Metro açılır: yollardakı tıxac, avtobuslardakı sıxlıq azalacaqmı?backend

Metro açılır: yollardakı tıxac, avtobuslardakı sıxlıq azalacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın əldə etdiyi məlumata əsasən  Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, metropoliten bağlandığı gündən hər gün hazırlıq rejimində çalışır: “Texnoloji proseslərə uyğun işlər aparılır. Lakin bunun sərnişindaşımanın bərpası və ya bağlı qalması ilə bağlılığı yoxdur. Nə vaxt qərar verilsə, o vaxtdan işə başlayacağıq”.

Qeyd edək ki, Metropolitenin bağlı qalmasının səbəbi kimi, ekspertlər pandemiya dövründə sərnişin sayının az olması və bu ictimai nəqliyyat növünün zərərlə işləməsini əsas gətirirdi. Çünki adi vaxtlarda belə Bakı Metropoliteni rəsmiləri qurumun zərərlə işlədiyini və bir nəfərin metrodan istifadə xərclərinin 30 qəpikdən artıq olduğunu bildirmişdilər. Lakin Bəxtiyar Məmmədov metronun bağlı qalmasının məhz pandemiya ilə bağlı olduğunu bildirdi: “Metronun bağlanması sırf epidemik vəziyyətlə bağlı idi. Burada sərnişindaşımanın qiymətləndirilməsi və onun bu qərarda rolunun olub-olmadığını Operativ Qərargah deyə bilər. Əsasən virusun yayılmasının qarşısını almaq məqsədilə bu qərar verildi”.

Metropolitenin pandemiya dövründə fəaliyyətinin rentabelli olmamasına gəlincə, B.Məmmədov vurğuladı ki, bu pandemiyadan öncə də belə idi: “Dünyada ictimai nəqliyyat strukturundan söhbət gedirsə, əksər metropolitenlərin ziyanla işləməsi faktdır. Bu pandemiyaya qədər də belə idi, pandemiya da təbii ki, bir çox sahələrə olduğu kimi metropolitenə də mənfi təsir göstərdi. Operativ Qərargahın qərarına uyğun olaraq fəaliyyətimizi bərpa edəcəyik. Sərnişin olsa da, olmasa da, metro hazır vəziyyətdə saxlanılır. Mürəkkəb infrastrukturu olan yerlatı nəqliyyat növü olduğundan bəlli texniki-normativ sənədlərlə tənzimlənir”.

Bəxtiyar Məmmədov

Metropolitendə havalandırma sisteminin standartlara uyğun olmamasına gəlincə, qurumun sözçüsü problemin virusun yayılması ilə əlaqədar olduğunu bildirdi: “Metroda havalandırma sisteminin epidemik vəziyyətə təsiri ventelyatorların texniki xüsusiyyətləri ilə bağlı deyil. Bütün metropolitenlərdə bu sistem eynidir. Bizim ventelyasiya sistemi saz və işlək vəziyyətdədir. Onun yaxşılaşdırılması istiqamətində müntəzəm addımlar atılır. Əsas problem ventelyatorların iş prinsipinin COVID-19 virusunun yayılmasına təsiri ilə bağlıdır. Burada söhbət virusun yayılmasından gedir. Nə ventelyasiya sisteminin vəziyyətindən, nə düzgün qurulub-qurulmamasından asılı deyil. Birinci məsələ yanğın təhlükəsizliyidir, hansısa hadisə olarsa, tüstünün sovrulub çıxarılması, təmiz havanın verilməsidir. İkinci məsələ metropoliten infrastrukturunun, metroların, tunel avadanlıqlarının geoloji təsirlərdən qorunmasıdır. Bu prinsiplər bütün metropolitenlərdə eynidir. Burada hər hansı fərqdən danışmaq mümkün deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğuladı ki, metronun ziyanla işləməsi mümkün deyil: “Bu günə qədər Metropoliten tərəfindən hər hansı bir alqoritm açıqlanmayıb ki, maya dəyəri ümumiyyətlə necə hesablanır. Çünki metronun əksər xərclərini dövlət maliyyələşdirir. Vaqonların alınmasını dövlət maliyyələşdirir, dövlət büdcəsindən hər il dotasiyalar alırlar, investisiya xərclərində dövlətin payı böyükdür. Necə ola bilər ki, bütün bunlara rəğmən Metropoliten ziyanla işləsin. Bu cür açıqlama verən Metropoliten rəhbərliyi onun hesablanması düsturunu da cəmiyyətə açıqlamalıdırlar. Bu dövlət qurumudur və maliyyələşməsində vergi ödəyicisi kimi bizim də payımız olduğu üçün vətəndaş olaraq, maliyyə detallarını bizə açıqlamalıdırlar”.

Nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, istər ictimai nəqliyyatın, istərsə də metronun fəaliyyəti nə qədər intensiv olsa, bu, Bakı şəhərində tıxacların aradan qalxmasına xidmət edəcək: “Metro açıldıqdan sonra tıxaclar xeyli aradan qalxacaq. Əgər biz pandemiyadan müdafiə məqsədli tədbirləri nəzərdən keçirsək, ictimai nəqliyyat kimi avtobuslarda da sıxlıq olur. Şənbə və bazar günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması bu sıxlığı daha da artırır. Hansısa istisna qrafiklər, müəyyən nəzarət mexanizmi tətbiq etməklə maskadan istifadə edilməsi, dezinfeksiya edici maddələrdən metro girişlərində istifadəni təmin etməklə Metropolitenin fəaliyyətini bərpa etmək olar. Qəti surətdə pandemiya təhlükəsinin aradan qalxdığını demək çətindir. Çünki dünya ölkələrinin bəzilərində yenidən gücləndirilmiş tədbirlər həyata keçirilir. O mənada müəyyən istisnalar və ciddi qayda-qanunlarla metronun hərəkətini bərpa etmək lazımdır”

İnterpress.az