İnterpress.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş və şahidlər ifadə verib.
Zərərçəkmiş İslam Aslanov bildirib ki, hadisə günü evdə olub: \”Yanğın günü evdə oturmuşduq. Yoldaşım çöldən səs gəldiyini dedi. Pəncərəyə yaxınlaşanda həyətda hər kəsin toplaşdığını və binanın yandığını gördüm. Sonra aşağı qaçdıq. Binaya elə bil benzin tökülmüşdü. Yanğın hər yana yayılırdı. Evdə olan hər şey yandı\”.
Şahid Gündüz Abbasov ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslərdən Fərid Sadıqovu tanıyır: \”Mən zavoda işə sinif yoldaşım İlham müəllimin dəvəti ilə gəlmişəm. Fərid Sadıqovu da həmin zaman orada İlham müəllimin yanında görmüşəm. Zavodun mühasibatlıq işində köməklik etmişəm\”.
Şahid Hidayət Süleymanov da təqsirləndirilən şəxslərdən F.Sadıqovu tanıdığını bildirib. Onun sözlərinə görə, zavodun tikintisi 3 il ərzində baş tutub: \”Mən zavodda texniki işlərin görülməsi ilə məşğul olmuşam. Zavodun istehsal etdiyi məhsullar ilə əlaqəm yox idi. Bu, mənim işim deyildi. Həmin zavodda çalışan zaman ora rəhbərlik edənin Mamed müəllim olduğunu bilirdim. Mərhum Nüsrət Muxtarov isə tikinti işləri üzrə müavin vəzifəsində çalışırdı\”.
Daha sonra hakim bildirib ki, təqsirləndirilənlərdən, həbsxanada dünyasını dəyişmiş Nüsrət Muxtarovun nümayəndəsi olan onun oğlu Asif Muxtarov hərbi xidmətə gedib. Bu səbəbdən də mərhumun nümayəndəsi N.Muxtarovun qardaşı Elşən Muxtarov olacaq.
Məhkəmənin növbəti prosesi noyabrın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. (musavat.com)
İnterpress.az