Adanada həkim səhlənkarlığı 1,5 yaşlı körpənin qolunun kəsilməsinə səbəb olacaqdı.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Adana şəhərində faciə ilə nəticələnə biləcək həkim səhlənkarlığı yaşanıb. Anası ilə birlikdə qəzaya düşən 1,5 yaşlı uşaq müayinə üçün xəstəxanaya çatdırılıb.
Tomoqrafiya zamanı venadaxili yeridilməli olan kontrastlı preparat səhvən dərinin altına vurulub. Nəticədə uşağın qolu ciddi şəkildə şişib və qaralıb.
Buna baxmayaraq, müalicəni aparan həkim vəziyyəti “qorxulu deyil” deyərək körpəni evə buraxmaq istəyib.
Ailənin qəti etirazından və tələbindən sonra uşaq digər xəstəxanaya köçürülüb.
Yeni xəstəxanada keçirilən 3 günlük gərgin müalicə və iki cərrahi əməliyyat nəticəsində uşağın qolundakı kəskin ödem təmizlənib və körpə ciddi ağırlaşmadan xilas edilib.
Xuraman Etibarlı
İnterpress.az






