Güney Azərbaycan Milli Hökümətinin 70-ci ildönümünə hazırlıq ərəfəsində Dünya Azərbaycanlıları Konqresi Məşvərət Məclisinin üzvü, AMEA- nın Ziya Bünyadov adına Şərqşünaslıq institunun elmi əməkdaşı, Güney Azərbaycan Elmi Araşdırmalar Şöbəsinin sabiq rəhbəri professor Əkrəm Rəhimli ilə görüşüb söhbətləşdik. Güney Azərbaycandakı xalq hərakatının dünənindən, bu günündən, sabahından danışıb, \” 21Azər hərakatı\” nın xarakterik cəhətlərini, Milli Hökümətin birillik hakimiyyəti müddətindəki fəaliyyətini müəyyənləşdirməyə çalışdıq.
Əkrəm müəllim həyat elə gətirib ki, şahidi olduğunuz tarixi dövrün, inqilabi hərakatın sonralar həm də araşdırmaçısı olmusunuz. Sözsüz ki, söhbət \”21 Azər\” hərakatından, Güney Azərbaycan Milli Hökümətindən gedir. Bu dövrə, bu hadisələrə münasibətdə şahid, vətəndaş Əkrəm Rəhimli ilə araşdırmaçı, alim Əkrəm Rəhimlinin fikirləri nə dərəcə uyğun, nə dərəcədə fərqlidir?
Sualı doğru qoyursunuz, o mənada ki, mən həmin 45-46 -cı il hadisələrinin iştirakçısı yox şahidi olmuşam. Ancaq, bizim ailəmiz anam, atam, qardaşım, əmim, dayım bu hərakatın iştirakçısı olublar və bütün bunlar mənim gözümün qabağında şahidi olduğum hadisələrdir. Allah-tala mənə bir xoşbəxtlik nəsib edib ki, məndə uşaqlıq hafizəsi çox güclüdür. Yəni, hər şeyi detalı ilə yadda saxlamışam. \”21Azər hərakatı\”, Azərbaycan Milli Hökümətinin yaranması dövründə mən məktəbli olmuşam. İlk dəfə ana dilində təhsili də onda görmüşəm, ona qədər farsca oxuyurduq. Bütün bunlar zehnimdə çox güclü iz buraxıb, uşaqlıq izi…
Sonralar, mən ali məktəbdə oxuyanda da , müdafiə edəndə də həmişə Güney Azərbaycandakı o hadisələri işıqlandırmaq, \”21Azər hərakatı\”nın məzmununu, mahiyyətini ictimaiyyətə, xüsusən gənc nəslə çatdırmağa çalışmışam. Hərakat haqqında çoxlu təhriflər, yalanlar, bəzəklər, düzəltmələr olub. Hərakatı bəzəklərdən, təhriflərdən xilas etmək üçün mən tədqiqata meyl elədim. Bu, təqribən 1958-ci ildən başlandı. Bu dövrə aid məndə çoxlu arxiv sənədləri, mənbələr, fərqli ədəbiyyatlar var. Həmin ədəbiyyata həm Şah dövründə, həm də inqilabdan sonrakı dövrdə Azərbaycanda, Rusiyada və qərbi Avropada çıxan kitablar aiddir. Bir sözlə mövzu məni müstəqil tədqiqatla məşğul olmağa gətirib çıxardı, ancaq ona qədər jurnallarda, qəzetlərdə xeyli sayda məqalələrim çıxıb. 