Fransanın Herault bölgəsində infarkt keçirən şəxsin köməyinə təcili yardımın gəlməməsinə görə vəfat etməsi ilə bağlı istintaq başladılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Xəstənin ailəsi 3 dəfə təcili yardıma zəng etsə də, telefonda olanlar xəstənin səhhətinin ağır olmadığını əsas gətirərək təcili yardım göndərməyəcəklərini bildiriblər.
Ailənin dəfələrlə təkidli zənglərindən sonra təcili yardım maşını təxminən 5 saat sonra xəstəni götürməyə gəlib. Ancaq bütün müdaxilələrə baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Fransada COVID-19-dan sonra ciddi səhiyyə böhranı yaşanıb. Bir çox tibb işçisi təqaüdə çıxıb və bəziləri həddindən artıq intensivliyə görə başqa sektorlara üz tutub.
Xüsusilə yaşlı əhalinin cəmləşdiyi kənd yerlərində mövcud yataq tutumu və kadrların sayı kifayət qədər deyil.
Kadr çatışmazlığı ilə yanaşı, işçilərin tətilləri səbəbindən bir çox rayonlarda təcili yardım xidmətləri də xidmət göstərə bilmir.
Nəhayət, “La Provence” qəzeti ölkədəki xəstəxanaların təcili yardım şöbələrinin böyük böhran yaşadığını yazıb.