Müctəba Xameneinin səhhəti barədə məlumat yayılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
İranın dini rəhbərinin oğlu Müctəba Xameneinin səhhəti ilə bağlı rəsmi təsdiqini tapmayan məlumatlar yayılıb.
Mənbələrin verdiyi məlumata görə, Müctəba Xameneiyə yaxınlaşmaq olduqca çətindir və onun təhlükəsizliyi məqsədilə ziyarət hüququ ciddi şəkildə məhdudlaşdırılıb.
O, hazırda hava zərbələri nəticəsində aldığı xəsarətlərin müalicəsi üçün daim tibbi heyətin nəzarəti altındadır.
Məlumatda bildirilir ki, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirləri və hökumət rəsmiləri İsrailin onu izləyərək digərlərinə zərər verə biləcəyindən qorxduqları üçün onunla görüşməkdən çəkinirlər.
Müalicə prosesində ölkə prezidenti, eyni zamanda kardiocərrah olan Məsud Pezeşkian və səhiyyə nazirinin şəxsən iştirak etdiyi bildirilir.
Mənbələrin iddiasına görə, Müctəba Xameneinin vəziyyəti çox ağır olsa da, onun huşu başındadır və hadisələrdən xəbərdardır.
Ayağından üç dəfə cərrahiyyə əməliyyatı olunan Xameneinin protez gözlədiyi, qolundan əməliyyat keçirdiyi və sağalmağa başladığı vurğulanır. Lakin üz və dodaq nahiyəsindəki ağır yanıqlar onun danışığını ciddi şəkildə çətinləşdirir.
Xuraman Etibarlı
İnterpress.az






