Qədim Türk yurdu Ağbabada hər mətləb bir atalar sözüylə yanaşı işlədilir. Göz açıb belə görmüşük, göz açıb belə görürlər. Bu səbəbdən də torpağın yetişdirdiyi hər canlı Günşə meyilli olduğu kimi, bu mahalın adamları ayağı yer, dili söz tutanlar da sözə meyilli olur.
“Adəmdən Hatəmə” belə olub, indi də belədi. Şörəyel-Ağbaba mahalından bu ənənəni layiqincə qoruyan bir şair yaşayır Bakıda – Şəmsi Qoca. Ruhunun özəlliyi bir yana, cismi, görnüşüylə də hamıdan fərqlənir: Başında buxara papaq, əlində müşdük, ağlamağa hazırlaşan uşaq gözlərini xatırladır gözləri. Yurd həsrəti ilə duyanı ağladır Şəmsinin halı…

Şəmsi Qoca qəmdən yazmağı çox sevir.. Amma qəm deyəndə pessimizmə aparıb çıxaran, insanı düşünməyə deyil, ağlamağa-sıtqamağa çağıran qəm düşünmürük. Bu qəm həyatın, ömrün-günün, taleyin ağrılarından doğulub. Elə bir qəm ki, onu öz içindən qovmaq istəmirsən, onunla məhrəm olursan. Və bu qəmin içində işıq var, yaşamaq yanğısı var:
Nə elə inadkar, nə də clğalam,
Həqiqət yolunda sərtəm eləcə.
Kimsəyə satmaram mən öz qəmimi,
Sevinci bölməyə mərdəm eləcə.
Hardandı bu alov, görən candakı?
Eşqdi dövr eləyən vallah, qandakı.
Səhraya üz tutan o karvandakı
Dəvəyə yüklənmiş dərdəm eləcə.
Hər bir insanın daxilində fərqli bir aləm gizlənir. Bəzilərinin dünyası qayda-qanunların hökm sürdüyü ciddiyyətə köklənir; digərlərinki isə duyğuların, ilhamın, poetik təlatümlərin məkanıdır. Şəmsi Qoca bu iki dünyanın nadir bir ahəngdə birləşdiyi şəxsiyyətdir.
O, bir tərəfdən məmur məsuliyyətini daşıyıb, digər tərəfdən isə sözün, poeziyanın incəliklərini yaşayıb. Bu ikili həyat onun həm şəxsiyyətini, həm də yaradıcılığını dərinləşdirir. Şəmsi bəy jurnalistdir, şairdir, tarixçi araşdırmaçıdır, ictimai xadimdir, hansı tərəfdən baxsaq, cəmiyyətə, insanlığa faydalı adamdır.
Bir sözlə, Şəmsi Qoca dərdin poeziyasını poeziyanın dərdinə çevirməyi bacarır.Yəni onun şeirlərindəki qəm, kədər motivləri təkcə şəxsi yaşantılar kimi qalmır, həm də bizim içimizdən keçir.
Şəmsinin şeir dünyası sadəcə bədii söz sənəti deyil, itirilmiş torpaqların mənəvi coğrafiyası və insan ruhunun qədim köklərlə kəsilməz dialoqudur:
Səndən ötrü darıxmışam, doğma kənd,
Qulağımda bulaqların səsi var.
Haçandı ki, həsrətinlə yaşıyan,
Bu dünyada bir övladın – Şəmsi var.
Şəmsi Qocanın şeir yaradıcılığında həssaslıq və vətəndaşlıq mövqeyi ön sırada dayanır. Həyata, insanlara həssas münasibətlər onun şeirlərinə dərin lirizm gətirir. Belə məqamlarda Şəmsinin şeirlərində təbiət dil açıb danışır, ürək nəğmə oxuyur. Şəmsi Qoca həssas, nəcib, ülvi duyğuları şeirin dili ilə havalandırmağı bacarır. Şeirlərindən baxanda şairin özü də mənəvi saflığı, halallığı, pak duyğuları ilə əsərlərində ifadə etdiyi həssas düşüncələrin məcmusu, vəhdəti kimi görünür:
Məndə inam var ki, başımız üstə
Göyləri görünməz dayaq saxlayır.
Dərk edib düşünənbaşı bir bədən
Necə ki, bədəni ayaq saxlayır.
Mənə elə gəlir günahkaram mən
Yu məni bir damcıyağışla, Allah!
Guya nələrisə bilənlər kimi
İşinə qarışdım, bağışla Allah!
Müasir poeziyamızda özünəməxsus dəst-xətti ilə seçilən şair, varlıq, yoxluq, zaman və insan mənəviyyatı kimi ağır mövzuları xalq dilinin imkanları ilə təhlil edir. Onun yaradıcılığının təməlində dünyanın sabitliyi ilə insanın daxili aşınması arasındakı o sarsıdıcı təzad dayanır. Və bu məqamda Şəmsi Qocanın şeirlərilə şəxsiyyəti, daha çox da zəngin mənəvi aləmi birbirini tamamlayır:
Heyif ki, dünyanı dərk eyləmişəm,
Dərk edib dünyanı tərk eyləmişəm.
