Bir-iki ay bundan əvvəl ölkə prezidenti cənab İlham Əliyevin göstərişi ilə bağlı yayılmış xəbərdə bildirilirdi ki, V çağırış Milli Məclisə seçkilərdə bəzi təbəqələrdən olan vətəndaşların millət vəkili seçilməsinə xüsusi məhdudiyyət qoyulacaq. Bunlar kimlərdir:
1. Universitet rektorları və digər elm, təhsil ocaqlarının rəhbərləri
2. Biznesmenlər
3. 3 çağırış millət vəkili seçilmiş Azərbaycan vətəndaşları
4. Yaşı 70-i çoxdan ötmüş, Milli Məclisdə qocalmış vətəndaşlar
5. Məclis iclaslarında 5 il ərzində ağzını açıb danışmayan, partiyanın (YAP-ın) siyasi, sosial iqtisadi siyasətini təqdir etməyən, yalnız “düymə“ basmaqla və telefonla oyun oynamaqla məşğul olan deputatlar və s.
Bu xəbər bütün cəmiyyətimizi həddən artıq sevindirdi. Ona görə ki, Milli Məclis qanunverici qurum olaraq bir sıra məsələləri həll etsə də, il ərzində xalqın gündəlik əsas problemlərinin həlli ilə bağlı heç nə ilə yadda qalmadı:
– Hələ də ölünü dəfn etmək üçün torpaq pulla satılır.
– Ölkədə yas mərasimləri dəbdəbəli, təntənəli formada qeyd olunur (Naxçıvan MR-dan başqa).
– Şadlıq saraylarında ən ucuz bir masanın (yerin) qiyməti 50-100 manatdır.
– Müqəddəs dini ocaqlara gedən zəvvarların yarıdan çoxu bazar alverçiləridir. Onların bir çoxu bu ocaqlara 15-20 dəfə gedib-gəlmişlər.
– Müstəqillik dövründə banklara qoyulmuş, inflyasiyaya uğramış əmanətlər barədə heç bir tədbir görülmür. Həmin əmanətlər hansı formada olursa-olsun vətəndaşlara geri qaytarılmalıdır. İnkişaf etmiş ölkələrdə inflyasiya nəticəsində baş vermiş ziyanlarda hökumət məsuliyyət daşıyır.
– Sənədsiz evlərin sənədləşdirilməsi, kommunal və digər xərclərin ödənilməsinə cəlb edilməsi məsələsi həll olunmadı.
– Çörək istehsalçılarının yarıtmaz işinin nəticəsində müqəddəs nemət saydığımız külli miqdarda çörək və un məhsulları zibil qutularına atılır və ya mal-qaraya, donuzlara yedirdilir.
– Bakıda yaşayıb, Xəzər dənizinin sahilində istirahət edə bilməyən imkansız vətəndaşların qarşısını kəsən “sunami“ hasarlarının sökülməsi məsələsi və s. öz həllini tapmadı.
– Hələ də vətəndaşlara təyin edilmiş pensiyalar və müavinətlər çox aşağı səviyyədədir.
– Respublikanın televiziya kanallarının əksəriyyətində milli mentalitetimizi ləkələyən verlişlər təqdim olunur, uşaqların və gənclərin tərbiyəsini pozur, böyüklərin abır-həyasına xələl gətirir. Vətəndaşlarımız milli televiziyamıza baxa bilmirlər.
– Kənd əhalisi min bir əziyyətlə becərdiyi kənd təsərrüfatı məhsullarını bazarda sata bilmir. Bazar alverçiləri və işbazlar kəndlinin məhsulunu su qiymətinə əlindən alır.
– Artıq yanacaq satmaqla, külli miqdarda gəlir əldə etmək xatirinə tıxacların aradan qaldırılmasına əngəl törədən işbazlar bu millətin zülm çəkməsindən zövq alırlar. Dünyanın bir çox ölkələrində kimliyindən asılı olmayaraq bütün vətəndaşlara (ictimai və xüsusi dövlət xidməti nəqliyyatından başqa) ayın tək günlərində axır nömrəsi tək rəqəmlə qurtaran maşınlara, cüt günlərində isə cüt rəqəmlə qurtaran avtomobilləri istifadə etməyə icazə verilir
– Neft istehsal edən dövlətlər arasında yanacağın baha qiymətə satışa çıxaran dövlətlərdən biri kimi tanınır və s.
Bu kimi həllini tapmamış gündəlik problemlər az deyil. Bütün bu problemlərin həlli məsələsi Milli Məclis qarşısında qaldırılsa da, ona əhəmiyyət verilmir. Milli Məclisin beş illik fəaliyyəti xalqın əsas problemlərinin həlli baxımından heç nə ilə yadda qalmadı…
Şad xəbər ondan ibarətdir ki, keçmiş deputatlardan bir çoxu onlara qarşı tətbiq ediləcək məhdudiyyəti nəzərə alaraq Milli Məclisə seçkilərdə iştirak etmək istəməyiblər.
