Sizinlə çalışmaq bir onurdur ustadımbackend

Sizinlə çalışmaq bir onurdur ustadım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millətini Əbədi sevda`ya, Azadlığa çağıran şair.

1988-ci ildə Noyabr mitinqlərində Bakı Dövlət Universitetinin tələbələri ilə birlikdə Azadlıq Meydanına gedərkən, O, Tribunada dayanıb bizi Əbədi sevda` ya Azadlığa çağırırdı. O, Millətinin vicdanına, qan yaddaşına, Tarix şüuruna müraciət edirdi. Bir milyon insan Meydanda onun çagırışlarına səs verməkdə idi. Bir milyon insanın içində mən də onun Azadlıq çağırışlarını dinləyirdim. Söylədiyi sözlər qəlbimə “Əbədi sevda” toxumları səpirdi … taleyimi cızır, ömür yolumu bəlirləyirdi… Meydan dagılana qədər onu dinlədim, sözləri, əbədi sevda`sı qəlbimə yazıldı və bu gün də hələ, o əbədi sevda məni arxasınca aparmaqdadır … Sonra Meydan partiyalara, təşkilatlara bölündü və mən AXC sıralarında fəaliyyətimi davam etdirdim, məni meydanlara çagıran Sabir Rüstəmxanlı isə öz partiyasını VHP-ni yaratdı . Sonra illər boyu “Meydanda məni Azadlığa səsləyən çılğın şair” kimi yaddaşıma həkk olunmuş siyasətçi Sabir Rüstəmxanlıya firqə, partiya maraqları çərçivəsində baxdım, ara-sıra toplantılarda rastlaşıb, görüşdük, çox zaman da toplantılarda sözümüz üst-üstə düşmədi, fikir çatışması yaşadıq… İllər keçdi, biz də yaşlandıqca, təcrübəmiz ardıqca, baxışlarımız dəyişməyə başladı və mən siyasi proseslərə, şəxsiyyətlərə, həmçinin Sabir Rüstəmxanlıya firqə maraqları çərçivəsindən yox, Millət və Dövlət maraqları çərçivəsindən baxmağa başladım. Əlbəttə bu illərdə mən onu daim izlədim, müşahidə etdim. Meydanda Azadlıq carçısı, çılğın şair və inqilabçı olan Sabir Rüstəmxnlı illər sonra sözləri, çıxışları ölçülü- biçili dövlət adamı olan Sabir Rüstəmxanlıya çevrilmişdi. Və hər iki Sabir Rüstəmxanlı XX-XXI əsr Azərbaycanın ədəbi, siyasi və fikir tarixinin bir parçası və yaradıcısı kimi, mənə doğmadır, əzizdir.

Sizinlə çalışmaq bir onurdur ustadım

Dostlarım ən böyük sərvətimdir.

1988-ci ildən bu günə qədər davam edən bu mübarizə meydanında qazandığım ən böyük sərvətim dostlarımdır. ideya , məfkurə dostları ,Yol dostları, Ruh dostları. .. Kimlər yoxdur onların sırasında. ..Əbülfəz Elçibəy, Arif Rəhimoğlu, Əli Şamil, Nəsib Nəsibli, Firudun Agasıoğlu, Ramiz Əsgər,Yadigar Türkel, Xaliq Bahadır, Şövkət xanım Tagıyeva, Elməddin Əlibəyzadə, Ağayar Şükürov, Sabir Rüstəmxanlı, İsa Qəmbər, Əkrəm Bije, Böyük Rəsuloğlu, Hikmət Alp, Mübariz Süleymanlı, Valeh Mirzəyev, Əli Məsimov, Xəlyəddin Xəlilli… Onların hər birinin öz yolu, öz baxışı olsa belə ümumi xüsusiyyətləri vardır. Azərbaycanın və Türk Millətinin Yüksəlişi uğrunda yorulmadan çalışmaq, yanmaq..! Bu dostlarımın bəziləri ilə çox, bəziləri ilə az ünsiyyətim olub . Amma onların əksəriyyəti ilə günlərlə, aylarla, illərlə, bölünmüş Turanın, Türk Millətinin, bölünmüş Azərbaycanın problemlərini müzakirə etmişik, birgə çalışmışıq, birgə təşkilatlar qurmuşuq, fəaliyyət göstərmişik… Və dostlarımın əksəriyyəti ilə çox ciddi savaşlarım olub, strateji düşüncə, amac , ideya barəsində ,yol barəsində yox, taktika və cığırlar barəsində fikir ayrılıqlarına görə, öz görüşlərim olduğuna görə, öz dəst xəttimi yeritdiyimə, geri çəkilmədiyimə görə. (Haqlı olduğumu bildikdə əsla geri çəkilmərəm, bütün dünya mənə qarşı dursa belə,Tək qalsam belə. Və tək qalmagın əzabını yaşadıgım zaman dostlarımın mənə dönüb sən bu məsələdə haqlıydın etirafını edərkən təkrar Yola davam etmək mübarizənin bir başqa gözəlliyi, özəlliyidir).

