Depressiyadan müalicə olunmaq istəyən gəncin bədəninin 90 faizi ağır dəri xəstəliyindən zədələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rostov vilayətində 24 yaşlı Vladislav adlı gəncin depressiyadan müalicə olunmaq üçün qəbul etdiyi antidepressant preparatından sonra ağır vəziyyətə düşdüyü bildirilir.
Məlumata görə, ailə həyatında yaşadığı problemlər və həyat yoldaşı ilə tez-tez mübahisələrdən sonra gənc psixoterapevtə müraciət edib.
Həkim müayinələr və analizlər aparılmadan ona antidepressant təyin edib.
Preparatı iki həftə qəbul etdikdən sonra Vladislavda yüksək hərarət, gözlərdə ağrı və dəri səpgiləri yaranıb.
Sonradan ona dərinin və selikli qişaların ağır zədələnməsi ilə müşayiət olunan Layell sindromu diaqnozu qoyulub.
Xəstəliyin bədən səthinin təxminən 90 faizini əhatə etdiyi, nekroz və sepsis yarandığı bildirilir.
Vladislavun sözlərinə görə, müalicə zamanı dərisi böyük qatlarla soyulub, ağrıları azaltmaq üçün ona morfin vurulub.
O, iki həftə ərzində baş verənləri xatırlamadığını, hallüsinasiyalar gördüyünü və harada olduğunu anlamadığını deyib.
Ağzı, dodaqları və qida borusu zədələndiyindən gənc yenidən yemək yeməyi, yeriməyi və gündəlik həyatına qayıtmağı öyrənməli olub.
Məlumata görə, onun həyatını qan köçürülməsi xilas edib. Hazırda Vladislavı uzunmüddətli reabilitasiya prosesi gözləyir.

Xuraman Etibarlı
İnterpress.az






