Sabir Rüstəmxanlıdan yeni yazıbackend

Sabir Rüstəmxanlıdan yeni yazı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kitabsız mədəniyyət, mədəniyyətsiz dövlət olmaz

Bu gün ədəbiyyatımızda, mədəniyyətimizdə, ictimai-siyasi həyatımızda görkəmli yer tutan əziz dostumuz, xalq şairi Vaqif Səmədoğlunu itirdik. Yas yerində bir xeyli qələm əhliylə görüşdüm və yenidən ədəbiyyatımızn, kitabın, kitabxanalarımızın, kitab yayınlarımızın vəziyyətini xatırladım.

Azərbaycanda yazıçıya, ədəbi mətbuat orqanlarına, kitaba və ya kitab mədəniyyətinə dövlət səviyyəsində qayğı yoxdur desəm, yalan olar.

Bu sahələrin hər biri ilə bağlı son illərdə görülmüş işləri ədalətlə və obyektiv gözdən keçirsək dövlət müstəqilliyimizin ədəbiyyatın və kitab işinin taleyində də inqilabi rol oynadığını görəriik.

Dövlət son dərəcə çətin illərdə qəbul eidlmiş bir qərarın – latın qrafikasına keçidin yaratdığı boşluğu son dərəcə böyük qətiyyətlə, düzgün qərar və onun uğurlu icrasıyla adlatdı. Kiril əlifbasında mövcud olan bütün bədii ədəbiyyat və mövcud kitablar, əhəmiyyətini itirməmiş siyasi ədəbiyyat ( “Marksisizm – Leninizm” klassiklərinin əsərləri və sosializm yalanları istisna olunmaqla) latın qrafikasına keçirildi, sovet dövründə ağlımıza gəlməyən yüksək poliqrafiya səviyyəsində böyük tirajla nəşr edilərək məktəblərə, mərkəzi kitabxanalara pulsuz paylandı. Və bu iş büdcədə oturub, neçə ildir ki, davam edir.

Yazıçılar İttifaqı, ədəbi-bədii jurnallarımız dövlət tərəfindən maliyyələşdirilir. Tanınmış dünya klassiklərinin əsərləri bir neçə seriyada buraxılır, köhnə tərcümələrlə yanaşı, oxucularımıza az məlum olan bir çoxədəbi əsərlər də sifarişlə dilimizə çevrilir və qısa müddətdə nəşr edilir.
Milli Elmlər Akademiyasının Əlyazmaları, Dilçilik, Ədəbiyyat, Şərqşünaslıq institutları da məhz dövlətin yaxın qayğısı nəticəsində fəaliyyətini ildən-ilə genişləndirirlər.

Sovet dövründə mövcud olan beş-altı nəşriyyatın yerinə onlarla nəşriyyat var; dörd-beş köhnəlmiş mətbəənin yerinə ən yeni poliqrafiya avadanlıqları ilə donatılmış mətbəələrin sayını bilən yoxdur və bu sahədə özəl sektorun payı ildən-ilə artır.

Azərbaycan getdikcə daha geniş coğrafiyada kitab sərgilərinə və yarmarkalarına qoşulur, beynəlxaql kitab mübadiləsi artır, elektron kitabxana şəbəkəsi genişlənir. Ölkədə kitab bayramı ənənəsi yaradılmışdır.

Yaşlı və istedadlı gənc yazıçılarımıza prezident təqaüdü verilir. Mən şəxsən dünyanın hər hansı ölkəsində belə təcrübənin olduğunu eşitməmişəm. Yəqin müxtəlif şəkilli mükafatlandırmalar var. Ancaq bizdəki təcrübə də çox dəyərlidir və bəzi gənclərin ilk addımlarını daha ürəklə atmalarına, tanınmış yazıçılarımızın ömrün ahıl vaxtında maddi qayğılardan qismən də olsa azad olmasına şərait yaradır. Bunu qiymətləndirməmək, görməzdən gəlmək ədalətsizlik olardı .