2000-ci ildə bütün bu fikirləri ümumiləşdirib \”Güney Azərbaycanda Milli Demokratik Hərakat – 1941-1946\” adlı monoqrafiyamı yazdım. Bu monoqrafiya cəmiyyət tərəfindən çox yaxşı qarşılandı və Bakıda nəşr olundu. Sonralar, həmin kitab Kanadada nəşr edildi, həmçinin İranın özündə də milli qüvvələr tərəfindən fars dilində çap olundu. Hazırda Elmlər Akademiyasının sifarişi ilə kitabın 4-cü nəşri üzərində işləyirəm və demək olar ki, nəşrə hazırlıq tamamlanmaq üzrədir. Belə qəbul etmək mümkündür ki, kitab nə sağçı , nə solçu, nə də hər hansı bir fərqli baxışın məhsulu deyil, obyektiv bir tədqiqatçının tərəfsiz apardığı tədqiqatının nəticəsidir. Yəni, kitabda heç bir məfkurəvi təsir yoxdur. Bundan öncə mən \”Seyid Cəfər Pişəvəri \” kitabını da işlədim. Sankt-Peterburqda yaşayan iş adamı Məzahir Həsənlinin vəsaiti ilə, o kitab 2009-cu ildə keyfiyyətli bir şəkildə çap olundu və o da oxucular tərəfindən çox yaxşı qarşılandı. Arzu edərdim ki, bu kitabın işlənmiş 4-cü çapı da milli qüvvələr, imkanı olan adamlar tərəfindən dəstəklənsin. Bu, ona görə zəruridir ki, bu bizim tariximizin şanlı bir səhifəsidir, XX əsr Güney Azərbaycandakı hərakatların zirvəsidir. İkincisi isə bu kitabı nəşr etmək ona görə vacibdir ki, yeni nəsil o hadisələri heç vaxt unutmasın, kitabı oxumaqla bilsin ki, onların babaları, ataları, qardaşları orda hansı höküməti qurublar, necə qurublar, hansı mücadiləni veriblər. İnanıram ki, yaxın vaxtlarda məhz \”21 Azər\” in 70 illiyi ərəfəsində \”21 Azərə gedən yol, Azərbaycanda Milli Demokratik Hərakat 41-46\” adlanan bu kitabın 4-cü nəşrinə də imkan yaradılacaqdır.
[/left]
Güney Azərbaycan Milli Hökümətinin tariximizdəki yerini necə səciyyələndirərdiz? Qısa hakimiyyəti ərzində bu hökümətin hansı fəaliyyətləri olmuşdu?
Səttarxan hərakatı məlum olduğu kimi tam milli hərakat deyildi. Yəni o mənada ki, Azərbaycan xalqının azadlığını, Azərbaycanın müstəqilliyini və sərbəstliyini tam ifadə etmirdi. O, sadəcə İran üçün azadlıq tələb edirdi ki, bunu sənədlər də təsdiq edir.
Xiyabani isə Səttarxandan fərqli olaraq Azərbaycana məhdud dairədə müstəqillik istəyirdi. Lakin, həm Səttarxanı , həm də Xiyabanini məhv etdilər və hətta milləti qorxutmaq üçün Xiyabanin cənazəsini Təbriz şüşələrinin üzərində nərdivana qoyub nümayiş etdirdilər. \”21Azər\”ə qədər bütün bunlar olubdu.
Ancaq, həm Səttarxanın Məşrutə hərakatı, həm Xiyabaninin Azadistan hərakatı Güney Azərbaycana o toxumu səpdi. Həmin toxum cücərməyə imkan axtarırdı. Rza şah 1927-ci ildə hakimiyyətə gələndən sonra elə bir diktatura yaratdı ki, heç vəhclə milli qüvvələrin baş qaldırması mümkün deyildi. Hansı qüvvə baş qaldırırdısa onu zindan, ölüm, sürgün gözləyirdi. O cümlədən S. C. Pişəvəri də həmin baş qaldıranlardan biri idi ki, 10 il həbsdə olmuşdı, 6 il də sürgündə qalmışdı.
