Lisenziyası ləğv edilən “Bank of Azerbaijan” ASC-nin baş ofisində bankın sahibi, iş adamı Hafiz Məmmədovla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov arasında mübahisə olması və tərəflər arasında vəziyyətin gərginləşməsi haqda xəbərlər yayılıb.
Bildirilir ki, Vaqif Əsədov “Hafka” ləqəbli iş adamının bankına qoyduğu əmanətini uzun müddətdir ki, geri ala bilmir. Bir neçə dəfə bankın yolunu tutan və iş adamı ilə görüşən V.Əsədov məsələnin həllinə nail ola bilməyib. Sonuncu görüş isə digərlərinə nisbətən gərgin keçib. V.Əsədov get-gələ salınmasına etiraz edərək pulunun geri qaytarılmasını tələb edib.
V.Əsədov musavat.com-a açıqlamasında yazılanlara münasibət bildirərkən bu cür hadisənin baş vermədiyini və həmçinin Hafiz Məmmədov adlı iş adamını tanısa da onunla heç vaxt görüşmədiyini deyir. Yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyən V.Əsədov hər hansı bir banka qoyacaq qədər əlavə pulunun olmadığını da əlavə edir.
Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat öyrənmək üçün bankın Həsən Əliyev 24 ünvanında yerləşən baş ofisinə yollanıq. Baş ofisin qapıları müştərilərə deyil, ancaq işçilərə açıq idi. 4 mərtəbəli binanın bir hissəsi ofis kimi istifadə olunur. Binanın avtomobil saxlamaq üçün nəzərdə tutulan hissəsi də bağlı idi.
Əvvəlcə yaxınlıqdakı taksi sürücüləri ilə söhbət edib yuxarıda qeyd etdiyimiz hadisəyə şahidlik edib-etmədiklərini öyrənməyə çalışdıq. Taksi sürücüləri V.Əsədovu bankın baş ofisinə gələn görsələr də, hadisə ilə bağlı əlavə məlumatları olmadıqlarını dedilər. Onlar V.Əsədov və iş adamı arasındakı pul qalmaqalı ilə bağlı mətbuatda yazılanları bizdən maraqla dinlədilər.
Bankdan baş verənlərlə bağlı rəsmi məlumat öyrənə bilmədik. Kənar şəxslərin girişi qadağan olan binaya nəzarət edən şəxs də bu məsələdən xəbərsiz olduğunu dedi.
Qeyd edək ki, bankda əmanəti olan xeyli sayda insan var. Onlar da V.Əsədov kimi öz əmanətlərinin geri qaytarılmasını tələb edirlər. Lakin bankın qarşısında gözlədiyimiz müddət ərzində əmanətçi görə bilmədik. Mühafizə xidmətinin əməkdaşı bildirdi ki, müştərilər nadir hallarda, əsasən də həftənin ilk iş günü banka gəlirlər. Rəsmi şəxslərdən məlumat öyrənə bilməsək də nəzarətçi bəzi müştərilərin əmanətlərini geri ala bildiyini də söylədi. Həmin müştərilər isə banka az əmanət qoyanlar olub.
V.Əsədov iş adamının bankına əmanət qoymadığını desə də musavat.com-a DYP rəsmisinin bankda batan əmanətinin nə qədər olması ilə bağlı məlumat daxil olub. Məlumata görə, V.Əsədov 500 min manatdan çox əmanətini “Bank of Azerbaijan”a yatırıb. Lakin indi əmanətini geri ala bilmir.
Xatırladaq ki, bankın lisenziyası bu ilin əvvəlində ləğv edilib. Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 18.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib. Mərkəzi Bank “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişini həyata keçirəcəyi haqda da məlumat yaymışdı.(yeni musavat)
İnterpress.az