İnterpress.az xəbər verir ki, DAK icra aparatyının rəhbəri Samir Adıgözəlli öz facebook səhifəsində sabiq deputat Nazim Bəydəmirlinin Naxçıvana ayrılan büdcəyə narazılığı ilə bağlı son zamanlar səsləndirdiyi fikirlərə münasibət bildirib.
Yazını olduğu kimi təqdim edirik:
\”Başım tədbirlərə qarışdığı üçün Nazim Bəydəmirli adlı sabiq deputatın sərsəmləməsindən indi xəbər tuturam. Adam nə qədər şoumen olarmış? Ağzından quşu buraxıb, indi onu tuta bilmir. İzlədim və gördüm ki, bütün səviyyələrdə ona layiqli cavab verilib. Nazim regonlararası münasibətləri qızışdırdığının fərqindədir. Üstəlik də, Azərbaycanın Konstitusiyasındakı bəzi maddələrə ironik yanaşır. Naxçıvanın Muxtar Dövlət statusu daşıması sən demə bunu bərk narahat edirmiş. Ölkənin bu cür həssas məqamında Nazim Bəydəmirlinin bu mövzuya təkidlə müraciət etməsini təsadüf saymaq olmaz. Hesab edirəm ki, o, hansısa dairələrin sifarişini icra edir. İndi də yalandan dövriyyəyə başqa bir yalan buraxıb. Guya təhdid olunduğunu yazır. Amma özü də bilmədən yalan danışdığını etiraf edir. Deyir, mənə açıq nömrədən zəng vuran adam özünü rəsmi qurumun təmsilçisi kimi təqdim etdi. Doğrudan da gülməlidir. Məgər, belə üsulla adamı təhdid edirlər? Bu adamda ziyalılıq olsaydı heç olmasa blokadanın nə demək olduğunu başa düşərdi. Üç tərəfdən mühasirələnmiş 1990-2000-ci illər arasında çox ağır şəraitdə yaşamış, bu gün də blokadanın əziyyətini çəkən Naxçıvana köməkliklə bağlı məsələ qaldırardı. Bu adam barəsində kifayət qədər məlumata malikəm. Heç də yaxşı reputasiyaya malik biri deyil. Yəqin ki, onun əməllərilə bağlı daha sonra geniş danışacam.\”
İnterpress.az