AB Komissiyasının Qonşuluq və Genişlənmədən Məsul Üzvü Oliver Varhelyi namizəd ölkə Gürcüstanı əsl Avropa ölkəsi edəcəklərini bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
O, bu istiqamətdə işləri sürətləndirməyə qərar verdiklərini açıqlayıb.
Brüsseldə Aİ-Gürcüstan Assosiasiya Şurasının 8-ci iclası keçirilib.
Gürcüstana namizəd ölkə statusu verildikdən sonra keçirilən ilk iclasdan sonra qiymətləndirmələr edən Varhelyi deyib ki, Gürcüstanı əsl Avropa ölkəsi edəcəklər.
Varhelyi bildirib ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə Aİ istiqamətində irəliləyiş və atılacaq addımlar üzərində işi sürətləndirmək qərarına gəliblər.
Bu kontekstdə ən mühüm və konkret layihənin Qara dəniz elektrik və genişzolaqlı internet kabeli layihəsi olduğunu vurğulayan Varhelyi bildirib ki, bu, əlamətdar bir layihədir:
“Gürcüstanın yeni ticarət yolunun mərkəzi olmaq potensialına malik olduğu nəqliyyat əlaqəsini müzakirə etdik. Amma bunun üçün Qara dənizin Avropaya növbəti dəhliz olması lazımdır. Gürcüstan limanlarını yeniləməliyik”.
Aİ Ukrayna və Moldova ilə birlikdə 2022-ci ildə üzvlük üçün müraciət etmiş Gürcüstana 2023-cü il dekabrın 14-də namizəd ölkə statusu verib.