Nijnekamskdə PUA hücumu nəticəsində otuz hündürmərtəbəli yaşayış binasına ziyan dəyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə PUA hücumu nəticəsində 13 nəfər ölüb, 75 nəfər tibbi yardım üçün müraciət edib.
Məlumata görə, hücum nəticəsində şəhərdə 30 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Zərərçəkən binaların bir hissəsinin Şkolnı bulvarında yerləşdiyi bildirilir.
Rusiya tərəfinin açıqlamasına əsasən, hava hücumundan müdafiə qüvvələri 12 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.
Hücumun Ukraynaya məxsus PUA-larla həyata keçirildiyi iddia olunur. Bu məlumat Ukrayna tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.
Zərərçəkənlər arasında Özbəkistan və Tacikistan vətəndaşlarının da olduğu bildirilib.
Hücumdan sonra Tatarıstanda matəm elan edilib.
Nijnekamsk şəhərinin günü ilə bağlı planlaşdırılan tədbirlər təxirə salınıb, həmçinin xalq artisti Salavat Fətxetdinovun avqust konsertinin keçirilməyəcəyi açıqlanıb.
Xuraman Etibarlı
İnterpress.az






