Sərəncamda qeyd olunur ki, kiçikhəcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti (bundan sonra – Xidmət) yaradılır
Fövqəladə Hallar Nazirliyinə nazirliyin fəaliyyətinin optimallaşdırılması barədə təkliflərini və Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır.
Sərəncamda qeyd olunur ki, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu”nun “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. doqquzuncu bənd ləğv edilsin;
3.2. onuncu bənd aşağıdakı redaksiyada verilsin:
“Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti”.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncamda deyilir ki, fərmanın 4-cü və 5-ci hissələrinin icrası ilə bağlı qəbul ediləcək hüquqi aktlar Xidmətin Əsasnaməsi qüvvəyə mindiyi gündən tez qüvvəyə minməsin.
İnterpress.az