Bu siyahıya ümumi mədəniyyətimizin inkişafı, məktəb şəbəkəsinin tamamilə yenidən qurulması, görkəmli tarixi şəxsiyyətlərimizə, mədəniyyət xadimlərimizə abidələrin ucaldılması, xarici ölkələrdə mədəniyyət günlərinin keçirilməsi və s. kimi bir çox başqa mühüm işləri də əlavə etmək olar. Ədalət naminə onu da deməliyəm ki, bu işlərin böyük əksəriyyəti məhz Azərbaycan prezidentinin şəxsi təşəbbüsünün, özünün bu sahələrə diqqət və qayğısının nəticəsidir və onun nəzarəti altında görülür.
Yəni dövlət başçısının xalqın varlığını, ruhunu, milli-mənəvi aləmini müəyyənləşdirən və bu baxımdan daim xüsusi himayədarlıq tələb edən bu kimi sahələrə diqqət və qayğısı yüksək səviyyədədir. Bunu görürüksə deməyi, etiraf etməyi və minnətdarlığımızı bildirməyi də bacarmalıyıq.

Görülmüş işlər təqdir olunanda, deyiləndə görülməli olan işlərin də yolu açılır. Bu mənada mən indi sırada, həllini gözləyən bir məsələdən danışmaq istəyirəm. Bu da kitabxanaların, kitab dükanlarının və nəticə etibarilə kitabın və kitab yayının taleyidir.

“Keçmişdə belə idi, indi belədir” müqayisəsi həmişə şərtidir, bir çox hallarda mənasızdır. Ancaq kitabın taleyi baxımından bu müqayisəni aparmaq olar. Əslində, bu təkcə Azərbaycanın problemi deyil, dünyanın hər yerində kitaba marağın azaldığı barədə şikayətlər eşitmək mümkündür. Ancaq marağın azalmasıyla kitabın əlçatmaz olması, xalqa çatdırılmaması anlayışlarını qarışdırmayaq.

Düzdür keçən əsrin altmış-yetmişinci illərinin kitab eşqi indi azalıb. Televiziya, internet, elektron kitablar, ağıllı telefonlar kitabın meydanını getdikcə daraltmaqdadır. Lakin şükür ki, bu yeni texnoloji vasitələr kitabı hələ insanın həyatından silə bilməmişdir. Kitabsız ev duzsuz-çörəksiz süfrə kimidir. Və təəssüf ki, Azərbaycanda belə evlərin sayı az deyil. Bəs onda kitab əyalətlərə, xüsusən kənd əhalisinə necə çatdırılmalıdır? Təbii ki, ilk növbədə kitab dükanları və kitabxanalar vasitəsiylə.

Kitab mağazalarının sayının azaldığından, kitab ticarəti sisteminin sınaqlardan çıxmış mükəmməl sisteminin pozulduğundan danışanda bazarı irəli çəkirlər. Hətta Milli Məclisdə bu mövzu ətrafında müzakirələr gedərkən də bəzi hörmətli millət vəkili həmkarlarım “bazar iqtisadiyyatına keçmişik; ehtiyac olsa yenidən kitab dükanları açılar” deyib bu məsələnin böyük milli, mənəvi iş olduğunu unudurlar. Bir dəfəlik anlamalıyıq ki, millətin və dövlətin savadını, intellektini, təhsilini, mənəvi zənginliyini, yəni dövlətin gələcəyini düşünən kəs kitabın bazar ümidinəqalmasına dözməməlidir!

Kitab bazarda satıla bilər, amma o bazar əşyası deyil, o mədəniyyətimizin bir parçasıdır. Gedin küçələrdə az savadlı adamlardan da soruşun, onlar da kitaba ticarət vasitəsi kimi yox, mədəniyyətin daşıyıcısı kimi dəyər verər. Mədəniyyət qazanc gətirə bilər, ancaq heç vaxt bazar məmulatı olmayıb və olmayacaq. Buna görə xalqın gələcəyini düşünən hər dövlətdə kitab işinə əlahiddə bir iş kimi baxırlar.

