Fərəc Kərimli türmə yoldaşı Əli İnsanov haqda nələr dedi…backend

Fərəc Kərimli türmə yoldaşı Əli İnsanov haqda nələr dedi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amnistiyaya düşən Müsavat başqanının müavini Fərəc Kərimli oktyabrın 4-də azadlığa buraxılıb. Keçmiş vicdan məhbusunun həbs müddətinin başa çatmasına 10 ay qalırdı. Onunla həbsxanada keçirdiyi illər, gələcək planları və digər məsələlərlə bağlı söhbət etdik.

F.Kərimli partiya üçün həbsindən əvvəl çalışdığından da qat-qat yüksək fəaliyyət göstərəcəyini bildirdi: “Müsavatda müavinliyin iclasında iştirak etdim. Həbsimdən əvvəlki müddətdən daha çox səylə çalışacam. Mübarizəmiz davam edir. Müsavatda fəaliyyətimi bundan sonra da davam etdirmək niyyətindəyəm. Azadlığa çıxan kimi dostlarla görüşdüm, qərargaha gəldim. Müsavatda hər şeyin normal olduğunun şahidi oldum. Partiyanın fəaliyyətinə biz də əlimizdən gələn töhfələri verəcəyik. Azərbaycanda mən həbs olunanda hansı vəziyyəti görürdümsə, azadlığa çıxanda da eyni vəziyyəti gördüm. Hakimiyyət əvvəlki kimi qanunsuzluqlarını davam etdirir. Sentyabrın 26-də keçirilən referendum bunu bir daha sübut etdi. Azərbaycan müxalifəti əlində olan imkanlardan yetərincə istifadə edərək, referenduma öz etirazını bildirdi. 14 saylı cəzaçəkmə müəssisəsində olanda informasiya əldə etmək çətin idi. Evlə danışanda müəyyən informasiyaları əldə edirdim. İndi çox çalışacam ki, köhnə xəbərləri oxuyum, həbsdə olduğum vaxt baş verənləri araşdırım. Buna böyük ehtiyac duyuram. Çünki həbsdə olduğum 2 il 4 ay ərzində gedən proseslərdən məlumatsız idim”.

Başqan müavini referendum öncəsi Müsavat və Milli Şura arasında yaranan narazılığa da münasibət bildirdi: “Hesab etmirəm ki, Müsavat hansısa bir siyasi qüvvə ilə üz-üzə gəlsin, düşmənçilik etsin. Müsavat Milli Şuranın da mitinqini dəstəkləyirdi, hətta mitinqlərdə iştirak etdilər. Bundan sonra hakimiyyətə qarşı mübarizə aparan istənilən siyasi qurumu Müsavat dəstəkləyəcək. Biz tərəfdən narazılıq yaradacaq heç bir hərəkətə yol verilmədi, bundan sonra da verilməyəcək”.

Fərəc Kərimli türmə yoldaşı Əli İnsanov haqda nələr dedi...

F.Kərimli azadlığa çıxacağına olan inamından da söz açdı: “Həbs müddətim azaldılandan sonra amnistiya verildi. Həmin vaxt 13 saylı cəzaçəkmə müəssisəsində digər siyasi məhbus dostlarımla birlikdə idim. Amnistiyaya düşdüyümü biləndən sonra onlara dedim ki, amnistiyanın icrasının ilk günü məni buraxmasalar, icra müddətinin son günlərinə qədər saxlayacaqlar. Düşündüyüm kimi də oldu. Amma referendumdan sonra açığı inanmırdım ki, məni azad edəcəklər. Həbsdə olduğum 2 il 4 ay vaxtımı alsa da, nələrsə də qazandırdı. Qazancım ondan ibarət oldu ki, tanınma imkanım oldu, xalq arasında nüfuzum qalxdı, xalqımız apardığımız mübarizəyə şahid oldu. İtirdiklərim isə ailəmlə bağlı oldu. Anam, atam insult keçirdilər, qardaşımı həbs elədilər, o da ağır əməliyyat keçirdi. Maddi tərəfləri isə demirəm, çünki düzgün olmazdı. Qardaşıma açıq şəkildə deyirdilər ki, mənə görə həbs olunub. Mənə də bu sözləri deyiblər. Qardaşım da bu ölkənin vətəndaşıdır. Onun da borcudur ki, ölkədə baş verən özbaşınalıqlara qarşı mübarizə aparsın. Bundan sonra da qardaşım siyasi fəaliyyətini artıracaq. Həbsxanada ictimaiyyət tərəfindən olan dəstəyi arxamızda hiss etdik. Bizi həbsxanada güclü saxlayan da o dəstək oldu. Sizin qəzetiniz vasitəsilə bizi dəstəkləyən beynəlxalq təşkilatlara, mətbuata, siyasi partiyalara və ümumilikdə hər kəsə təşəkkür edirəm. O dəstək sayəsində biz həbsxanada güclü olduq. Çünki insan özünü belə hallarda daha güclü hiss edir”.

Keçmiş vicdan məhbusu əfv yazmaq üçün ona həbsxanada müraciətlərin olunmadığını da qeyd etdi: “13 və 14 saylı ”zon\”larda olanda heç kəs müsavatçı kimi mənə deməyib ki əfv yazın. Çünki yazmayacağımızı bilirdilər\”.

Fərəc Kərimli türmə yoldaşı Əli İnsanov haqda nələr dedi...

Subay olan F.Kərimli şəxsi həyatından çox siyasətə geniş vaxt ayıracağını söylədi: “Hazırda bütün planım partiya ilə bağlıdır. Özümü Müsavatdakı fəaliyyətimə kökləmişəm. İndi qonaqlar çox gəlir, istər-istəməz aktiv fəaliyyətə keçmək olmur. Bu işləri yoluna qoyandan sonra tam fəaliyyətə başlayacam. Bu hakimiyyət müxalifətə ağır zərbələr vurub. Nəticədə cəmiyyətdə qorxu hökm sürür. Bununla belə Müsavatda əhval-ruhiyyə yüksəkdir. Hər kəs mübarizəni davam etdirməkdə qərarlıdır”.

Sonda müsahibimiz hazırda Almaniyada mühacir həyatı yaşayan Tural Sadıqlının onun həbsində rolunun olması ilə bağlı məhkəmədə dediklərini bir daha dilə gətirdi: “Azadlıqda olarkən sosial şəbəkələrdə işlətdiyim səhifələr, qruplar var idi. Fəaliyyətim hakimiyyətdən bu qrupları, səhifələri işlədənin tapılmasını tələb etdi. Həmin vaxt Tural Sadıqlı kimliyim, harada işlədiyim, ailəm barədə status yazmışdı. Həmin statusu da özünün bir saytı var idi, orada yerləşdirmişdi. Ondan sonra iş yerimdən mənim e-maillərim izlənmişdi. Yəqin bundan sonra ehtiyac yaransa, bu barədə yazı yazaram. Açığı, bu məsələnin çox üstünə getmək istəmirəm. Əsas olan odur ki, partiyada fəaliyyətimi davam etdirirəm. Bu dəqiqə məni əsas maraqlandıran budur. Kimlərlə nə edibsə, öz işidir. Mən əsl dost olaraq, heç vaxt dost itirməmişəm. Əksinə yeni-yeni dostlar qazandım”.

Xatırladaq ki, F.Kərimli 2014-cü il iyulun 23-də narkotik ittihamı ilə həbs edilmişdi. ( musavat.com )

İnterpress.az