Noyabrın 16-da ölkənin internet şəbəkəsində baş verən qəzadan sonra bir məsələ dəqiq aydın oldu: ölkəyə daxil olan internet trafikini bir telekommunikasiya provayderinin inhisarına vermək olmaz. Azərbaycana daxil olan internet trafikinin ilkin provayderi kimi təqdim edilən, əslində isə hansısa qaranlıq səbəblər üzündən inhisarçı mövqeyinə çıxarılmış “Delta Telecom” trafikin 90%-dən artığına nəzarət edir. Eyni funksiyalara malik “Azərtelekom” MMC isə trafikin yalnız bir neçə fazini təmin edir. İnternet provayderləri orta hesabla 50 kanal “Delta Telecom”dan götürdükləri halda, yalnız 1 kanal, onu da bərayi-ehtiyat “Azərtelekom”a qoşublar. Halbuki, “Azərtelekom” şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirmək imkanına malikdir.
İltimas Məmmədov – rabitə və yüksək texnologiyalar naziri vəzifəsini icra edən
Dünən ölkənin internet şəbəkəsini məhz həmin bərayi-ehtiyat kanalları xilas elədi. Bunun hesabınadır ki, rabitə və yüksək texnologiyalar naziri vəzifəsini icra edən İltimas Məmmədov qəza olmasına baxmayaraq, qəzanın ölkədən keçən tranzit trafikinə təsir etmədiyini bildirir: “Gürcüstan, İran və Yaxın Şərqə gedən internet kanalları tam gücü ilə işləyirdilər və ona görə də, Azərbaycandan keçən tranzit trafiki ilə bağlı problem yaranmayıb”.
Amma qəza ölkənin bank sektorunu, xüsusilə pul köçürmələrini iflic etdi – 1,7 min bankomat, 30 minə yaxın POS-terminal işləmədi, 2,5 milyon kart sahibi hesabından pul çıxara və ya ödəniş gerçəkləşdirə bilməmədi. Yüzlərlə plastik kart bankomatların içində qaldı. Azərbaycan analoqu olmayan bu qəzası ilə dünya mətbuatının baş səhifəsinə çıxdı. Aparıcı KİV-lər hansısa bir provayderin hansısa bir kabelində baş vermiş kiçik bir yanğının bütün ölkənin həyatını necə iflic etməsinə heyrətlərini gizlədə bilmədilər.
Azərbaycan İnternet Forumunun rəhbəri, rabitə texnologiyaları eksperti Osman Gündüz hətta bir inhisarçı provayderlə belə qəzadan qaçmağın mümkün olduğunu vurğulayır: “Azərbaycana internet trafiki 4 istiqamətdən – İran, Türkiyə, Gürcüstan və Rusiyadan daxil olur. “Delta Telecom” həmin trafiki bir nöqtəyə yığır və ölkəyə paylayır. Əslində, paylama mərkəzlərinin də sayı çox olmalıdır ki, bu cür qəzalar vaxtı trafikə təsir göstərməsin”,- deyə rabitə texnologiyaları eksperti ANS PRESS-ə bildirib.
Dünyanın heç bir dövlətində ölkəyə daxil olan internet bir inhisarçı şirkətə həvalə edilməyib. Məsələn, Rusiyada bu işlə 10-a yaxın şirkət məşğul olur. Həmin şirkətlərin özlərinin də ölkə ərazisində onlarla filialı var. Yəni Rusiyada internetin yalnız lokal sönməsi mümkündür. Azərbaycanda isə bütün trafikin texniki imkanı barədə dəqiq məlumatın olmadığı bir şirkətə verilməsi təxribatdan başqa bir şey sayıla bilməz.
Osman Gündüzün sözlərinə görə, bir neçə il əvvəl gerçəkləşdirilməsi nəzərdə tutulan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi də gerçəkləşdirilsəydi Azərbaycanın internet şəbəkəsi bu cür prolemlərlə üzləşməzdi: “Sadəcə, bu barədə hələ ki, danışırlar, amma layihə gerçəkləşdirilməmiş qalır”.
TASİM layihəsi çərçivəsində Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik internet xəttinin çəkilməsi nəzərdə tutulur. Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xətti Azərbaycan ərazisindən də keçəcək. Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək bu xəttə Azərbaycan şəhərlərinin birbaşa çıxışı olacaq. Bu, hansısa ilkin telekommunikasiya provayderinə ehtiyacı aradan qaldıracaq. Bu tranzit xətt Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Almaniyaya çatacaq. Layihə ilə əlaqədar nəzərdə tutulan ehtiyat şimal tranzit xəttin isə Rusiya, Ukrayna və Polşadan keçməsi planlaşdırılır.
Amma 2008-ci ildən əsası qoyulmuş bu layihə üzrə hüquqi müstəvidə müəyyən irəliləmələr əldə edilsə də, layihə hələ ki, gerçəkləşdirilə bilmir. Buna görə, Azərbaycan layihənin gerçəkləşməsini gözləmədən özünün ehtiyat variantlarını həyata keçirməlidir. İnternet trafikinin bir şirkətin əlinə verilməsi iqtisadi qanunların pozulması ilə yanaşı, həm də rabitə şəbəkəsini təhlükə altına salmaqdır. Hökumət məhz bu məsələyə diqqət yetirməlidir. Əks halda, analoqu olmayan 6 saatlıq internet iflici yenidən təkrarlana bilər və ölkə iqtisadiyyatına dəyən zərərin bu dəfə gizlədilən miqdarı dəfələrlə arta bilər.
Interpress