Bəzi televiziya aparıcılarının fəxri ad alması, bəzilərinin isə adının siyahıda olmaması cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Illərini televiziyaya həsr edən bəzi aparıcıların siyahıdan kənarda qalması onlarda narazılıq yaradıb.
Musavat.com fəxri ad almayan aparıcıların fikirlərini öyrənib.
Televiziya aparıcısı, “Yeni Müsavat” qəzetinin müxbiri Həmid Herisçi adının siyahıda olmamasından narazıdır: “Bir siyahıda ki, İlhamiyyə Rza (red. teleaparıcının həyat yoldaşı) və Həmid Herisçinin adı yoxdur, o yarımçıqdır. Biz Fərhad kimi külüng vurmuşuq, İlhamiyyə olub Şirin, mən olmuşam Fərhad… Biz sütunsuz dağları çapmışıq. Bütün bunlar onlayn rejimdə, hamının gözü qarşısında olub. Azərbaycan televiziyasının 1957-ci ildən ənənələri var. Bu ənənələri dağıdan, oraya okeanın o biri tərəfindən gəlmiş, yad reytinq sistemini tətbiq edən, efiri şouya çevirən qüvvələrlə mübarizə aparmışıq. Yaltaqlanmayan veriliş aparıcısı olmuşuq. Azərbaycanın hər zümrəsi ilə gözəl münasibətimiz var. Əməksevərik, mövzularımız zəngindir. Bizim siyahıdan kənarda qalmağımız bəzi adamlara lazımdır, o adamların əksəriyyəti qeyri-peşəkardır. Mən Dilarə Səlimovanın, Nəsimi Nəbizadənin siyahıda olmasına çox sevindim. Siyahıya bəzi adamaların adı təsadüfən düşüb, siyahı kiçik olmalı idi. Siyahıda İlhamiyyə Rza ilə Həmid Herisçinin adı yoxdursa, bu qüsurdur”.
Aparıcı Kamran Həsənli fəxri ada layiq olan həmkarlarını təbrik edib: “Televiziya işçilərinə fəxri adların verilməsi barədə sonradan eşitdim. Fəxri ada layiq olan insanları təbrik edirəm. Mən o sahədən uzağam. Bilmirəm, mən televiziyadan küsmüşəm, yoxsa televiziya məndən küsüb. Yəqin ki, televiziya məndən küsüb, çünki onu tez-tez tənqid edirəm. Bağışlasınlar ki, yalandan tərifləməyi bacarmıram. Əvvəl əməkdarlara münasibətim necə idisə, indi də dəyişməyib. Yenə də hər birini təbrik edirəm”.
Uzun müddətdir ki, televiziyadan uzaq gəzən aparıcı Ramal Hüseynov fikirlərini sosial şəbəkədə bölüşüb: “Deyəcəyəm, deyəcəklər ki, paxıllıqdan ölür! Vallah paxıllıq eləmirəm. And olsun o gözə görünməzə… Dünyanın heç bir ölkəsində müğənniyə, aktyora, jurnalistə dövlət tərəfindən fəxri adlar verilmir. Bu fəxri ad məsələsi SSSR-nin qalıqlarıdır. Bu adlar nə millətə, nə də sənətə xidmətə stimul vermir, əksinə intriqalara və çəkişmələrə gətirib çıxarır. Necə ki, bunun savaşını, mübarizəsini hamımız görmüşük. Rəhmətlik aktrisa Ofeliya Aslan yadıma düşdü. Qadın \”ad\” deyə-deyə öldü. Eləcə də illərlə mediada, sənətdə olan həqiqi, peşəkar sənət adamları və jurnalistlər… Bu arada kimə nə ad veriblərsə, sağlığına qismət… Allah xoşbəxt eləsin”.
İnterpress.az