Adlarını sadaladığım dostlarımın bir çoxu həm də müəllimlərimdir,Türk Millətinin yüksəlişi ugrunda mücadilədə örnək olan müəllimlərim və onlar, heç vaxt mənə güzəşt etməyiblər, ən amansız tənqidçilərim olublar və hər zaman nöqsanlarımı düpbədüz gözümün içinə söyləməkdədirlər.( Ən böyük və nəzakətli tənqidçilərim Nəsib Nəsibli və Sabir Rüstəmxanlıdır) Məlum, nöqsanlarımız hələ də çox…, çoxdur…( dostlarımın qıp-qırmızı tənqidləri bizi islah etməkdə, cilalamaqdadır) Təkcə Əbülfəz Elçibəy bir neçə dəfə qayğıyla, nigarançılıqla soruşmuşdu: “xanım bu yolda ağır başlı kişilər dözmür, sən necə dözəcəksən?”. Mən də gənclikdən gələn naşılıqla gülərək deyirdim ki, “Bəy, xarakterimi tanıyıram, dözəcəm”. İllər keçəcək, zaman bizi sınaqlardan keçirəcək və mən kəşf etdim ki, hər şeyə dözə bilirmişəm, amma mübarizə zamanı fikir müxtəlifliyi yarandığı məqamlarda, yollar ayrıldığı zamanlarda dostlarımı itirmək məni yıxarmış… Dostların qəflətən dəyişməsi, əks cəbhəyə keçməsi dözülməzmiş …Və heç bir zaman itirmək istəmədiyim, sevdiyim, heyran olduğum və əlbəttə qorumağa çalışdığım bir dostum, müəllimim var. O, Sabir Rüstəmxanlıdır.

Böyük əməllərdən, bilgəlikdən nurlanmış siması ilə bir ata misalı, mənəvi rəhbər, qurucu, yaradıcı bir tərəqqipərvər, ağarmış saçları ilə başı qarlı bir dağ misalı, yüzlərlə insanların , gənc yazarların, jurnalistlərin, alimlərin, mənim, millətimin söykənə biləcəyi bir dağ .
Sadə, duyğusal, mütəvazi, mehriban, gülərüz, anlayışlı (bu halı ilə Firudun hocamla bir-birinə çox bənzəməkdə), dərd bölüşən yaxşı dost… Onun dostluq keyfiyyətlərini, yaxşı dost olduğunu isə yazıçı Afaq Məsud çox gözəl təsvir etmişdir. “ Qohumları bizə Allah göndərir, dostları isə özümüz seçirik” deyirlər. Amma məncə dostlarıda Allah göndərir. Könül və əqidə birliyinə görə, duyğudaşlıq və dünya görüşünə görə…Ən çətin və içindən çıxılmaz bir anda yardıma ehtiyacı olanların yardımına çatmaq bacarığı, ortaya çıxan problemləri imkansız hallarda belə dəf etmə məharəti, insan və dost sevgisini əl çatmaz ucalıqlarda tutma qüdrəti…İnsana əbədi ucalıqlar qazandıran bu ünvana sahib olmanın yolu isə daha çətin və qarmaşıqdır. İlk öncə əngin bir könül, kamillik, böyük və qarşılıqsız insan sevgisi, sonsuz səbr və sadəlik, təmizlik istəyən bu yolun sonuna qədər yürümək, hər insana nəsib olmur…Peyğəmbərlik və şairlik kimi, yazarlıq və rəssamlıq kimi, bunun da bir Allah vergisi olduğunu düşünürəm”. Dostluq iki insanın İdeya və könül birliyi ilə Allah qatında bir bağlanışıdır. Eyni YOL getməsidir məncə…Bu dünyada ən böyük sərvətim sizinlə dostluğumdur Ustadım…

