“İranın hakim dairələri öz riayakarlıqlarını və sərsəm fikirlərini ortaya qoymaqda davam edirlər. İlk anlarda İranın molla rejimi özünün əyalət səviyyəli siyasətçiləri ilə Azərbayacana qarşı təhdidlər söylədilər. Qocalmış, tərpənə bilməyən şirin quyruğunu ortaya gətirdilər. Bununla bizi hədələdilər”.
Bunu “Yeni Sabah”a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O, bildirib ki, İran daha sonra Arazboyunda hərbi təlimlərə başladı: “Təbii ki, bu hərbi təlimlər şou xarakteri daşıyır. Görüntülərdən də bəlli olduğu kimi köhnə, sınıq-salxaq texnika ilə Azərbaycana qarşı təhdidlər göstərmək davam edir. Bu qəbuledilməzdir. Bu beynəlxalq hüquq normalarına, Azərbaycanla mehriban qonşuluq münasibətlərin mahiyyətinə və Azərbaycanın indiyə qədər İran rejiminə göstərmiş olduğu səmimi münasibətlərin mahiyyətinə zidd davranışlardır. Bu şoular yığışdırılmalıdır”.
F.Ağamalının sözlərinə görə, bu şoular Azərbaycanı qorxuda bilməz: “Bütün bunlar həm də böhtan xarakterli, qərəzli bəyanatlarla müşayiət olunur. İranın ali rəhbərliyi, Xarici İşlər Nazirliyi səviyyəsində Azərbaycana qarşı qərəzli təhdidlər,hədələr ortalıqdadır. Və təbii ki, Azərbaycan müxtəlif səviyyələrdə İrana qarşı təmkin nümayiş etdirərək, hadisələrin gedişini daha da kəskinləşdirmək istəyində olmadığına görə, normal davranışlarını nümayiş etdirməyə başladı”.
Millət vəkili deyir ki, lakin bu da İran üçün kifayət etmədi: “Nəhayət Cənab Prezident Cəbrayılda Araz çayının önündə İranın molla rejiminə fikrini qətiyyətlə bildirdi və söylədi ki, bütün bunlar Azərbaycana qarşı qərəzli mövqedir, böhtandır və təhdid xarakteri daşıyır. Azərbaycan ərazisində hər İsrailə bağlı hər hansı bina, təşkilat, hərbi struktur yoxdur. Belə olan halda sübutu olmayan mənasız sözlərlə Azərbaycana qarşı təhdidləri davam etdirmək İranın Azərbaycana qarşı düşmənçilik mövqeyindən başqa bir şey deyil. Bütün bunlar cavabsız qalmayacaq.
İndi İran nəticə çıxarmalıdır. İran anlamalı və başa düşməli və qəbul etməlidir ki, bu gün Azərbaycan tək deyil. İran təkdir. Iranın Ermənistandan başqa dostu yoxdur. İran bütün dünya ilə düşməndir. Azərbaycanı da artıq özünə düşmən etməyə başladı. Mənə elə gəlir ki, İran uzun illərdən bəri Azərbaycan tərəfindən sərgilənən normal qonşuluq münasibətlərinə ciddi çatlar yaratdı. Bu çatlar getdikcə İran tərəfindən daha da dərinləşdirilir. Bu çatlardan İran narahat olmalıdır.
Çünki İrandan fərqli olaraq Azərbaycanın dünya miqyasında çoxlu dostları var. Bütün dünya azərbaycanı məsuliyyətli, ciddi bir dövlət kimi qəbul edilir. İran nəticə çıxarmalıdır ki, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik haqqında müqavilə imzalanıb. Bu müqavilə qüvvədədir. Və bizə qarşı İran tərəfindən hər hansı bir təcavüz olarsa, önündə qəhrəman və igid əsir və zabitlərini görəcəkdir. Bunumu istəyir? Azərbaycana qarşı İran rejiminin təhdidləri və təzyiqlərinin, açıq hücumlarının oradakı soydaşlarımız tərəfindən birmənalı şəkildə qarşılanıb, İran rejimini alt-üst etsinlər? Bunumu istəyirlər? Əgər ağılları başlarına gəlirsə, bundan nəticə çıxarsınlar. Bu gün Azərbaycan dövləti, cəmiyyəti güclüdür. Azərbaycan xalqı mütləq olaraq öz dövləti, ordusu ilə bərabərdir. Və bu vəhdət, fenomen istənilən düşmənin qarşısını almağa, onu yerlə-yeksan etməyə hazırdır”.