Kitaba dövlət başçısı səviyyəsində yüksək qayğıdan danışdıq, ancaq kitab dükanlarını, kitabxanaları vəhşicəsinə talan edib, kiril əlifbasıyla olan bütün kitabları tələsik maklatura kimi satan, (bu, otuzuncu illərin ərəb əlifbası ilə yazılmış kitabların yandırılmasını xatırladır) kitabxanaları ləğv edib özəlləşdirən xırda məmurları görəndə bu ziddiyyət qarşısında heyrətlənirəm. Yuxarı səviyyədə qayğı, aşağı səviyyədə biganəlik. Bəzi məmurlarımız arasında Azərbaycan kitabına açıq-aşkar nifrət eləyən, bu kitabı həyatımızdan silməyə çalışanların mövcudluğu təsəvvürü yaranır.

Vəziyyət göz qabağındadır. Hansı rayonun fərasətli, çalışqan, gözütox başçısı varsa qurur, gözəlləşdirir, hansı başçı yerində deyilsə orda bu işlər axsayır.Məncə köhnə kitab evləri rayonlarda bərpa edilməlidir. Şahmat evləri kimi, gənclik mərkəzləri kimi. Kitabsız gənclik üçün qızıl saraylar tikilsin onun gələcəyi nə ola bilər? Təkcə rayon mərkəzlərində yox, iri kəndlərdə də kitab dükanları tikilməlidir. Bunu təkcə ticarətçilərin və iş adamlarının öhdəsinə buraxmaq olmaz. Azərbaycan kitabının ən böyük sevdası, oxuyanı, alıcı və oxucusu əyalətlərimizdədir. Bunu unutmaq olmaz! Bölgələrə kitab getmirsə hansı haqla “biz kitab oxuyan xalq deyilik!” yalanını uydurmaq olar. Gərək millət kitabı görsün ki, onu oxumaq haqqında düşünsün. Yeni kitablar radioda, televiziyada təbliğ olunmalıdır.
Vaxtilə kitaba marağı artırmağın səmərəli bir yolu tapılmışdı. Kəndlərdə kolxozçuların əmək haqqından ildə bir-iki dəfə az miqdarda pul saxlayıb yerinə kitab verirdilər. Əvvəlcə bu çox narazılıqla qarşılandı. Ancaq bir-iki dəfə yeni kitabları alıb oxuyandan sonra “niyə yubadırlar” deyə yeni nəşrləri tələb etməyə başladılar. İndi bu mümkün olmasa da hər rayonda bir neçə yer açılmalıdır ki, Azərbaycan və dünya ədəbiyatının yeni nəşrlərini orda tapa bilsinlər. Məncə maşınlarla səyyar kitab satışını da bərpa etmək lazımdır. Bilirəm o dəqiqə “kim maraqlanırsa eləsin də!” nidaları ucalacaq. Mən də təkrar edirəm ki, bu işi başlı-başna buraxmaq olmaz. Mədəniyyət və Turizm nazirliyi, Azərittifaq belə bir layihəni həyata keçirə bilərlər.

Yuxarıda dünya ədəbiyyatının dilimizə çevrilməsindən, nəşrindən danışdım. Məsələn, “Nobel mükafatı larueatları” seriyası buraxılır. Cəmi min nüsxə tirajla. Bu kitabların heç biri rayonumuzda satılmır. Niyə? Bakıdan kənarda yaşayanlar bizdən deyil, yoxsa onlar o əsərlərlə maraqlanmırlar? Deyək ki, dükan yoxdur, göndərən yoxdur, bəs kitabxanalar? Nəzərə alsaq ki, ölkədə nə qədər azalsa da dörd mindən çox kitab dükanı var, onda bu min nüsxəni həmin kitabxanalara necə bölüşdürmək olar?