Ən böyük fikir, taktika haqqında savaşlarım ruhən ən çox bağlı olduğum məfkurə dostlarımla Arif Rəhimoğlu, Əbülfəz Elçibəy, Firudun Ağasıoğlu ilə və elmi rəhbərim Ağayar Şükürovla olub. (Sonralar, dissertasiya yazarkən, Azərbaycanı dərindən öyrəndikcə, daim Əbülfəz Elçibəyi düşünürdüm, Onun yoxluğundan yaranmış boşluğu bütün varlığımla hiss edirdim. Göz yaşları tökürdüm. O, XX əsr Azərbaycanının ən böyük lideri idi. Onun böyüklüyü, Rus-Fars imperiyalarının kimliksizləşdirdiyi, soyqırıma uğratdığı, Tarix şüuru olmayan bir toplumla yola çıxıb İstiqlal qazanması idi. Rus imperiyasını yıxmaq, Rus ordularını Azərbaycandan qovmaq, Millət qurmaq, Dövlət qurmaq. O bunu başarmışdı. Fikrimcə, Türk Millətinin dahilərindən biri olan Atatürkün başarıları təkcə onun şəxsi xarakterindən, liderlik keyfiyyətlərindən qaynaqlanmırdı. Atatürk, Bizansı çökdürən,Vyana qapılarında dayanan, Çanakqalada zəfər qazanan fateh bir ordunun komutanıydı, üç qitəyə hökm edərək imperatorluq quran bir millətlə dövlət qurmağı başarmışdı. Bir daha altını çizirəm. Elçibəy isə, başarılarını bizimlə- Rus imperiyasının soyqırım və etnik təmizləmə siyasətini ən amansız şəkildə yaşayıb qurbanlar vermiş, İmperiya qorxusunu hələ də iliklərində hiss edən, ruhunda yaşadan, Rus-fars ideoloqlarının konsepsiyası əsasında çarpdırılmış bir tarix anlayışına malik olan, əslində isə siyasi və tarixi şüuru olmayan bir toplumla- qazanmışdı və belə bir toplumla BÖYÜK TARİX yaradarkən onun insan kimi hansı sarsıntılara məruz qaldığını, onu çox vaxt anlamayan bizlərə necə səbrlə yanaşdığını, dərdini içinə saldığını bütün qəlbimlə duymuşdum… Əbülfəz Elçibəylə, Sabir Rüstəmxanlını bir- birinə oxşadan bir cəhət var məncə. Hər ikisi, böyük türk tarixindən qoparılmış və sındırılmış bir toplumu millətə çevirmək məqsədilə SEVGİNİ və TÜRK QÜRURUNU millətə aşılamağı yol kimi seçmişdilər. Sabir Rüstəmxanlı Meydan Hərəkatından öncə, “Azərbaycanın elmi, mədəniyyəti və tarixi sahəsində indiyə qədər yazılmış nadir şah əsərlərdən biri olan “Ömür kitabı”nı (Əkrəm Cəfər) yazaraq xalqın meydana çıxması üçün TARİXDƏN – MEYDANA uzun bir YOL çəkmişdi. Sabir Rüstəmxanlı 60-cı illərdən etibarən, “İpi boğazına keçirib kəfənə bürünərək ən sərt yazılarla, …millətini kökünə dönməyə çağırır”dı.(Məmməd Aslan) . S.Rüstəmxnlı əsərləri ilə öncə millətin tarixi hafizəsini, Vətən şüurunu bərpa etdi, sonra həmin Xalqı meydana çağıraraq MEYDAN HƏRƏKATINA liderlik etdi. Əbülfəz Elçibəy 60-cı illərdən gizli təşkilatlar quraraq, Meydana qədər xalqı təşkilatlandırdı. Və biz, Meydana AZƏRBAYCAN XALQI kimi girdik- TÜRK MİLLƏTİ kimi çıxdıq). Uzun illər, Elmlər Akademiyasında Türk Tarixi ilə bağlı müzakirələr, mübahisələr etdiyim bir başqa ustadım, dostum Elməddin Əlibəyzadə (Hər dəfə işə gedərkən onunla görüşüb, günün, tarixin yorumunu yapmadan keçə bilməzdim… məni görəndə necə sevindiyini, güldüyünü xatırlayıram… Alışmadım yoxluğuna…) onun fəaliyyətini belə xarakterizə edir. “Millətin tarixini bilmədən, onun mənəvi dünyasına dərinləməsinə nüfuz etmədən, milləti sevmək və millətə ürəkdən xidmət etmək mümkün deyil. Sabir Rüstəmxanlı milli keyfiyyətlərə sahib yaxşı bir ziyalıdır, kamil bir insandır”.

Sabir Rüstəmxanlı və İsa Qəmbərlə də toplantılarda sözləşmişik, fikirlərimiz çox, çox haçalanıb. (Bu savaşlar zamanı Türk bəylərinin mənə qarşı sərgilədiyi səbr, dözüm və ləyaqət də mücadilə həyatımızın bir gözəlliyidir) . Bu gün bu “savaşlarım” (həm də birgə fəaliyyətim) ən çox, Yol dostum Sabir Rüstəmxanlı ilə davam etməkdədir. Ancaq bu “savaşlar” bizi ayırmır, daha çox ruh, ideya dostlarına çevirir. Hər görüşümüzdə 200 ildir üst-üstə qalaqlanmış bütün milli problemləri bir-bir sadalayıram və onu etmədin, bunu etmədin, o belə olmalıydı, bu belə olmalıydı deyə onu tənqid atəşinə tuturam, “səhv axtarıram”, sözlərim, tənqidlərim bəzən (hətta çox vaxt) qırıcı olur, (Firudun Ağasıoğlu və Sabir Rüstəmxanlı tənqid edərkən qırıcı sözlər işlətməz, könül qırmazlar) O heç tavrını belə pozmadan səbrlə, diqqətlə dinləyir, sonara mənə uzun bir tarixi izah etməyə çalışır, mən qane olmuram…(Və hərdən özümü danlayıram. Bölünmüş, sındırılmış, kimliyi əlindən alınmış, sosial-iqtisadi problemlərin girovunda çabalayan bir millətin bütün problemlərinin həllini onun boynuna yükləməyə, ondan tələb etməyə nə haqqım var…Axı indi dövlət, Hökümət var…).

Sabir Rüstəmxanlı Millətdir.

Hələ bu harasıdır ki… …sürəkli telefonu zəng çalır və müxtəlif insanlar ondan hansısa problemi həll etməsini istəyir və o da hər iş günü bu problemlərlə ugraşır. Şairi, yazıçını məişət, təhsil , məhkəmə, işə düzəltmək, tapşırmaq, kitab müzakirəsi keçirmək, kiminsə kitabının çapına yardım etmək, kiminsə xəstəsinə maddi kömək etmək və s.və s. kimi problemlərlə yükləmək… (Onunla birgə çalışdıgım zaman Diqqətimi cəlb edən bir xüsusiyyətini də yazmaya bilmərəm. O, ətrafındakı hər bir insanı sevir, dəyərləndirir, qoruyur və qayğısına qalır. Bu gün sosial-iqtisadi, hüquqi ədalətsizlikdən, məmur özbaşınalığından əziyyət çəkən hər bir Azərbaycan vətəndaşının ən çox bu qayğıya ehtiyacı var. O, son iyirmi ildə, qorxudulmuş, sındırılmış bir toplumu böyük səbrlə, sevgi ilə Millətə çevirməklə uğraşır)… O Millətinin vəkilidir, onun sorunlarını həll etməlidir. .. O, bir ömür boyu millətinin problemlərini həll etməklə ugraşmışdır. .. Millətindən qaçan, gizlənən “millət vəkiləri” çox olduğu bir vaxtda, yaxşı ki, Millətin döyə biləcəyi bir qapı var, Millətinin dərdi ilə bütünləşən örnək göstərilə biləcək bir millət fədaisi var. Heyrətamizdir, O, təmənnasızca, tək canı ilə, bir nazirliyin görməli olduğu işləri görür. Böyük insan selinin qulluğunda dayanmaqla … onları çəkib gələcəyə aparır… Dövlətlə (hökümətlə) – Vətəndaşlar arasında bir bağ quraraq, körpü salaraq , sosial –siyasi gərginliyin azalmasına səbəb olur… O, Azərbaycan Dövlətinin sütunlarından biridir… O, təkcə millət vəkili yox, Millət adamı`dır.( Hər adam millət vəkili ola bilər, ancaq millətvəkili olmaq bir şəxsi millət adamı olmaq səviyyəsinə çıxarmaz.” (Rəfail Hüseynov)