\”21 Azər hərakatı\” mahiyyətinə, həyata keçirdiyi tədbirlərə və istəklərinə görə XX əsrin birinci yarısında Güney Azərbaycanda olan xalq hərakatlarının zirvəsidir. Birincisi bu hökümət Güney Azərbaycanın Həmədan və Qəzvindən başqa bütün ərazisini ələ aldı, Azərbaycan Milli Hökümətini yaratdı. İkinci isə bu hökümət çox böyük islahatlar həyata keçirdi. Bu islahatları aşağıdakı təsniflə bölə bilərik;
1.Siyasi-iqtisadi islahatlar
2.Demokratik islahatlar
3.Mədəni islahatlar
Bu dövrdə Azərbaycanda demokratik islahatlar tam bərqərar oldu. Azərbaycan xalqı ilə bərabər Azərbaycanda yaşayan qeyri-millətlərə də həm siyasi, həm mədəni fəaliyyət göstərmək üçün imkan verildi, bir şərtlə ki, onların fəaliyyəti Azərbaycan Milli Hökümətinin əleyhinə olmamalıydı. Bu baxımdan onların dini etiqadlarının təmin edilməsi, məbədlərinin işə salınması, məktəblərinin açılması üçün bütün imkanlar tanınmışdı. Onlara ermənilər, kürdlər, ərəblər və s. aid idi. Həmçinin, Azərbaycan ərazisində yaşayan müsəlman olan bütün qeyri millətlərə də heç bir milli ayrıseçkilik və məzhəb fərqi qoymadan fəaliyyət etməyə imkan verilmişdi ki, bunların hamısı siyasi azadlıqları təşkil edirdi.
Mühüm addımlardan biri də o idi ki, İran tarixində ilk olaraq, qadınlara seçib- seçilmək hüququ bu dövrdə verilib.
İqtisadi islahatlara gəlincə həmin dövrdə Güney Azərbaycanda ən böyük problemlərdən biri kəndli məsələsi, aqrar məsələ idi. Kəndlərin çoxunda torpaqların böyük əksəriyyəti hökümətin, yəni Şahın, böyük xanların, bəylərin, mülkədarların, mənsəb sahiblərinin əlində idi. Kəndlilər bir qul kimi işləyib onlardan az miqdarda məhsul ala bilirdilər. Milli Hökümətin gördüyü mühüm tədbirlərdən biri də mütərəqqi aqrar islahatın həyata keçirilməsi idi ki, bu aqrar islahat haqqında 3 maddəni mütləq qeyd etməliyik;
1. Ölkədə öz mülkünü qoyub qaçan adamlar var idi ki, varlılar, bəylər, xanlar, hansı ki, Milli Hökümətə düşmən idilər, onlara göstəriş verildi ki, əgər 15 günə qədər ölkəyə qayıtmasalar, bütün əmlakları müsadirə olunacaq.
2. Rza Şahın yəni, ölkə şahının özünə məxsus xalisə deyilən torpaqları var idi ki, bu xalisələr də ikinci mərhələdə xalqa, kəndlilərə verildi.
3. Digər bir cəhət də o idi ki, əlində böyük torpaq sahəsi olub lakin, onun çox kiçik hissəsini istifadə edən mülkədarlardan torpağın 90 faizi alınıb müəyyən paylarla kəndlilərə verildi.
Bir sözlə Milli Hökümətin gördüyü mütərəqqi işlərdən biri olan aqrar- kəndli islahatı demokratik əsaslar üzərində həll olundu. Bu tək İran tarixində deyil, yaxın Orta Şərq tarixində görünməmiş hadisə idi.
Mədəniyyət məsələsində isə ən mühüm addımlardan biri türk dilinin dövlət dili elan olunması idi. 1946- cı il yanvarın 2-də fərman verildi və bununla da bütün məktəblərdə 1-dən 4-cü sinifə qədər Azərbaycan türkcəsi tədris olunmağa başlandı. Ondan yuxarı siniflərdə kitab olmadığına görə müəllim kitabı farsca oxuyurdu, lakin Azərbaycanca tədris edirdi. O prosesin şahidi kimi deyə bilərəm ki, biz o zaman farsca oxuyurduq, həmin hadisələr vaxtı Maarif Nazirliyindən bir dövlət nümayəndəsi gəldi və dedi ki, bu andan etibarən siz ana dilinizdə yazıb oxuyacaqsız. Halbuki, ona qədər nəinki oxumağa, heç danışmağa da icazə verilmirdi türk dilində. Ana dilinin xalqa qaytarılması Milli Hökümətin gördüyü mühüm işlərdən biri idi.
