Nihat Bəhram: \”Biz yaşlanırız, dağlar yaşlanır, amma böyük şairlər əsla yaşlanmazlar\” – yazmışdı… O, böyük şairlərin niyə yaşlanmadığını da açıqlamışdı: \”Böyük şairlər yanar dağdırlar və püskürdükləri vulkanlar atəş olaraq yerlərə saçılsa da bir zaman sonra gül tumurcuqları olaraq geri gəlirlər\”.
Sabir Rüstəmxanlını 1990-cı ilin ən qanlı-puslu günlərində tanıdım. İnsanların çoxu susmuşdu, çoxu qorxmuşdu, çoxu küsmüşdü, o, danışırdı! Hər kəs ölümünə qaramsardı, bitkindi, o, bir bozqurd kimi diri və ümidliydi… Hər kəs qələmini diqqətli, o isə qələmini sanki yırtıcının köksünə saplanmış bir mizraq kimi işlədirdi. Onun yanar dağ səsi, onun lava püskürüb gül tumurcuğu gətirən şeirləri 1990-cı ilin qaranlıq günlərində hilalın önündəki beş guşəli parlaq ulduz kimiydi.
Onunla həm Azərbaycanda, həm də Avropada uzun yolçuluqlara çıxdıq… Azərbaycanın dağlarını, dərələrini, göllərini onun gözləriylə tanıdım. Gəncəyə doğru gedərkən ürəyimdə toplanmış babamın da yetmiş illik həsrətiylə bir uşaq kimi ağladım və o, səssizcə hıçqırıqlarımı dinlədi. Avropanın soyuq, amma sakit və düzgün yollarını onunla birlikdə aşdıq. Qürbətin içində dərdləriylə boğuşan türklərin vətən sevgilərini, Azərbaycana duyduqları həsrətin türkülərini bərabər dinlədik. Yollarda bərabər türkülər söylədik, vətənimizlə bağlı ümidlər səsləndirdik. Bəzən hüzünləndik, bəzən güldük…
O, Almaniyaya ilk gəldiyində 46 yaşındaymış… Qapqara, qıvırcıq və uzun saçlı gəncəcik bir adam… İndi bu sətirləri yazarkən o vaxt çəkdirdiyimiz şəkillərə baxıram. Birisində geniş bir türk şalvarı geyinib, şeir oxuyur. O, harada şeir oxumadı ki? Berlində kommunist türklərin divarlara yapışdırdığı Stalin şəkillərinin olduğu salonlarda “Sağ ol, Ana dilim\” kitabından oxuduğu şeirlər necə də həyəcanlandırmışdı hər kəsi!
1990-cı ildə Almaniyaya gəldiyində mənə nələr gətirməmişdi ki… Kitablar, balıq kürüsü, içkilər… Bir karton dolusu içki mənim kiçik iş otağımda günlərcə durmuşdu. İçində kitab var sanırdım. Sən demə, çeşid-çeşid içkilərmiş. Mənim içki içmədiyimi öyrənincə bir şey söyləməmiş, tam iki həftə \”içki orucu\” tutmuşdu. O, günlərin birində artıq dayanammadı və mənə dönüb: \”Soyuq pivə sifariş edərsənmi?\” – deyə rica etdi. Alman ofisianta bir alkoqolsuz pivə gətirməsini söylədim. Ofisiant pivəni gətirdi. Sabir bəy pivəni içdikdən sonra: \”Pivə çox gözəl, sərindi, amma bunun dadı yoxdur ki…\” – dedi. Bu xatirəni hər yada saldığımızda çox gülürük.
Söhbətlərimizdə hər zaman vətən vardı. Hey dilimiz, mədəniyyətimiz, insanlarımız üzərinə söhbət edirdik. O, getdiyi Tanrı dağlarından, Ötükən ovasından bəhs edərkən içimi qısqanclıq hissləri doldururdu. Orhun çayında necə üzdüyündən danışanda xəyalımda mən də onunla birlikdə o çayda üzərdim. Yardımlının yaylalarında böyüyən bu şairin ruhunda Altayların rüzgarı vardı. O rüzgardı onu coşduran və bu qədər cəsur edən…
Tanış olduğumuz 1990-dan 1992-yə qədər ikimizin də ruhunda hey savaş vardı. İçimizlə savaş, düşmənlə savaş və çətinliklərlə savaş… O, Azərbaycanı kəndbəkənd, şəhərbəşəhər gəzərkən, mən də Avropanın hər şəhərində qurduğumuz Azərbaycan Türkləri Federasiyası üçün yollara düşür, mitinqlər düzənləyir, almanca, fransızca, ingiliscə bildirilərlə Azərbaycanın mesajlarını dünyaya çatdırmağa çalışırdım. O günləri xatırladıqca enerjimizə, dirənişimizə hələ də heyrət edirəm. Çünki hələ tələbə idim və böyük bir gəlirim də yox idi. Amma Sabir bəy kimi cəsur və ümidli insanlarla imkansızlıqları bacarmağa and içmişdik və bacarırdıq da. Frankfurt, Köln, Berlin, Den Haag, Paris, Vyana, Stuttgart, Nürnberg kimi Avropanın ən böyük və tanınmış şəhərlərində Azərbaycan dərnəkləri qurmuşduq və minlərcə könüllü insan hər çağırışımızda yanımıza qaçır, mitinqlərimizə qatılırdı.
O çətinliklər, o qaçhaqaçlar, o əməklər boşa getmədi. İki il sonra ikimizin də röyaları gerçək oldu və onun Türk və Altayların gülü, çiçəyi qoxan şeirləri ilə Azərbaycanın igid övladlarının cəsarəti birləşdi və Azərbaycan müstəqilliyini qanıyla qazandı. O istiqlalın isbatı bəyannamənin altında da Sabirin qələminin izi vardı.
Parisdə 1789-cu il Fransız Çevrilişi üçün bir güllə atanın belə, bir yerlərdə ismi və ya heykəli vardır. Amma qələmiylə, şeiriylə, cəsarətiylə Azərbaycanın müstəqilliyinə imza atan Sabir Rüstəmxanlının Azərbaycanda bir heykəli yoxdur. Amma onun heykəli Asiyanın ən uzaq və soyuq guşəsindən Avropanın ən soyuq bölgəsinə qədər bütün türklərin ürəyində vardır.
Sabir Rüstəmxanlı 70 yaşında!
Kültigin, Kürşad, Orhun irmağı, xəbəriniz olsun! Şair hələ də dəliqanlı çağındadır.
Kutlu olsun 70-i!
İnterpress.az