Dərdləri çiynimə kürk eyləmişəm,
Keçirib qoluma geyinməyim var.
Elə bir quruca sözəm hələ ki,
Gərək çox əzaba dözəm hələ ki.
Hələ əyməyiblər, düzəm hələ ki,
Bir buna sevinib öyünməyim var.
Şəmsi Qoca məhsuldar şair kimi mövzu bolluğu ilə seçilən sənətkarlardandır. Onun yaradıcılığı rəngarəng mövzuları, yüksək ideyalı əsərləri ilə zəngindir. Sözsüz ki, şair zamanın övladıdır və o, cəmiyyətdə, həyatda baş verən hadisələrə laqeyd qala bilməz. Bu hadisələr şairi dilə gətirir və o, ətraf aləmə, insanlara münasibət göstərdikcə yeni-yeni əsərləri meydana çıxır.
Şəmsi Qoca nədən yazır və hansı əhvalla yazır-yazsın, o vətəninin övladı kimi qələmə sarılır. Onun əsərlərinin mərkəzində Vətən dayanır. Şair bir vətəndaş şair kimi çox zaman fəlsəfi məzmun daşıyan əsərlərinin baş obrazı kimi vətənini, qədim türk eli Ağbabanı təqdim edir. Bu mənada, onun “Azərbaycan Ağbabadan başlayır” şeri diqqəti cəlb edən maraqlı əsərlərdəndir:
Anadolu yaxasında bir el var,
Oğuz eli, yurd yeridi Ağbaba.
Qar papaqlı qarşıyaxa dağları,
Ərdahanın sırt yeridi Ağbaba.
Həm Yaxındı, həm əlçatmaz, uzaqdı,
Qaçaq düşüb yuxularım nə vaxtdı.
İçimdə od, çölümdəki sazaqdı,
Köksümdəki dərd yeridi Ağbaba.
Şairin cəmiyyət, xalq haqqındakı gerçək baxışları, demək olar ki, bu mövzuda yazılmış bütün əsərlərində əks olunur. Şəmsi Qocanın “Azərbaycan bayrağına” adlı əsərində millətin bayraq altında ucaldığını, azadlığın pozulmaz ahənginin bayraqda olduğunu fəxarətlə göstərir:
Sən bizə Tanrının ərməğanısan,
Sən ulu millətin şöhrət şanısan,
Sən sənə məftunun din imanısan
Yandırmaz ən odlu kürələr səni.
Ey mənim göz nurum, bəxtiyarlığım,
Ey azad olmaqda inadkarlığım,
Nə qədər Şəmsi var, sənsən varlığım,
Öləndə üstümə sərələr səni.
Yaradıcılığında qabarıq nəzərə çarpan vətəndaşlıq mövqeyinin ifadəsi də Şəmsi bəyin şeirlərində ön mövqedə özünə yer tapdığı kimi, şairin xarakterində, ictimai həyata münasibətində də öndə dayanır. Hansısa təhsil ocağını bitirib diplom almaq, müəllim olmaq elə də çətin deyil. Ancaq həyat göstərir ki, həm şagirdlərin, həm də pedaqoji kollektivin, eləcə də ictimaiyyətin hörmətini qazanaraq əsl müəllim, əsl ziyalı olmaq çox çətindir. Şəmsi Qoca belə bir ünvanı haqq edən şəxsiyyətlərdəndi.
Ömrünün müdrüklük çağına qədəm qoyan hüquq elmləri doktoru, professor Şəmsi bəy xalqımızın belə ziyalılarındandır. Ədalətli mövqeyi ilə cəmiyyət tərəfindən hörmət edilən, sayılıb-seçilən, sözünün dəyəri, nəsihətinin çəkisi olan Şəmsi Qoca həm zəngin həyati təcrübəyə malik pedaqoq, həm də xalqının düşünən vətənpərvər ziyalısıdır.
O, həm müxtəlif vəzifələrdə çalışarkən, həm də publisist kimi hər zaman gerçək vətəndaşlıq mövqeyinin örnəyi olub. Yaşadığı zaman və məkandan asılı olmayaraq, daxilindəki işığa doğru üz tutan, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı ilk növbədə onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.
Şəmsi Qoca da həyatının hər bir anında məhz belə olmağa çalışıb. Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini, yüksək məsuliyyəti, xalqımız, dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb. Azad düşüncə, vətən uğrunda fədakarlıq, nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar onun tərcümeyi-halıdır.
O, üzərinə düşən hər bir işə ağır yük kimi deyil, məsuliyyətlə, nəhayətsiz sevgi ilə yanaşır. Davranışları ilə hər zaman bu mövqedə qərar tutmağa çalışır. Xalq məhz belə ziyalıları ilə milli hədəflərə doğru irəliləyir. Haqqın, ədalətin və milli təəssübün keşiyində olan Şəmsi bəyi yubley yaşı münasibəti ilə təbrik edir, ona Vətən həsrətinə son qoyulacaq xoşbəxt illər arzulayıram.
Tənzilə Rüstəmxanlı
Millət Vəkili






