Azərbaycan-Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ermənilərin Sərsəng su anbarında yaratdığı ekoloji terrorla bağlı bəyanat yayıb.
İnterpress.az xəbər verir ki, bəyanatda deyilir:
“Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyi olaraq Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar dərin narahatıq. Bu su anbarına qarşı terrorçu ermənilər və onların himayədar tərəfindən törədilən ekoloji terror törədilir. Biz də bunun müqabilində sakit dayana bilmərik, ona görə də öz haqlı etiramızı bildiririk.
Azərbaycanın uzun illər işğal altında olan torpaqlarını azad etməsini və qələbəsini həzm edə bilməyən erməni və havadarları ekoloji terror aktları törətməyə cəhd göstərir. Qəzəbini bu yolla çıxarmağa çalışan Ermənistan unutmasın ki, dəmir yumruq yerindədir. Əgər himayədarlarına arxalanırsa, unutmasın ki, onlar İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı tək qoymuşdular və Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir himayədar ölkə tab gətirmək iqtidarında deyil.
Odur ki, Ermənistan bütün təxribatlarından əl çəkməli və Azərbaycanın mövqeyinə uyğun olaraq sülh üzərində işləməlidir. Azərbaycan regionda sabitliyə və təhlükəsizliyə, eləcə də davamlı sülhə nail olmaq üçün əlindən gələni edir. Amma görünən odur ki, Ermənistan isə bunun qarşılığında öz çirkin siyasətini davam etdirir və terrorçuluq fəaliyyətini nümayişkəranə şəkildə təqdim edir.
Məlumdur ki, 47 il əvvəl istismara verilmiş Sərsəng su anbarının təmir və bərpaya ciddi ehtiyac var. Ermənistan bu anbarı uzun illər qanunsuz olaraq istismar edib və bu cinayətkarlığını hələ də davam etdirmək istəyir.
Ermənistan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə bu hərəkətlərin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilməsindən nəticə çıxarmayıb. Həmin qətnamədə göstərilirdi ki, Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana gətirib çıxara bilən böyük fəlakət riskinə malikdir. Ötən dövrdə Ermənistanın qanunsuz fəaliyyətini davam etdirməsi Sərsəng su anbarında hər an dəhşətli humanitar fəlakətə səbəb ola bilər.
Odur ki, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistanın bu ekoloji terrorunu dayandırmağa, bu ölkəni terrorçu əməllərdən çəkindirməyə çağırırıq”.