Azərbaycan xalqının (iqtidar-müxalifət nümayəndəsi olmasını nəzərə almayaraq) cavan və orta yaşlı, çox savadlı, bacarıqlı, işgüzar və mənəvi cəhətdən kamil vətəndaşları yüzlərlədir. Cəmiyyət onları Millət Vəkili görmək istəyir.
Bəd xəbər ondan ibarətdir ki, qanunverici bir qurum olan Milli Məclisi yaxşı qazanc yeri, müdafiə yeri, \”krişa\” obyekti, var-dövlət sahibi olmaq üçün əl-qol açmaq məkanı hesab edən naxırçılar, çobanlar, traktorçular, taksi sürücüləri, hətta at oğruları və başqaları da Millət Vəkili olmaq fikrinə düşüblər. Məlumdur ki, iqtidar və müxalifət partiyaları da daxil olmaqla ölkədə 55 siyasi partiya qeydiyyata alınmışdır. Həmin partiyaların demək olar hamısı seçkilərdə iştirak etmək qərarına gəlmiş, deputat seçilmək iddiası ilə ortaya atılmışlar. Çox maraqlıdır ki, 5-6 nəfər partiya üzvü olan partiyaların namizədləri 450 seçici imzalarını necə və haradan toplayacaqlar.
Əsl Millət Vəkili adını daşımaq çox məsuliyyətli və şərəfli işdir. Millət Vəkili hər şeydən əvvəl öz dövlətini, xalqını və millətini sevən, onun siyasi, sosial-iqtisadi durumunun inkişafı yolunda daim mübarizə aparan, savadlı, şəxsiyyətli, dönməz əqidəli bir insan olmalıdır. Milli Məclisə hüquqşünaslar, tarixçilər, iqtisadçılar, dilçi-ədəbiyyatşünaslar, incəsənət xadimləri, yazıçı-şairlər, kənd təsərrüfatı mütəxəssisləri, peşəkar maliyyəçilər, öz dövlətinin və millətinin mənafeyini hər şeydən üstün tutaraq, ölkəsini dünya miqyasında tanıtmaq yolunda daim fədakarlıq göstərən Azərbaycan vətəndaşlarının seçilməsinə dəstək vermək vacibdir.
Milli Məclisə seçkilərdə iştirak edəcək belə vətəndaşlara kömək məqsədi ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinə (2013), Mərkəzi Seçki Komissiyasının “Seçkilər (Referendum), Təlimat, qayda və izahlar“a (2013), Milli Məclisə seçkilərinə dair \”Təlimat, qayda və izahlar“ (2015) (I və II kitabçalara) əsaslanaraq Milli Məclisə namizədliyin irəli sürülməsi və namizədliyin qeydə alınması üçün Dairə Seçki Komissiyalarına təqdim olunacaq sənədlər haqqında məlumatı təqdim edirik:
Öz təşəbbüsü ilə Milli Məclisə namizədliyinin irəli sürülməsinə aşağıdakı sənədlər Dairə Seçki Komissiyasına təqdim olunmalıdır:
1. Namizədliyin irəli sürülməsinə dair bildiriş
2. Öhdəlik ərizəsi (Millət Vəkili seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəlik)
3. Namizədin səlahiyyətli nümayəndə təyin edilibsə, onun notariat qaydada təsdiq edilmiş vəkalətnaməsi
4. Namizəd siyasi partiya mənsubiyyətini göstəribsə, ona dair təsdiqedici sənəd
5. DSK-da təqdim olunmuş sənədlərə 5 (beş) gün müddətində baxılır.
• Sənədlərin qəbul edilməsi barədə arayış namizədə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.
• Namizədin irəli sürülməsinin təsdiq olunub – olunmaması barədə qərar namizədə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim olunur.
• Şəxsiyyət vəsiqəsinin əsli və surəti.
• Diplomun əsli və surəti.
• İş yerindən arayış (işləyib – işləməməsi barədə).
• Foto – 3×4 – 4 ədəd.
Təşəbbüs qrupu tərəfindən Milli Məclisə namizədliyinin irəli sürülməsi halında aşağıdakı sənədlər Dairə Seçki Komissiyasına təqdim olunmalıdır
1. Seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədin irəli sürülməsi barədə yığıncağın protokolu
2. Namizədin irəli sürülməsinə təşəbbüs edilməsinə dair bildiriş
3. Öhdəlik ərizəsi (Milli Məclis üzvü seçiləcəyi halda tutduğu vəzifəyə xitam verəcəyi barədə öhdəliyi göstərilməklə)
4. Namizədin səlahiyyətli nümayəndəsi təyin edilibsə, onun notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi
5. Namizəd siyasi mənsubiyyətinə dair məlumat göstəribsə, ona dair təsdiqedici sənəd təqdim etməlidir
• Sənədləri namizəd, təşəbbüs qrupunun nümayəndəsi və səlahiyyətli nümayəndə təqdim edə bilər. Sənədlərin qəbul edildiyi barədə arayış bu şəxslərdən birinə verilir.