Sizinlə çalışmaq bir onurdur ustadım

Tarix səndən keçdi.

Bir yazısında “Zaman məndən keçir” yazmışdı. Bir gün görüşlərimizin birində “ Tarix səndən keçir” dedim. XX əsrin ikinci yarısından başlayaraq bu günə qədər davam edən tarix.
Bu tarixdə Azərbaycanın Quzeyində və Güneyində Azərbaycan Türklərinə qarşı SSRİ-Amerika-İngiltərə dəstəyi ilə, Rus-Erməni –Fars müttəfiqlərinin həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti həyata keçirilməkdədir. Bu tarixin içində Rus Sovet imperiyasının Türk xalqlarına, türk dilinə, türk kültürünə qarşı apardığı “Pantürkizm və Panislamizmə qarşı mübarizə” adı altında dövlət terrorizmi həyata keçirilməkdədir, Türk xalqlarının aydınları məhv edilməkdədir, SSRİ rəhbərliyinin, erməni və rus bolşeviklərinin Azərbaycan Türklərinə, aydınlarına qarşı həyata keçirdiyi Repressiya və soyqırım əsasında 400 mindən çox insan öldürülmüş, minlərlə insan Sibir və Qazaxıstanda sürgün düşərgələrində, sürgün yollarında acından ölmüş, Rus bolşevik işgalına qarşı baş verən 200 dən çox üsyanlarda şəhid olmuş oğulların xatirəsi, acısı hələ soyumamışdır, unudulmamışdır. Bu dövlət terrorizmi əsasında yuxarı və orta sinif tamamilə məhv edilmiş, “aclıqda və yoxsulluqda bərabər olan” bir “sinif” yaradılmışdır. Sovet diktaturasının basqısı altında Etnik arxetiplərindən və sivilizasiya kodlarından məhrum edillmiş yeni tipli İnsanın, kosmopolit Homosovetikosun yaradılması siyasəti getməkdədir. Bu məqsədlə Azərbaycan adını, cografiyasını, türk millətini yox etmək siyasəti həyata keçirilir, Milli kimliyin komponentləri olan Tarix, Etnogenez, kültür, dil, əlifba, milli-etnik cografiya haqqında mövcud olan Milli konseptlərə qarşı hücumlar təşkil edilməkdə, saxta, çarpdırma elmi hipotezlər, konseptlər uydurulmaqdadır. Azərbaycan Türklərinin Kimliksizləşdirilməsi, Ruslaşdırılması prosesi yüksək səviyyədə həyata keçirilməkdədir. Azərbaycanın kəndləri, torpaqları SSRİ rəhbərliyi tərəfindən Ermənilərə verilməkdə, Azərbaycan torpaqları üzərində Ermənistan dövlətinin quruculuğu prosesi getməkdə, bu məqsədlə İrəvan Türkləri etnik təmizləməyə və soyqırıma ugradılmaqda, Türklərdən “təmizlənmiş” torpaqlara dünyanın müxtəlif ölkələrindən Ermənilər köçürülməkdədır. Minlərlə Azərbaycan Türkü Türk millətinə, onun maraqlarına, taleyinə dəxli olmayan Rus-Alman müharibəsində “Böyük Vətən uğrunda” şəhid olmuşdur. Demək olar ki, bütün kəndlər boşalmış, Ərlər, atalar, qardaşlar bu müharibədə həlak olmuşlar. Milli qüruru, yaddaşı daşıyan nəsillər məhv olmuşdur. Geridə sərvətləri talanmış vətən, yaslı dul qadınlar, yetim, nisgilli uşaqlar qalmışdır. Onlar da zəhərli pambıq tarlalarında, kimya zavodlarında qul kimi işlədilməkdədir. Belə bir tarixdə doğulan Sabir Rüstəmxanlı “SEVGİ İLƏ BÖYÜDƏCƏM MİLLƏTİMİ” deyərək, “ƏBƏDİ SEVDA” yoluna çıxdı, bütün ömrünü ƏBƏDİ SEVDASINI gerçəkləşdirməyə həsr etdi. Sabir Rüstəmxanlının Millətinin yüksəlişinə həsr olunmuş 70 illik ömürü, həyat və yaradıcılığı, fəaliyyəti : Milli kimliyin dərki, Milli yaddaşın, tarix bilincinin bərpası( Alim, yazıçı,şair kimi); İstiqlal uğrunda mübarizə və Müstəqillik Aktının qəbul edilməsi( Siyasətçi, istiqlalçı millət vəkili); Dövlət-millət quruculuğu( nazir-millət vəkili, Dövlət adamı) mərhələlərini əhatə etməkdədir.

