Rusiya tərəfindən həyata keçirilən gecə hücumları nəticəsində Ukraynanın müxtəlif şəhərlərində dağıntılar və insan tələfatı qeydə alınıb.
İnterpress.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə baş vermiş raket və dron hücumları nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib. Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, hücum nəticəsində sivil infrastruktur obyektləri, yaşayış binaları, avtomobillər və metro yolları ciddi zərər görüb.
Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) 05:00-a olan məlumatına əsasən, şəhərin 6 rayonunda dağıntılar qeydə alınıb. Solomensk rayonunda 500 kv.m sahəni əhatə edən anbarda yanğın baş verib, 16 mərtəbəli binada baş verən yanğından 3 nəfər xilas edilib. Darnitsk rayonunda isə düşən qalıqlar ən azı 3 yerdə avtomobillərə zərər verib.