• Sənədlərə 5 gün müddətində baxılır və namizədin irəli sürülməsinin təsdiq olunub – olunmaması barədə qərar namizədə, onun səlahiyyətli nümayəndəsinə və ya təşəbbüs qrupunun nümayəndəsinə verilir.
• Şəxsiyyət vəsiqəsinin əsli və surəti.
• Diplomun əsli və surəti.
• İş yerindən arayış (işləyib-işləməməsi barədə).
• Foto 3×4 – 4 ədəd.
Siyasi partiya tərəfindən Milli Məclisə namizədliyinin irəli sürülməsinə aşağıdakı sənədlər Dairə Seçki Komissiyasına təqdim olunmalıdır :
1. Siyasi partiyanın qeydiyyata alınması barədə Şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti
2. Siyasi partiyanın qüvvədə olan Nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti
3. Namizədin irəli sürülməsinə dair yığıncağın protokolu və qərarı (konfrans, qurultay, iclas)
4. Namizədin irəli sürülməsinə dair bildiriş
5. Namizədin razılıq ərizəsi (öhdəliyi göstərilməklə)
6. Səlahiyyətli nümayəndə təyin edilibsə yığıncağın qərarı
7. Səlahiyyətli nümayəndənin Mülkü Məcəllədə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnaməsi
• Səlahiyyətli nümayəndələrin siyahısı
• Dairə Seçki Komissiyası sənədlərin qəbul edilməsi barədə arayışı partiyanın səlahiyyətli nümayəndəsinə təqdim edir.
• Namizədin irəli sürülməsi sənədlərinə 5 gün müddətində baxılır.
• Namizədin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar namizədin səlahiyyətli nümayəndəsinə təqdim olunur.
• Şəxsiyyət vəsiqəsinin əsli və surəti.
• Diplomun əsli və surəti.
• İş yerindən arayış (işləyib-işləməməsi barədə).
• Foto 3×4 – 4 ədəd.
Siyasi partiyalar bloku tərəfindən Milli Məclisə namizədliyinin irəli sürülməsinə dair aşağıdakı sənədlər Dairə Seçki Komissiyasına təqdim olunmalıdır:
1. Siyasi partiyaların bloka daxil olan partiyaların namizədin irəli sürülməsi barədə qərarları və iclasların protokolları
2. Siyasi partiyaların, bloka daxil olan partiyaların namizədin irəli sürülməsi haqqında qərarı və iclasın protokolu
3. Hər bir namizədin irəli sürülməsinə dair bildiriş
4. Bloka daxil olan partiyaların səlahiyyətli nümayəndələrinin Mülkü Məcəllədə nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri
5. Səlahiyyətli nümayəndələrin siyahıları (partiyalar üzrə)
6. Namizədin razılıq ərizəsi (öhdəliyi göstərilməklə)
• Təsdiq olunmuş sənədlərə 5 gün müddətində baxılır.
• Sənədlərin qəbul edilməsi barədə arayış partiya blokunun səlahiyyətli nümayəndəsinə verilir.
• Namizədin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir.
• Şəxsiyyət vəsiqəsinin əsli və surəti.
• Diplomun əsli və surəti.
• İş yerindən arayış (işləyib-işləməməsi barədə).
• Foto 3×4 – 4 ədəd.
Namizədin Milli Məclisə üzvlüyünü qeydə alınması üçün Dairə Seçki Komissiyasına təqdim olunan sənədlər:
1. Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri
2. İmza vərəqələrinin toplanması haqqında yekun protokolu (2 nüsxə tərtib edilməlidir)
3. Namizədin öhdəlik ərizəsində dəyişiklik olarsa, dəyişiklik barədə bildiriş
4. Seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərin miqdarı və mənbələri barədə məlumat
5. Bütün gəlirlərin illik cəmi barədə arayış
6. Namizədə məxsus əmlak barədə məlumat
7. Seçici imzalarının toplanması üçün sərf edilmiş ilkin maliyyə hesabatı
• Sənədlərin qəbul edilməsi barədə arayışın bir nüsxəsi sənədləri təqdim edən şəxsə verilir. Arayış seçki komissiyasının sədri, üzvlərdən biri və sənədi təqdim edən şəxs tərəfindən imzalanır və möhürlənir.
• Namizədin qeydə alınıb-alınmaması barədə qərar 7 gün müddətində qəbul edilməlidir.