“Regionun gələcək inkişafı ilə bağlı, biz əməkdaşlığa hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdülər. BMT Baş Assambleyasının sessiyası əsnasında, o cümlədən onların arasında ikitərəfli görüş olmuşdur. Mənə bizim xarici işlər naziri məruzə elədi və bildirdi ki, görüş konstruktiv keçib. Biz də elə bunun tərəfdarıyıq”.
“Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib. O, bildirib ki, eyni zamanda, Ermənistan baş naziri ilə görüşməyə hazırdır: “O da demişdi ki, hazırdır. Yəni, bu, nəyi göstərir? Bu, onu göstərir ki, bizim gündəliyimiz artıq burada qəbul olunur. Bəziləri yəqin ki, bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın. Biz bunu istəyirik.
Sərhədlərin delimitasiyası həyata keçirilsin. Yoxsa, kimsə bizi ittiham edir ki, biz bölgədə sərhədləri dəyişdirmək istəyirik. Nəyin əsasında bizə qarşı bu ittiham səsləndirilir? Bizim sərhədlərimiz 30 il ərzində pozulmuş vəziyyətdə olanda nədənsə Ermənistana qarşı belə ittihamlar irəli sürülmürdü. O qəbul idi? Biz heç kimin sərhədini pozmamışıq. Biz Laçın və Kəlbəcər rayonlarında Ermənistanla həmsərhəd olan bölgələrə 30 ildən sonra gəlmişik. Qar əriyəndən sonra gəlmişik, may ayında. Qar tez ərisəydi, tez gələrdik. Yəni, 30 il ərzində bu sərhəd ermənilərin əlində idi. Əgər sərhəd oradan keçirdisə, qoruyardılar da bu sərhədi. Əgər biz sərhədi pozmuşuqsa, gəlib çıxarardılar da bizi oradan. Gəlib hücum edərdilər. Barışıblar axı onlar bununla, barışıblar.
İndi Ermənistan bununla barışdığı bir dövrdə kimsə gəlir deyir ki, biz kiminsə sərhədini pozmuşuq. Biz heç kimin sərhədini pozmamışıq. Xəritələr var, 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri. Gəlsinlər görsünlər sərhəd haradan keçir. Biz harada yerləşmişik oranı Azərbaycan ərazisi sayırıq və düz də edirik. İndi Ermənistan rəhbərliyi ən yüksək səviyyədə açıq-aydın bəyan edir ki, Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissəsində haqlı olaraq yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Biz öz ərazimizdəyik. İndi Ermənistan bunu deyir.
Başqası deyir ki, biz kiminsə sərhədini pozmuşuq, gülməlidir. Ona görə regionda yeni dövr başlayır. Biz hesab edirik ki, bu dövrü müsbət istiqamətə yönləndirmək lazımdır. Hər halda Ermənistanla Azərbaycan arasındakı bu ədavət əbədi olmamalıdır. Bütün bu dağıntılara, barbarlığa, vəhşiliyə baxmayaraq, biz gələcəyə baxmalıyıq. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, hesab edirəm ki, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər”.