Rusiyalı iki uşaq anası Tailandda komaya düşüb.
İnterpress.az xəbər verir ki, hadisə Tailandın Phuket adasında baş verib.
Məlumata görə, Moskvadan olan Tansulpan M. kurortda havanın temperaturunun 33–35 dərəcəyə yüksəlməsindən sonra qəfil özünü pis hiss edib.
Qadın xəstəxanaya çatdırılıb və ona mikroinsult diaqnozu qoyulub.
Bildirilir ki, qadının tibbi sığortası olmayıb və vəziyyətinə görə təcili beyin əməliyyatına ehtiyac yaranıb.
Əməliyyatın ilkin olaraq təxminən 5 milyon rubla (təxm. 103 min man) başa gələcəyi bildirilib.
Rusiyanın Phuketdəki Baş Konsulluğunun köməyi ilə xəstəxanaya 700 min rubl (təxm. 14 min man) depozit ödənilib. Lakin əməliyyat zamanı neyrocərrahlar xəstədə daha mürəkkəb patologiya aşkarlayıblar.
Nəticədə müalicənin ümumi xərclərinin 10–30 milyon rubl (təxm. 206–620 min man) arasında ola biləcəyi bildirilib.
Tailand həkimləri qadının Rusiyaya aparılmasına hələlik icazə verməyiblər. Bildirilir ki, Rusiyada əməliyyatın pulsuz həyata keçirilməsi mümkün ola bilər.
Tansulpanın 6 və 12 yaşlı iki övladı isə hazırda onun keçmiş həyat yoldaşının yanındadır.
Qadının müalicə xərclərini qarşılamaq üçün könüllülər tərəfindən yardım kampaniyası başladılıb.
Məlumata görə, indiyədək təxminən 2 milyon rubl (təxm. 41 min man) vəsait toplanıb.

Xuraman Etibarlı
İnterpress.az