Sizinlə çalışmaq bir onurdur ustadım

Yaradıcılığının birinci mərhələsi, Milli kimliyin dərki, Milli yaddaşın, tarix bilincinin bərpasına nail olmaqla Rus Sovet imperiyasını çökdürə biləcək bir millət yetişdirməklə İstiqlal Hərəkatının təməllərini atmaq qayəsinə həsr olunmuşdur… Bu məqsədə çatmaq üçün , “Mən bütün ömrüm boyu xalqın milli yaddaşını diri saxlamağa çalışmışam» deyir şair. . 1967-1978-ci illər ərzində “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir. . S.Rüstəmxanlı 1976-cı ildə “Molla Nəsrəddin” və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir. Daş (film, 1977), ,Neft Daşlarının 25 illiyi (film, 1975),Qayıdış (film, 1988), Suvenir (film, 1972), Talada ev (film, 1986),Tikilir, amma… (film, 1973), Uçuş xətti (film, 1987) filmlərini çəkmişdir. İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. “

İstiqlal uğrunda mübarizə və Müstəqillik Aktının qəbul edilməsi( Siyasətçi, istiqlalçı millət vəkili) ; “Azadlıq meydanında təşkil olunan mitinqlərdə,yüz minlərin qrşısında, bəzən sayları milyonlarla olan üsyançılar qarşısında, cəmiyyətin arzusunu dilə gətirən kəskin bir dillə, insanları demokratiyaya və azdlığa çağıran atəşli nitqlər söylədi. Azərbaycan xalq cümhuriyyətinin inşası, Kommunist imperatorluğunun devrilməsi, rus əsarətinə son verilməsi, sapı bizdən olan,amma başqasına çalışan bürokratların iqtidardan uzaqlaşdırılması, yeni dmokratik güclərə xalqın müqəddəratını təyin etmədə ən yüksək səlahiyyətlərin verilməsi və dövlət idarəetməsinə ortaq olması ugrunda verilən mücadilə Sabir Rüstəmxanlının yaşamaq səbəbinə çevrildi.(İsmayıl Şıxlı). “Ağrılı-acılı yazıları ilə ekiz doğulmuş bu atəşli şair”.., “soydaşlarının keçirdiyi sarsıntıları zaman zaman yenidən yaşamaqla” , “ yep yeni təfəkkürlə qələm oynadan filosof …Başların kəsildiyi, qanların töküldüyü bir dönəmdə meydanlara axın edən insanlara, sözün tam mənasında rəhbərlik etdi, liderlik etdi.(Məmməd Aslan). Millətimizin ürəyindən daşan qəzəbə ağılla, zəkayla, səbrlə çəki-düzən verməkdə necə məharətli bir aydın olduğunu, böyük hünərlə göstərdi.. Sonralar o özü bu barədə yazacaqdı. Mən illər uzunu dediyim sözün ardınca meydana gəlmişdim. ..mənim bütün ömrüm meydana gələn yol imiş. Mən bütün ömrümü meydana doğru gəlmişdim, meydan üçün yaşamışdım. …O meydan bir azadlıq universiteti idi, qəhrəmanlıq universiteti idi. Meydanda millət 100 il ərzində yaşadığı ağrı-acıları eşitdi. Rusiya Azərbaycanı parçaladıqdan sonra bu millətin başına bəlalar açdığı haqqında cəsarətli çıxışlar eşitdi. O meydanda millət Sovet dövründə deməyə cəsarət etmədiyi bütün həqiqətləri dedi. Millətin içindən xof çıxdı, millətin qəddi düzəldi, millət öz gücünü gördü. Xalq anladı ki, onun ruhu hələ də yerindədir və o öz haqqını müdafiə etməyə qadirdir”(S.Rüstəmxanlı).
S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən olub. Həmçinin Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis etmiş, iki il onun baş redaktoru (baş yazarı) olmuşdur.1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olmuşdur. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir.

Dövlət-millət quruculuğu (nazir-millət vəkili, Dövlət adamı) . XX əsrin sonlarına doğru, Soyuq savaşın bitdiyi, Rus-Kommunist imperiyasının çökdüyü, Milli Azadlıq Hərəkatının başladığı zamanlardan etibarən –günümüzəcən, Azərbaycanda Siyasi tariximizi bəlirləyən iki siyasi lider H.Əliyev və Əbülfəz Elçibəy öndərliyində, İki siyasi model, iki siyasi düşərgə , İki Azərbaycan modeli vardır. Bu iki müstəvi təmsil etdiyi dəyərlərlə və ideoloji prinsiplərlə bir-birindən fərqlənməkdədir. Sosial-Siyasi Keçid dövrünü yaşayan cəmiyyətlərdə millət-dövlət quruculuğu, siyasi fikir və təşkilatlanma prosesi, 1.Sivilizasiya paradiqmaları, etnik arxetiplər və mədəni-genetik kodlardan doğulan Milli ideologiyaya sarılmaqla və ya 2.Vahid sakral avtaritet, Məsih ideyası(Qurtuluş konsepti, Qurtarıcı Mehdinin zühuru), şəxsiyyətə pərəstiş, Sakral ailə və onun təbəələrə tanıdığı məhdud hüquqlar, avtaritet və kütlə münasibətlərinə əsaslanan iki fərqli cəmiyyət qurmaq modeli ilə həyata keçirilməkdədir. Azərbaycanda da müstəqillik dövründə Ə.Elçibəy və H.Əliyev liderliyində bu iki cəmiyyət quruculuğu həyata keçirilməyə başlandı. Elçibəyin liderliyindəki siyasi düşərgə- Əli Bəy hüseynzadə,Əhməd Ağaoğlu,Əlimərdan Bəy Topçubaşov, Mirzə Bala Məmmədzadə və Məhəmməd Əmin Rəsulzadənin əsaslandığı məfkurəyə-müsavatçılığa dayanarq, Türk millətinin və dilinin, mədəniyyətinin dominantlıgına əsaslanan, liberal-demokratik bir ulus dövlət modelini qurmağı hədəf alır. Bu modeli qurarkən də, yuxarıda adını çəkdiyimiz birinci inkişaf modelini əsas götürməkdədir.
H.Əliyevin liderliyindəki siyasi düşərgə-əsasında Stalinin, Ponkratovun, Kirovun, N.Nərimanovun, M.C Bağırovun durduğu Türk millətinin və dilinin dominant olmadığı, çox millətli “Azərbaycanlı milləti” və “Azərbaycan dili” ideyasına əsaslanmaqla, kosmopolit, multikulturalist bir cəmiyyət qurmağı hədəf alır. Belə bir cəmiyyət isə ikinci inkişaf modelini tətbiq etməklə qurulmaqdadır.

