Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi Rusiya və Şimali Koreya arasında silah tədarükü danışıqlarının aktiv şəkildə irəlilədiyi ilə bağlı yeni kəşfiyyat məlumatlarına sahib olduqlarını söyləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kirbi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iyulun 26-da Şimali Koreyaya səfərinin Rusiya rəsmilərinin silah müqavilələrini müzakirə etmək üçün Pxenyana növbəti səfərinin əsasını qoyduğunu bildirib və əlavə edib ki, yüksək səviyyəli danışıqlar önümüzdəki aylarda davam edə bilər.
Rusiyanın Ukraynadakı müharibədə ağır silahlardan istifadənin artırılmasına diqqət yetirdiyini qeyd edən Kirbi Moskvanın ağır silahlar da daxil olmaqla müxtəlif növ sursatlar axtardığını qeyd edib.
Kirbi Rusiyanın bu axtarışda Şimali Koreyaya müraciət etdiyini bildirib.
Hadisələri yaxından izləməyə davam etdiklərini qeyd edən Kirbi Pxenyan və Moskva arasında “gizli” silah danışıqlarından narahat olduqlarını vurğulayıb.
“Biz Pxenyanı Rusiyaya silah tədarük etməmək və ya satmamaq barədə ictimai öhdəliklərinə əməl etməyə çağırırıq”, – Kirbi Şimali Koreyanı Rusiya ilə silah danışıqlarını dayandırmağa çağırıb.
ABŞ-ın iki ölkə arasında “aktiv davam edən” silah danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını necə topladığına dair təfərrüatlara girməyəcəyini qeyd edən Kirbi bu danışıqların Rusiya ilə Şimali Koreya arasında son açıq müzakirələr üzərində qurulduğunu söyləyib.
Ağ Ev 2023-cü ilin martında Rusiyanın Şimali Koreya ilə silah əvəzinə ərzaq müqaviləsi bağlamaq istədiyini göstərən kəşfiyyat məlumatı topladığını iddia edib.
ABŞ dövlət katibi Antoni Blinken iyulun 29-da Şoyqunun silah almaq üçün Şimali Koreyaya getmiş ola biləcəyini açıqlayıb.
Avqustun 17-də ABŞ slovakiyalı Aşot Mkrtıçevə məxsus 3 şirkəti Rusiya ilə Şimali Koreya arasında silah ticarəti müqavilələrinin “mərkəzində” olduqlarını əsas gətirərək sanksiya siyahısına salıb.