Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Bir gün əvvəl Ermənistan ərazisindən Laçın yoluna alternativ Xəlfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması barədə siqnallar alındı. Ardınca qanunsuz hərbi birləşmələrə qarşı əməliyyat keçirildi. Nəticəsədə qarşı tərəfin 3 yüksək rütbəli zabiti məhv edilmişdi. Həmçinin, 2 şəhid vermişdik.
Xeyli müddətdir Ermənistan atəşkəsi pozmurdu. Bu, sülh perspektivinə dair ümidləri artırırdı. Amma Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri və Yeni Dehlidə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra durum yenidən gərginləşdi. Bu, onu göstərir ki, Moskva sülhə dair təşəbbüskarlığında səmimi deyil.
Atəşkəsin pozulması, ermənilərin törətdikləri təxribat Rusiyanın vasitəçilik səylərinə kölgə salmaqla yanaşı, eyni zamanda sülhməramlıların fəaliyyətinin də səmərəli olmadığını göstərir. Bununla belə, Kreml başa düşür ki, ərazidə ziddiyət olmasa, oradakı mövqelərini itirəcək. Ona görə Rusiya zaman – zaman bu cür təxibatlara şərait yaratmaqla öz maraqlarının təmin olunmasına çalışır.
Rəsmi Moskvanın əsas arzusu bölgədə sülhməramlıların fəalliyyətinə ehtiyac olmasına dair rəy yaratmaqdır. Nəzərə almaq lazımdır ki, sülhməramlı kontingentin fəaliyyət müddətinin başa çatmasına təxminən 2 il qalıb. Rusiya sülhməramlıların fəaliyyət müddətinin daha 5 il müddətinə uzadılmasına çalışır. Deməli, bunun üçün təxribatlara göz yumulmalı, hətta Ermənistan təhrik edilməlidir.
Üçtərəfli sazişin bəndlərinə zidd olaraq, qanunsuz erməni silahlı birləşmələri hələ də Qarabağdadırlar. Təxribatlar məhz onların əlləri ilə törədilir. Nəinki rəsmi İrəvan, həm də Moskva üçtərəfli sazişin tələblərini yerinə yetirmir. Bu isə regionda təhlükəsizliyin əsas təhdid mənbəyidir.
Lavrov Bakıda həmkarı Ceyhun Bayramovla görüşündə demişdi ki, Laçın yolunda Azərbaycan dövlət orqanlarının postlarının qurulması üçtərəfli bəyannamələrdə göstərilməyib. Elə isə sual yaranır: Rusiya həmin sazişlərə istinad edirsə, niyə terrorçuların çıxarılmasını təmin etmir?! Bu, Moskvanın ikili yanaşmasının, məkrli siyasətinin təzahürüdür.
Laçın yolunda Azərbaycan dövlət qurumlarının, o cümlədən Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Post Patrul Xidmətinin postlarının qurulması şərtdir. Əks halda ermənilər gələcəkdə yenə də Xankəndiyə silah ötürməyə cəhd edə, təxribatlar törədə bilərlər.
Fikrimcə, yaxın günlərdə Laçın yolunda müvafiq postlar qurulacaq və Azərbaycan hərbçiləri həmin postlara nəzarət edəcəklər. Bir neçə gün əvvəl baş vermiş hadisə bunun zəruriliyini bir daha göstərdi.
Kənan Novruzov
İnterpress.az