Bu barədə Rusiya baş prokurorluğu xəbər verib.
Azərbaycanlılardan ibarət dəstənin üzvləri silsilə cinayətlərdə ittiham olunublar. Dəstənin lideri Azad Məmmədov və onun sağ əli olan Cəfər Mirzoyev ömürlük azadlıqdan məhrum edilib.
Rusiya baş prokurorluğunun verdiyi məlumata görə, dəstə üzvləri 20 dələduzluq və beş qətl epizodunda günahkar tanınıb. Onlar həmçinin sənədlərin saxtalaşdırılması, oğurluq və soyğunda ittiham olunublar.
Dəstə tənha yaşlı insanları taparaq cinayət yolu ilə onların evlərini ələ keçirirmiş. \”Qara rieltor\”ların hesabında 22-dən çox zərər çəkmiş var. Dəstədən əsasən Vladimir, Sudoqod, Yaroslavlda yaşayanlar zərər görüb. Qanunsuz sazişlərdən cinayətkarlar 40 milyon rubldan çox gəlir əldə edib.
Dəstənin başçısı 45 yaşlı azərbaycanlı Azad Məmmədov olub. Məmmədovun dostlardan və qohumlardan ibarət olan qruplaşmasının on dörd üzvü olub. Qruplaşma əsasən mənzil fırıldaqlarıyla məşğul olub.
Bu planını Məmmədov həbsxanada olarkən fikirləşib. Məmmədov narkotiklərin satışına görə tutulub və 2007-ci ildə azadlığa çıxıb. Məmmədov həbsxanadan sonra Azərbaycana qayıtmayaraq Vladimirdə yaşamağa davam edib.
Vladimir vilayət məhkəməsi mayın 17-də dəstə barədə hökmünü çıxarıb. Məmmədov və Mirzoyev ömürlük həbslərini xüsusi rejimli koloniyada çəkəcəklər.
Qruplaşmanın qalan üzvləri hər kəs rolundan asılı olaraq müxtəlif müddətli həbs alıb – 4,5-dan 17 ilə qədər. Ölümü ilə əlaqədar olaraq quldurlardan biri cəzadan azad olunub. Dəstənin xüsusi təhlükəli olmasıyla əlaqədar məhkəmə qapalı rejimdə aparılıb. ( anspress.com )
İnterpress.az