Sizinlə çalışmaq bir onurdur ustadım

H.Əliyev düşərgəsi çevik, monolit, praqmatik, avtoritar, əzici bir siyasət izləyir. Ə. Elçibəy düşərgəsi-dagınıq, xaotik, ləngdir, monolit deyil, lakin ideya ətrafında minlər milyonlar var. Rəsulzadə-Elçibəy Azərbaycanının qurulması və inkişafına tarix çox az fürsətlər verməkdədir. Bununla bərabər bu Azərbaycan idealı –Azərbaycan türkünün vicdanında, qəlbində, ideallarında yaşamaqdadır.

Qarşıdurma prosesi yaşayan bu Ə.Elçibəy və H.Əliyev siyasi ideyaları və düşərgələri arasında “Qızıl orta” düsturunu siyasətdə ustalıqla tətbiq etməklə, öz Mötədil siyasi dəst-xəttini və fəlsəfəsini yaradan üçüncü bir lider də var. O Sabir Rüstəmxanlıdır. O, nə Heydər Əliyevə bənzəyirdi, nə Əbülfəz Elçibəyə. Onların heç birisinin müstəvisinə, yoluna da qatılmadı. Sabir Rüstəmxanlı öz yolunu saldı. Bu üçüncü yoldur, Sabir Rüstəmxanlı yoludur. Bu yolu o özü, öz taleyi, əməyi, çalıışmaları ilə salıb. Yumşaq güc, tamamlayıcı, uzlaşdırıcı , barışdırıcı missiya. Bu iki yol və düşərgə arasında tamamlayıcı funksiya rolu oynayan Sabir Rustəmxanlının mövcudlugu son 26 ildə Azərbaycan toplumu və dövlətçiliyi üçün bir qazancdır məncə . Azərbaycanda, Əlimərdan bəy Topçubaşovdan sonara, ikinci dəfə, mötədil siyasi kursun yaradıcısıdır Sabir Rüstəmxanlı.

XXI əsrə Azərbaycan bu iki siyasi model təsəvvürü ilə qədəm qoymuşdur. Bu iki siyasi müstəvinin kənarları kəsicidir, onların arasından keçərsən kəsilərsən, qanın axar. lakin bu müstəvilərin kəsici kənarlarını kəsilə-kəsilə, qanı axa -axa keçərək cilalayn bir xətt var. Sabir Rüstəmxnlı xətti. Ustalıqla, çığırmadan, bağırmadan Stalin Azərbaycançılığını, Rəsulzadə Azərbaycançılığına transfer edir. Bu məqsədlə “Dil qurumu” yaradaraq, O, türk dilinin, Türk mədəniyyətinin hakim olduğu bir Azərbaycan qurur. Onu çərçivəyə salmaq mümkün deyil. O həm iqtidardır, həm müxalifət. Həmçinin O, nə iqtidarın nə də müxalifətin işləmədiyi, bunların hər ikisindən var gücü ilə qaçan, məsafə saxlayan üçüncü güclə işləyir. Burda yazıçılar, alimlər, jurnalistlər…yaşlılar..gənclər var. Hansısa alimin kitab capının pulunu ödeyir, hansisa yazarın kitab təqdimatını kecirir, hansısa ailənin ehtiyaclarını həll edir, hansısa xəstəyə dərman alır, hansısa tələbənin təhsil haqqını ödeyir, konfrans keçirir, kitab tərcümə etdirir, qəzet, jurnal çıxarır, film çəkir, şer, roman, publisist əsərlər yazır…danışır. Cəmiyyətin bu üçüncü gücünü hərəkətə gətirərək onların enerjisini milli tərəqqiyə yönəltmək, daim dəyişən mövcud şərtlərdən və imkanlardan maksimum yararlanmaqla milli tərəqqiyə xidmət etməklə O, siyasətdə üçüncü gücün təmsilçisidir . Onun bu taktikası əsrin əvvələrində Əlimərdan bəy Topçubaşovun taktikasına bənzəyir. Bütün mövcud İmkanlardan, şərtlərdən ustalıqla istifadə edərək Rusiya Turklərini təşkilatlandırmağa və haqlarının müdafiəsi uğrunda mübarizəyə ayağa qaldıra bilmişdi.

Sizinlə çalışmaq bir onurdur ustadım

Sabir Rüstəmvanlı siyasətdə SEVGİNİN təmsilçisidir.

