Millət vəkili Fəzail Ağamalı İnterpress.az saytına bununla bağlı şərh verib. O bildirib ki, Ermənistan tarixən Rusiyanın güvənc yeri olub.
“Rusiyanın Qafqazda yürütdüyü siyasət hər zaman Ermənistanla əməkdaşlıq çərçivəsində olub. Buna görədə regionda baş verən proseslər və Rusiyanın diplomatik davranışları bizdə başgicəllənmə yaratmamalıdır”.
Fəzail Ağamalı Rusiyanın münaqişənin həllində maraqlı olmadığını bu sözlərlə ifadə edib:
“Rusiya heç bir real addım atmaq istəmir, sadəcə özünün Qafqazdakı mövqeyini möhkəmləndirmək üçün Dağlıq Qarabağ kartından istifadə edir. Ümumiyyətlə, Rusiya bu siyasəti keçən əsrin 20-ci illərində- Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdığı dövrdən davam etdirir”.
Türkiyə-Rusiya münasibətləri zəmnində münaqişənin həlli istiqamətində irəliləyiş gözləməyi əsassız hesab edən millət vəkili söyləyib:
“Ümumiyyətlə bu bizdə sevinc yaratmamalıdır,çünki sırf buna görə Rusiya Ermənistanı itirmək niyyətində deyil. Rusiyanın məsələ ilə bağlı hansısa müsbət davranışı da sadəcə diplomatik gedişdir. Yalnız Türkiyənin davranışlarına və verdiyi bəyanatlara etimad etmək olar. Çünki, Türkiyə dünyada yeganə ölkədir ki, problemin həllini bizim qədər istəyir. Digər dövlətlərin davranışları isə sadəcə gözə kül üfürməkdir. Ən azından biz bu diplomatik gedişlərin altında yatan əsas istəyi, təməl məqsədi bilmirik. Bu məsələnin tənzimlənməsində bir çox dövlətin marağı var, buna görə də həll prosesi çox çətin və mürəkkəbdir”.
Sonda Fəzail Ağamalı əlavə edib ki, regionda ölkəmizin xeyrinə olan dəyişiklikləri diplomatik uğur hesab etmək olar.
“Lakin nəzərə almaq lazımdır ki, bu proseslərdən hələki əllə tutulası bir nəticə gözləmək olmaz. Hal-hazırda Rusiyanın səmimiyyətinə bir o qədər də inanmıram”.
Aytək Yusifsoy
İnterpress.az