Meksikanın aparıcı radiosunun dinləyiciləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və regionda münaqişədən sonrakı vəziyyət barədə məlumatlandırılıb.
Ölkəmizin Meksikadakı səfirliyindən bildiriblər ki, Meksikanın çoxmilyonlu dinləyici kütləsinə malik “MVS” radio kanalı səfir Məmməd Talıbovun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işləri, bu istiqamətdə mövcud maneələr və regionda münaqişədən sonrakı vəziyyət barədə müsahibəsini yayıb.
Müsahibədə 44 günlük müharibənin yekununda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 illik erməni işğalından azad etdiyi, hazırda ölkə qarşısında duran başlıca çağırışın azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtmasına şəraitin yaradılması olduğu bildirilib.
Bu məqsədin həyata keçirilməsi üzrə mövcud maneələrdən danışan diplomat işğal müddətində bu ərazilərdə yaşayış infrastrukturunun tamamilə dağıdıldığını, tarixi-mədəni irsimizin məhv edilməsinə cəhd göstərildiyini, habelə olduqca geniş sahələr boyu kütləvi minalanma aparıldığını söyləyib. Səfir bildirib ki, Ermənistan tərəfi beynəlxalq humanitar hüququn tələblərinə və beynəlxalq öhdəliklərinə zidd olaraq, həm hərbi, həm də mülki vətəndaşlarımız arasında itkilərə səbəb olmaqda davam edən minaların basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina edir.
Bununla belə, regionda Azərbaycan tərəfindən minatəmizləmə işləri ilə yanaşı, uzun vaxt və irihəcmli sərmayələr tələb edən bərpa və yenidənqurma işlərinə də artıq start verildiyini, bu xüsusda nəqliyyat infrastrukturu, hava limanları və digər əhəmiyyətli infrastruktur layihələrinin icrasına başlanıldığını deyib. Eyni zamanda, səfir münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarımızın ölkənin hüquq sisteminə inteqrasiyasının da qarşıda duran vəzifələrdən olduğunu bildirib.
İnterpress.az