Vladimir Putinin “bunker”də gizlənməsi ilə bağlı yayılan iddialar əsaslı deyil.
İnterpress.az xəbər verir ki, bu barədə “Vajnıye istorii” məlumat yayıb.
“Vajnıye istorii” nəşrinin Avropa İttifaqı ölkələrindən birinin kəşfiyyat hesabatına istinadən yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin yaxın ətrafından qorxduğu üçün Krasnodar diyarındakı bunkerdə gizlənir.
İddiaya görə, çevriliş cəhdi riski Sergey Şoyqu ilə əlaqələndirilir.
“Conflict Intelligence Team”in təsisçisi Ruslan Leviyev bu məlumatları “çox zəif” və ziddiyyətli adlandıraraq şərh edib.
Leviyev qeyd edib ki, müdafiə sistemləri Krasnodarda deyil, Valdayda intensivləşdirilir, bu isə kəşfiyyat hesabatındakı “bunker” iddiasına birbaşa ziddiyyət təşkil edir.
Ekspert, həmçinin Şoyqunun çevriliş təşkil etməsi ehtimalını da qeyri-real sayıb:
“Şoyqu hazırda müdafiə naziri deyil. Şoyqu qəflətən qiyamçı olsa, hazırda kim onu dəstəkləyər? Ordu onu dəstəkləyərmi? Əlbəttə ki, yox”.
Leviyev vurğulayıb ki, Putinin “paranoyik” olması artıq çoxdan bəlli olan faktdır, lakin bu, mövcud çevriliş təhdidlərinin real olduğunu sübut etmir.
Onun sözlərinə görə, dərc olunan material heç bir yeni və əsaslandırılmış informasiya daşımır.
Xuraman Etibarlı
İnterpress.az