Yeni kitablarımızın tirajı da min-iki min nüsxədən artıq olmur. Yəni bir neçə böyük kitabxana istisna olmaqla yerdə qalanlara heç bir kitab çatmır. Yeni ədəbiyyat almayan kitabxananın qapısını kim açacaq? Kitabxanalar kəndlərin nəbzinə, əsas maraq obyektinə çevrilməlidir. Yoxsa gənclərin kəndlərdən uzaqlaşmasının bir səbəbi də bu olacaq. İndi çoxları kitabxananı da su dəyirmanları kimi arxaik bir şey sayırlar. Amma dünyada aparılan statistika ayrı şey deyir. Bəlli olur ki, elektron vasitələr nə qədər inkişaf eləsə də hələ ki, kitabxanaları əvəz edə bilmir. Kitabın təxminən səksən faizi kitab ticarəti vasitəsilə, yerdə qalanının da çoxu kitabxanalarda oxucuya çatdırılır.

Bakının mərkəzində, hökumət evinin arxasında gözəl bir kitab evimiz vardı. İndi Bakıda rus kitab evi var. Çox gözəl. Rus ədəbiyyatı dünyanın qabaqcıl ədəbiyyatlarındandır, maraqlı və poliqrafiya cəhətdən gözəl kitablar buraxırlar. Belə bir evin varlığına sevinirik. Bu öz yerində, bəs öz kitab evimiz kimlər tərəfindən mənimsənildi. Ora əsl mədəniyyət ocağı, görüşlərin, müzakirələrin keüçirildiyi bir yer idi. Öncə kitabları kitab dükanlarının qabağına, səkilərə tökdülər, sonra ordakı satış da qadağan edildi.Ənənəvi kitab passajı, abunə, incəsənət, bukinist mağazaları hamısı başqa ticarət obyektlərinin ayağı altında əzildi.

Buna baxmayaraq Bakıda çətinliklə də olsa kitabın təbliği gedir, kitab ticarəti dirçəlir və dirçələcək. Amma rayonlarımızda vəziyyət daha çətindir. Rayon məmurlarının yadına salınmalıdır ki, siz hamınız Azərbaycan kitabının övladlarısınız və bu mənəvi valideynlərinizi unutmaq haqqınız yoxdur.

Yeni kitabları alıb kitabxanalara göndərmək üçünMədəniyyət və Turizm nazirliyinin kitabxana kollektoruna lazımi vəsait ayrılmalıdır. Həm kitabxanalara yeni nəfəs gələr, həm də kitabların tirajı yüksələr. İndiki halda nazirliyinin il ərzində buraxdığı 70-80 kitabla bu sahədəki boşluğu doldurmaq olmaz. Müqayisə üçün xatırladım ki, vaxtilə Mətbuat və İnformasiya nazirliyi ildə 1200-ə yaxın kitab buraxırdı. Elə bir şərait yaradılmalıdır ki, həm də özəl nəşriyyatların kitablarının alınıb rayonlara göndərilməsi mümkün olsun.

Rusiya hökuməti ötən ili mədəniyyət ili elan etmişdi. Bu il isə ədəbiyyat ildir. İlin əvvəlində yazıçılar arasında “ədəbiyyat ilindən nə gözləyirsiniz?” sorğusu aparıldı. Maraq üçün baxdım. Demək olar ki, bütün cavablarda vurğulanan əsas məsələ kitab ticarətinə və kitabxanalara dövlət qayğısının artırılmasıdır.

Son günlərdə Heydər Əliyev Mərkəzində regionların 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafi Dövlət Proqramının müzakirəsi zamanı Azərbaycan Respublikası Prezidentinin parlaq bir çıxışını dinlədik. Rayondan seçilmiş bir millət vəkili və kökü kəndə bağlı olan, ölkənin gələcəyində kəndin, torpağın müstəsna əhəmiyyətini bilən bir adam kimi məni ən çox sevindirən hörmətli prezidentin bu ili kənd təsərrüfatı ili elan etməsi oldu.
Bu böyük və son dərəcə əhəmiyyətli bir proqramdır. Çox istərdim ki, kitab evləri şəbəkəsinin inkişafı, kənd kitabxanalarının qorunması, kəndi inkişaf etdirmənin yollarından biri kimi həmin proqramda lazımi yerini tutsun.

İnterpress.az