İnterpress.az xəbər verir ki, bunu iqtisaçdı eskpert Samir Əliyev mövzunu şərh edərkən bildirib.
Dəyişiklik nəticəsində kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi (müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları istisna olmaqla) torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 1 manat müəyyən edilir və bu vəsait dövlət büdcəsinə köçürüləcək:
“Təyinatı üzrə istifadə edilən və obyektiv səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi isə 1 şərti bal üçün 0,06 manat saxlanılıb. Belə torpaqlardan tutulan vergilər bələdiyyə büdcəsinə köçürüləcək. Bu vaxta qədər fiziki şəxslərdən tutulan torpaq vergisi istisnasız olaraq yerli büdcələrə, yəni bələdiyyələrin büdcələrinə ödənilirdi. Dövlət büdcəsinə isə ancaq hüquqi şəxslərin torpaq vergisi ödənilib. Bu dəyişiklik Azərbaycanda yerli özünüidarə qurumlarının zəif maliyyə potensialını bir qədər də məhdudlaşdırmağa imkan yaradır. Məlumat üçün bildirim ki, 2015-ci ildə ölkədə fəaliyyət göstərən 1600-dan çox bələdiyyədən ümumilikdə 5,3 milyon manatlıq torpaq vergisi yığılıb. Torpaq vergisi üzrə daxilolmalar yerli 17%-ni təşkil edir. Bələdiyyələrin maliyyə potensialının məhdudlaşdırılması Azərbaycanın da qoşulduğu Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının tələblərinə ziddir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 2012-ci ildə hazırladığı 326 saylı Tövsiyədə bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinin vacibliyi qeyd edib.
Xatırladaq ki, 2006-cı ildə də yerli vergi olan nəqliyyat vasitələrindən əmlak vergisi Yol vergisinə çevrilərək dövlət büdcəsinə köçürülüb.
Gülşanə Mustafayeva
İnterpress.az