İkinci savadsızlığın aradan qaldırılması idi ki, məhz S. C. Pişəvərinin də belə bir sözü var idi ki, bir millətin yaxşı milli kadrlarının olması üçün onun savadsızlıq problemi aradan qaldırılmalıdır. Bu dövrdə savadsızlığı ləğv etmək üçün kurslar açıldı, məktəblərin sayı artırıldı. Təmirə ehtiyacı olan məktəblər təmir edildi, dövlət universiteti yaradıldı, Dövlət Dram Teatrı, Milli Flarmoniya, Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı yaradıldı, bir çox yeni mədəniyyət sahələrinin əsası qoyuldu. Bu dövrdə həyata keçirilmiş mədəni islahatları saymaqla qurtara bilmərik. Əslinə baxsan həm də mədəni bir inqilab başlamışdı o dövrdə.
Bir şeyi də deməliyik ki, bu mədəni inqilabda əsasən Sovet qoşunları tərkibindəki Cənubi Azərbaycana gəlmiş quzeyli azərbaycanlılar iştirak edirdi ki, əksəriyyəti ziyalılar idi. Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmməd Arif, Qılman İkin, Süleyman Rəhimov və bir çox ziyalıların mədəni intibahda çox böyük rolları və zəhmətləri olmuşdu.
\”Birillik mövcudluğu ərzində 20 illik bir dövrün işini görməyi bacarmış\” bu hökümətin süqut etməsinin əsas səbəbləri nə idi? O dövr Güney Azərbaycan insanının milli təfəkkürü bu inqilabi sıçrayışlarla paralellik təşkil edirdimi, hərakatla millətin milli yetişkənliyi nə dərəcədə harmoniyada idi?
-Bunu İvan, Andrey yox, bizim quzeydən gələn doğma soydaşlarımız etmişdi…
1.Birincisi odur ki, iqtisadiyyat dirçəldi. Fəaliyyəti dayanmış fabriklər, zavodlar işə salındı, onlar xammal ilə təmin olundu. Dövlətin özünün təşəbbüsü ilə milli sənaye müəssisələri, o cümlədən toxuculuq müəsisələri yaradıldı. Milli kapital dövlət tərəfindən himayə olunmağa başladı.
2.İkincisi, həmin istehsal olunan malın ixracaat bazarının yaradılması yönündə də mühüm işlər görüldü ki, təkcə Azərbaycan bazarında deyil, bütün İran bazarında da bu mal satıla bilsin. Başqa bir cəhət isə əvvəl qeyd etdiyim ki, aqrar cəhət idi. Çox qəribədir, 44- cü ildə quraqlıq nəticəsində böyük qıtlıq yaranmışdı. Lakin , buna baxmayaraq Milli Hökümətin 45-46 -cı illər aqrar islahatıyla torpaqların kəndlilərə verilməsi nəticəsində böyük məhsul bolluğu yaranmışdı. Nəticədə Azərbaycan özünü taxılı ilə təmin edə bilmişdi.
