MN yaralanan hərbi qulluqçunun müraciətinə reaksiya verdibackend

MN yaralanan hərbi qulluqçunun müraciətinə reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəzər Əbdürrəhmanov müraciətində bildirib ki, 2015-ci ilin avqust ayının 13-də döyüş tapşırığını yerinə yetirərkən minaya düşməsi nəticəsində sağ əlinin biləkdən yuxarı hissəsi və sağ gözünün görmə qabiliyyəti tamamilə, sol gözünün görmə qabiliyyəti isə qismən itib. Sitat: “Hazırda heç bir gözüm görmür. Hərbi Hospitaldan sol gözümün tam müalicəsi başa çatmamış tərxis edilmişəm. Sol gözümün hissiyyatı qalıb, yəni işığı hiss edə bilirəm. Bu o deməkdir ki, mənim sol gözümün görmə şansı hələ də vardır. Türkiyənin İstanbul şəhərində yerləşən “Dünyagöz” xəstəxanasında doktor Anil Kubanoğlu bu sahədə ixtisaslaşmış həkimdir. İlkin müayinələrin nəticələrinə əsasən təkcə əməliyyat üçün 12000 dollar vəsait tələb olunur. Ailə vəziyyətimizin maddi durumu ağırdır. Mənə təyin olunan pensiya yalnız dolanışığımız və dərmanlara güclə çatır. Bu vəziyyətdə mənim xarici ölkədə müalicə olunmağım qeyri-mümkündür”.

N. Əbdürrəhmanov üzləşdiyi durumla bağlı qəzet vasitəsi ilə dövlətdən və imkanlı şəxslərdən kömək istəyib.

Bu müraciət qəzetdə dərc edildikdən sonra Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Yeni Müsavat”a məktub daxil olub. Məktubda bildirilir, ehtiyatda olan gizir Əbdürrəhmanov Nəzər Firudin oğlunun yardıma ehtiyac olması və müvafiq qurumlardan ona maddi yardım göstərilməsi ilə bağlı dərc edilən məlumatlara hərbi hissənin zabiti polkovnik Aydın Əyyubov aydınlıq gətirib.

A.Əyyubovun müraciətində deyilir: “2015-ci il avqust ayında xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində travma alan hərbi qulluqçu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ixtisaslı mütəxəssislər tərəfindən uzun müddət müalicə olunub.

Bundan əlavə, hərbi qulluqçu 2015-ci ilin dekabr ayında Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasında, 2016-cı ilin fevral ayında isə İran İslam Respublikasında müayinə və müalicədə olub. Bu məqsədlə ona səfərləri üçün lazımi miqdarda maddi yardım edilib.

Hərbi qulluqçunun sosial-məişət şəraiti nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən ona Badamdar qəsəbəsində, çoxmərtəbəli binanın 2-ci mərtəbəsində, tam təmirli sahəsi 93.5 kv.m. olan 3 otaqlı mənzil ayrılıb, həmçinin məişət əşyalarının alınması məqsədilə ona maddi köməklik də göstərilib.

Gizir N.Əbdürrəhmanova xidməti vəzifələrini yerinə yetirərkən aldığı travma ilə əlaqədar birdəfəlik dövlət sığortası və kompensasiya da ödənilib.

Hərbi qulluqçunun xidmət illəri hesablanaraq qanun çərçivəsində müəyyən edilmiş məbləğdə pensiya təyin edilib. Bundan əlavə, xidmət yoldaşları tərəfindən onun adına bank hesabı açılaraq hər ay müəyyən məbləğdə pul yardımı edilir, eləcə də hər bayramda ailəsinə baş çəkilir, tez-tez onunla telefon əlaqəsi qurulur və problemləri ilə maraqlanılır.
Onu da qeyd etmək istərdim ki, bağlaşma ilə hərbi xidmətə qəbul olunarkən döyüş tapşırıqlarında iştirakına könüllü razılıq verir və bununla bağlı müvafiq sənədlərə imza atır.
Əfsuslar olsun ki, ehtiyatda olan gizir N.Əbdürrəhmanovun özünə də dəfələrlə bildirildiyi kimi onun travma nəticəsində aldığı “sol gözün posttravmatik subatrafiyası” diaqnozunun müalicəsi və görmə qabiliyyətinin bərpası hələlik müasir tibb elmi tərəfindən mümkün deyildir”.

İnterpress.az