Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44) dünya çempionu tituluna sahib olub. 70 kq çəkidə qüvvəsini sınayan idmançı bu uğura Meksikanın Verakrus ştatında keçirilən mundialda imza atıb.
Bu barədə “İnterpress.az”a Taekvondo Federasiyasından məlumat verilib.
Qeyd olunub ki, 1/16 finaldan azad olan Xəlilov ilk döyüşündə ispaniyalı parataekvondoçu ilə üz-üzə gəlib. Həmyerlimiz dünya və Avropa çempionunu 7:3 hesabı ilə məğlub edib. O, ardınca gürcüstanlı idmançını mübarizədən kənarlaşdırıb – 16:2. İmaməddin yarımfinalda Kuba təmsilçisi ilə döyüşüb. Gərgin keçən görüşdə yığma üzvü 12:9 hesabı ilə qələbə qazanıb.
Parataekvondoçumuzun finalda rəqibi özbəkistanlı olub. Xəlilov bu dəfə 5:2 hesabı ilə qalib gələrək, dünya çempionu adına yiyələnib və Meksikada Azərbaycan himnini səsləndirib. Bununla da İmaməddin iştirak etdiyi 6 yarışda 6-cı mükafatını qazanıb. Niderlandda Avropa Paralimpiya Oyunlarında, Cənubi Koreyada açıq Dünya Çağırış Yarışında, Meksikada Qran-pridə birinci yeri tutan parataekvondoçu Fransada açıq Avropa çempionatında ikinci, Parisdə Qran-pridə üçüncü olub.
Dünya çempionatındakı uğur parataekvondonun Yay Olimpiya Oyunlarına daxil edilməsindən sonra ilk qızıl medal kimi tarixə düşüb.
Qeyd edək ki, sentyabrın 24-də yekunlaşacaq. Mundialın son günündə Əbülfəz Abuzərli (80 kq, K-44) mübarizəyə qoşulacaq.