3.Mühüm işlərdən biri də abadlıq işləri idi. Təbriz şəhəri tamamilə simasını dəyişmişdi. Küçələrdə asfalt salındı, Təbrizə su çəkildi, bütün rayonlara, hətta kəndlərə yollar çəkildi. Bir sözlə o dövrdə Azərbaycanın abadlaşdırılması işi sürətlə aparıldı. Sözün bu anında bir məqamı qeyd edim ki, o zaman dövlətin maliyyə vəsaiti çox məhdud idi. Lakin, məhdud maliyyə vəsaiti ilə bu işləri görə bilmişdilər. 21 Azər hərakatı dövründə Təbrizdəki bankda cəmi 18 milyon tümən pul var idi. Lakin hərakat qalib gələn kimi bunun 16 milyonu dövlət rəsmilərinin əli ilə Tehrana qaçırılmışdı. Cəmi 2 milyon tümən qalmışdı ki, bunun müqabilində isə bankın əhaliyə 8 milyon borcu var idi. Ancaq, dövlət müxtəlif yollarla, istiqrazlar, pulu əvəz edən sikkələr buraxmaqla (buna o zaman bilet də deyirdilər-Ə.R), kooperativlər yolu ilə, vergilərdən yığılan pullarla və digər vasitələrlə əldə edilən kiçik maliyyə ilə mədəniyyət, maarif islahatlarını, abadlıq işlərini apara bilmişdi. Bunu o dövrün şahidi və ya tədqiqatçısı kimi yalnız mən demirəm, sənədlərdə, xatirələrdə var ki, o dövrün abadlığını sonralar görmək mümkün olmadı. Hətta biri yazır ki, \”ey kaş, o dövlət indi yaşasaydı, Azərbaycan nə vəziyyətdə olardı, hansı yüksəkliyə nail ola bilərdi?!\”.
Sualın ikinci tərəfini cavablandırım, çox dəqiq yanaşmısınız. 1941- ci ilin avqustunda ora daxil olan Sovet qoşunları orada milli oyanışa böyük kömək etmişdi. Biz bunu inkar edə bilmərik. Ancaq, yadda saxlamaq lazımdır ki, bunu İvan, Andrey yox, bizim quzeydən gələn doğma soydaşlarımız etmişdi. Əziz Əliyevin başçılığı altında ordu tərkibində 3000-ə yaxın ziyalı gəlmişdi ki, bunlar milli oyanışa çox böyük kömək etdilər. O zaman \”Vətən yolunda\” qəzeti, Urmiyada \”Qızıl əsgər\”, \”Yumruq\” adlı jurnal çıxdı, Opera Balet Teatrı açıldı, kinematoqrafiyanın əsası qoyuldu, bir sözlə milli oyanışda quzeydən gələn bu böyük heyətin xüsusi rolu oldu.
Sualınızın üçüncü tərəfinə gəlincə, milli oyanma elə başlamışdı ki, Azərbaycan Demokratik Firqəsi yaradılana qədər orda 8-9 yerli təşkilat yaranmışdı. Ancaq, milli oyanışda böyük rolu olan bu təşkilatların heç biri kütləni bir yerə yığa bilmədi, hədəfə yönəldə bilmədi. Pişəvəri bu haqda belə demişdi ki, onlar Azərbaycan Demokratik Firqəsinin pionerləri idi.
Demək, bu hadisələrdə Sovetlərin təsiri olsa da hər halda millətin təbii yetişkənliyi əsas şərt olub, yəni bir çoxlarının qeyd etdyi kimi ixrac hərakat olmayıb…
-Milli qüvvəni inkar edib hər şeyi Sovetlərə bağlamaq olmaz…
Silah məsələsinə gəlincə silah Sovetlər tərəfindən İspaniyaya, Əfqanıstana, Yunanıstana da verildi, nə oldu axırı, baş tutmadı ki. Hətta, Avropanın sosialist ölkələrinə də silah verilmişdi, nə oldu sonluğu? Sovetlər vermişdi də bu silahı da…
Güney Azərbaycanda isə onlardan fərqli olaraq silahı əldə saxlayan, məqsədli insanlar vardı. Milli qüvvəni inkar edib hər şeyi Sovetlərə bağlamaq olmaz. Biz inkar etmirik, bu ayrı bir söhbətdir. Sovetlərin yardımı olub, ancaq bu həlledici deyil, təsiredici amil olub. Demək mümkündür ki, silah verilib, maddi yardım edilib, təlimat verilib, və s. Lakin, sən deyəsən ki, hərakatı Sovetlər elədi, bu haqsızlıqdı.
Deməli inqilabi siçrayışla milli yetişkənliyin paralellik təşkil etdiyi fikrindəsiniz?
Ardı var…