ABŞ-ın Havay ştatındakı Kilauea vulkanının 96 gündən sonra yenidən aktivləşdiyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Geoloji Xidmətinin (USGS) Havay Vulkanları Rəsədxanasından aldığı məlumata görə, yerli vaxtla saat 03.15 radələrində Havay Vulkanları Milli Parkında yerləşən Kilauea vulkanının zirvə kraterində partlayış baş verib.
Rəsədxana “partlayışdan çıxan qazların vulkanik tüstü yaradacağı” xəbərdarlığı edərkən, parkın yaxınlığında yaşayanları partlayış nəticəsində havaya yayılan vulkanik hissəciklərdən qorunmağa çağırıb.
Püskürmədən sonra vulkan üçün xəbərdarlıq səviyyəsi “müşahidə”dən “xəbərdarlığa” yüksəldildi və aviasiya rəng kodu “qırmızı”ya yüksəldilib.
Səlahiyyətlilər, sözügedən vulkanik fəaliyyətlərin park daxilində məhdudlaşdırıldığı barədə məlumat paylaşıblar. Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən bəri püskürmələr yaşayır. İyunun 7-də Kilauea vulkanının zirvə kraterində partlayış baş verib və onun fəaliyyəti iyunun 21-də dayanıb.