Cənubi Amerika ölkəsi Ekvadorda 6 həbsxanada məhbuslar tərəfindən girov götürülən 57 mühafizəçi və 7 polisin sərbəst buraxıldığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Açıqlamada mühafizəçilərin və polisin zorla saxlanıldığı 6 həbsxanada şəraitin normallaşdığı, vəziyyətin nəzarət altında olduğu bildirilib.
Ekvadorda məhbuslar təhlükəsizlik qüvvələrinin əməliyyatlarına cavab olaraq 6 həbsxanada 57 mühafizəçi və 7 polis əməkdaşını girov götürüblər.
Ölkədə zorakılığın ən sıx yaşandığı həbsxanalardan biri olan And Latacunqada əməliyyat keçirən polis və hərbi birləşmələr çoxlu sayda sursat və partlayıcı ələ keçirib.
Əməliyyatdan sonra həbsxanadakı dəstə başçıları təhlükəsizlik məqsədi ilə başqa həbsxanalara köçürülüb.
Hadisədən sonra paytaxt Kito şəhərinin mərkəzində iki bomba yüklü avtomobil 8 saatlıq fasilə ilə partladılıb, 6 nəfər saxlanılıb.