Sabir Rüstəmxanlı Sovetlər birliyi dagıldıqdan sonara müstəqil Azərbaycanda mötədil siyasi kursu və məktəbi yaradan şəxsdir. O bizim alışdıgımız siyasətçi tipi deyil, sərt və qorxunc ( avtoritar və kolonial toplumlarda siyasətçinin qorxunc obrazı və sərt xarizması yaradılır. Bu zaman siyasət gücün təntənəsini təmsil edir ) deyil, əksinə, indi daha çox Dövlət adamı`na yaraşan bir ərkanla, kəskin bəyanatlar vermir, alovlu çıxışlar etmir, soyuqqanlıdır, heç vaxt sərhədləri keçməz, yumşaqdır, (Milli barışıq, dialoq, həmrəylik, birlik ideyalarına əsaslanır. Siyasət onun simasında sevgini təmsil edir) lakin çox sürətlə manevr edə bilən bir siyasətçidir. Sevgini təmsil edən bu siyasi fəaliyyəti tarixi xronologiya prinsipi ilə düzərkən belə bir mənzərə açılır. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir.26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis etmişdir, bu günə qədər partiyanın sədridir. Lakin, bununla bərabər O, H.Əliyevin dövlət-millət quruculuğunda tətbiq etdiyi Stalin Azərbaycançılığı ideoloji konseptini qəbul etməmiş, 95-ci ildə Türk dili və türk milləti adının qəbulundan imtina edildiyinə görə, . 1995-ci ildə Mətbuat və informasiya naziri vəzifəsindən istefa vermişdir. 1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla “Şöhrət” ordeni ilə təltif edilən S.Rüstəmxanlı hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina etmişdir. 2000-ci ildə başçılıq etdiyi Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə yer qazanan iki müxalifət partiyasından biri olmuşdur. 2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüşdür. 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə qalib gəlmişdir. Uzun illərdən bəri Azərbaycanın ən böyük diaspora təşkilatı olan Dünya Azərbaycanlıları Konqresində fəaliyyət göstərməkdə, Güney Azərbaycanın Milli Hərəkatını, İstiqlal davasını dəstəkləməkdədir. 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Dünyanın otuz beşə yaxın ölkəsində Azərbaycanın taleyi ilə bağlı çıxışlar etmiş, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çalışmışdır. 1995-ci ildən etibarən, Rəsmi şəkildə həyata keçirilən antitürk, kosmopolit siyasətinə qarşı qələmlə mübarizə apararaq, “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Sevgim,sevincim”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Ömür kitabı”, “Atamın ruhu”, “Bu sənin xalqındır”, “Zaman məndən keçir”, “Xətai yurdu”, “Göy Tanrı”, “Bütövlük həsrəti”, “Ölüm zirvəsi”, “Difai fədailəri”, “Sunami”, “Əbədi Sevda”, “Dərdə əyilmə”, “Şair və Şər”.kitablarını yazaraq, 1990-cı ilin adamı (film, 1977)(qısametrajlı sənədli film), Azərbaycan məktəbinin 60 illiyi (film, 1980), Azərbaycana namus və sevgiylə (film, 2006), Baba Dağ (film, 2006), Cavad xan (film, 2009), Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007), Cavad xan. Filmin filmi. Ölümün zirvəsi. 1-ci veriliş (film, 2007), Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007), Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999), Müstəqillik yollarında. Birinci film (film, 2004),,Payızın 17 anı (film, 2007), Zəlimxan dastanı (film, 2007),Əsgər mahnıları filmlərini çəkərək türk millətinin tarixi yaddaşının bərpa edilməsinə və dirəniş gücünün qorunmasına çalışmışdır.

Sizinlə çalışmaq bir onurdur ustadım

Beləliklə qeyd edə bilərik ki, Onun siyasət fəlsəfəsi –harmoniya, Təsanüd, Solidarizmdir. Etnik və kültürəl, sosial, siyasi qruplar arası birliyə nail olmaqla Dövlət və milləti ucaltmaqdır. Siyasi leksikonumuzda bir söz var, radikal müxalifət, konstruktiv müxalifət. Mən isə ona qurucu müxalifət deyərdim. Həm müxalifətlə, həm iqtidarla ancaq birliyə, harmoniyaya hesablanmış əməkdaşlıqlar edir, amma nə müxalifətdir, nə iqtidardır, heç bu çərçivələrə sığmaz da…O millətdir, Dövlətdir, Vətəndir.

