o baxımdan Asifə demişdi ki, onun maddi imkanları yaxşıdır. Bakı-Ceyhan neft kəmərinin çəkilişi zamanı onların torpaq sahələri borunun keçdiyi əraziyə düşürdü, 80 min manat kompensasiya almışdılar. Oğlum Asifə deyəndən sonra o, ”qaldırmıram, əcəb eləyirəm\” deyib. Oğlum namaz qılan olduğunu, azyaşlı övladlarının olduğunu deməklə onların həyətinə gəlib gedənlərin çoxluğunu işarə etmişdi. Bu isə Asifin xoşuna gəlməyib. Bu söhbət 2 ay əvvəl olub. Bütün kənd danışır ki, Asif oğlumu buna görə öldürmək istəyib. Bu adamların pulu çoxdur deyə mənim aman-zaman bir oğlumu elə döyüblər ki, ölsün. Allah üzümə baxıb, oğlum sağ qalıb\”.

S.Piriyeva deyir ki, oğlu hadisə yerindən Kürdəmir rayon xəstəxanasına aparılıb: “20 gün xəstəxanada qaldı. Ona baxan olmadı. Oğlumun gözlərindən qan gəlirdi, əlləri, ayaqları sındırılıb. Kəllə sümüyündə sınıq var. Hər iki əlində 4-5 yerdə, ayaqlarında 4-5 yerdə sınıqlar var. Həkimlər ona baxmadılar. Mənim maddi imkanım olmadı deyə oğlumu xəstəxanadan çıxarıb evə gətirmişik. Mart ayından bu günə qədər oğlumun qızdırması düşmür. Qolundakı yara irinləyib. Mən hüquq-mühafizə orqanları rəhbərlərindən dönə-dönə xahiş edirəm, bu məsələni araşdırsınlar. Oğlumun ölümünə döyülməsi ilə bağlı Cinayət Məcəlləsinin 127-ci – yüngül xəsarət yetirmə ilə cinayət işi başlayıblar. İşə ancaq Elbrus Kərəmovu cəlb ediblər. O da videonun ortalıqda olduğunu biləndən sonra bunu ediblər. Guya Elbrus özü gedib təslim olub”.

S.Piriyeva deyir ki, bu, Elbrus Kərimovun ilk cinayəti deyil: “Həmin Elbrus Kərimov 9 ay əvvəl öz qohumunun yanacaqdoldurma məntəqəsində operator işləyən Rafat Nizam oğlu Süleymanovu da montirovka ilə başından vurdu. Həmin uşaq ağır kəllə-beyin travması ilə 1 ay Bakıda xəstəxanada yatdı. Elbrusa 127-ci maddə ilə iş başlayıb şərti cəza ilə buraxdılar. Ona görə də bu adamlar daha ağır cinayət etdilər. Düşünürlər ki, pul verib oğlumun qanını batıracaqlar. Mən həmin videonu redaksiyanıza da təqdim edirəm. Özünüz də baxın, bu adamların əməli yüngül dərəcəli xəsarətdir, yoxsa adam öldürməkdir?”

S.Piriyeva deyir ki, ölkə rəhbərliyinə də müraciət etməyə hazırlaşır: “Qoy ölkə rəhbərliyi bilsin ki, Sığırlı kəndində qolçomaqlıq dövrüdür, Kürdəmirdə isə bəylik-xanlıq qurulub. Kimi istəyirlər günün-günorta çağı döyüb öldürürlər, baxan da yoxdur”.(musavat)

İnterpress.az