Onun fəaliyyəti, şəxsiyyəti Millət və Dövlət maraqları kontekstində təhlil edilərkən görürsən ki, XX əsrin İkinci yarısının tarixinin bəlirlənməsində və İstiqlal hərəkatının uğurla nəticələnməsində , həmçinin XXI əsrdə, Dövlət və millət quruculuğunda, Kültür siyasətinin bəlirlənməsində, Azərbaycan diasporunun formalaşmasında, Azərbaycanın xarici ölkələrlə dostluq əlaqələrinin qurulmasında, Güney Azərbaycan Milli Hərəkatının dünyada tanınmasında və təblig olunmasında onun böyük rolu, təsiri, əvəzsiz xidmətləri vardır. Ədəbiyyatçı alim, İstiqlalçı millət vəkili, millət adamı, bakan, şair, yazıçı, siyasətçi, publisist, naşir ,tərcüməçi olan Sabir Rüstəmxanlı Azadlıq Hərəkatındakı Fəaliyyəti və əsərləri ilə , Dövlət quruculuğu prosesində iştirakı ilə, XX əsr tarixini tamamlayan, XXI əsr Azərbaycan tarixinin təməllərini atan və ona öz damğasını vuran böyük liderlərdən biridir. Azərbaycanda nəşriyyat və informasiyanın, mətbuatın inkişafının təşkilatçılarından, rəhbərlərindən biri kimi söz azadlığının və demokratiyanın təməllərini atmaqla bərabər “millət vəkili kimi xalqının mənfəətlərini öz mənfəətlərindən üstün tutmuş,…bu xidmətlərindən dolayı heç bir qarşılıq gözləməmiş”(Bəkir Nəbiyev) fədaidir. O, “Tanrıya uzanan yollar boyunca, tariximizin ilginc çağlarına işıq tutdu, neçə həqiqəti aydınlığa qovuşdurdu. Göy Tanrıyla qarşı-qarşıya, üz-üzə durdu. O prosesdə cismən də,ruhən də Göy tanrı ilə diz-dizə oturdu, qaldı, Göy tanrının sirlərini çözməyə,Tanrını insana yaxınlaşdırmağa çalışdı. ..”Xətai Yurdu”, “Atamın Ruhu” kimi geniş əhatəli kitabları ilə mənəvi dəyərlərimizi,var olmaq üçün verdiyimiz milli mücadiləmizi, millətimizin və yeni nəsillərimizin insanlığın əbədiyyət karvanında qərarlı addımlar atması yönündə davranışını , nəsillərə örnək olacaq bir əqidə ilə qələmə aldı…”, S.Rüstəmxanlı “Bal yapan arı timsalında bir şəxsiyyətdir. Arı bal yapar, o balın nemətindən başqaları bəhrələnər”.(Məmməd Aslan).

Türkiyə üzünü Şərqə çevir.

Bütün bunlarla bərabər, Sabir Rüstəmxanlını bir siyasətçi kimi dəstəkləməyimin əsas səbəbi Türkiyə ilə Azərbaycan arasında inteqrasiya prosesinin təməllərini atması, Türkiyə ilə Azərbaycanın birliyinə çalışmasıdır. Azərbaycanda Qərb yönümlü, Rusiya yönümlü, İran yönümlü partiyalr, şəxslər var. Sabir Rüstəmxanlı Türkiyə yönümlü siyasət yürüdən bir liderdir. Onun liderlik etdiyi VHP üzünü Qərbə, Rusiyaya yox, Türkiyəyə, Türk Dünyasına tutub. Məgər biz bunu istəmirikmi, məgər biz bunun üçün, Türk inteqrasiyasına nail olmaq və Turan qurmaq üçün yaşamırıqmı.

Azərbaycanda Stalinist Azərbaycanlı konseptinin rəsmi şəkildə tətbiq edilməsində əsas məqsəd, Azərbaycanla Türkiyə arasında dil-etnik-kültürəl fərqin yarandığnı nümayiş etdirmək, Azərbaycanı Türkiyədən təcrid etməklə Rusiya, İran mədəniyyət orbitində saxlamağa çalışmaqdır. Türkiyənin istehsal etdiyi filmləri Türk dilindən “Azərbaycan dilinə” tərcümə etdirmək, Türkiyəyə viza tətbiq etməklə Azərbaycanı Türkiyədən təcrid etmək, Azərbaycanın Türkiyədən fərqli bir sosio-kültürəl dəyərlərə malik toplum olduğunu qabartmaqla, Türkiyə-Azərbaycan arası inteqrasiyanın qarşısının alınmasına çalışıldığı bir dönəmdə, antiTürkiyə, anti Türk mövqlərin, çıxışların sərgiləndiyi bir zamanda Sabir Rüstəmxanlı Türkiyəni mərkəz alan bir siyasət izləməkdə, Türkiyə-Azərbaycan birliyinə çalışmaqdadır. Bu, Əli Bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, M.Ə. Rəsulzadənin, Ə.Elçibəy hökümətinin izlədiyi bir siyasətdir, Sabir Rüstəmxanlı bu siyasəti, bu idealı bu gün ən yüksək səviyyədə həyata keçirməyə çalışmaqdadır. Eyni zamanda o Türkiyə siyasi elitası ilə sıx bağlar quraraq, Türkiyənin xarici siyasət doktrininin Avropa mərkəzçilikdən xilas olaraq Türküstan mərkəzli bir doktrinə çevrilməsi yönümündə də fəaliyyət göstərməkdədir. Türkiyə ilə Azərbaycanın gələcəkdə federativ dövlət şəklində birləşməsi ilə bir Oguz dövlətinin yaradılması, bu məqsədlə Azərbaycanın Rusiya-İran siyasi-kültür orbitindən qoparılması bizim də əsas məqsədimiz olduğundan Sabir Rüstəmxanlının bu siyasətini candan dəstəkləməkdəyik.

Son
Bir neçə dəfə, mütəvazi şəkildə bizim yanımızda qal, bizimlə çalış demişdi mənə… Bizim məqsədimiz- Bütöv Azərbaycan qurmaqdır, Türkiyə-Azərbaycan-Türküstan mərkəzli bir konfederativ dövlət birliyi qurmaqdır ustadım. ..Bu böyük davamızda sizinlə çalışmaq bir onurdur ustadım. Mən bir ömür boyu Türk Millətinin yüksəlişi üçün qələm çalan, Azərbaycanın bütövləşməsi üçün mücadilə verən, Azərbaycanın və Türkiyənin inteqrasiyasına çalışan bir ocaqda qalmaq nədir, baş qoyaram ustadım. Mənim də davam bir Türklük sevdasıdır…Əbədi sevda.