Finlandiyada qoxuları qiymətləndirmək üçün 2000 avro maaş təklif olunur.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Finlandiyada qeyri-adi iş elanı yayımlanıb. Turku arxipelaqının adalarında yerli qoxuları qiymətləndirəcək şəxsə vergilər çıxılmadan 2000 avro ödəniləcək, səfər xərcləri də qarşılanacaq.
Yerli turizm təşkilatı Turku arxipelaqını “dünyanın ən xoş qoxulu turizm məkanı” adlandırır.
Bu iddianı əsaslandırmaq üçün müstəqil ekspert axtarılır. Seçilən şəxs 2027-ci ilin may və ya iyun aylarında adalarda 5–7 gün keçirəcək.
Namizəd dəniz havasından və şam meşələrinin qoxusundan tutmuş təzə çörək və sauna buxarının qoxusuna qədər müxtəlif qoxuları qiymətləndirməli, təəssüratlarını təsvir etməli, foto və videolar çəkməli, səfərin sonunda hesabat hazırlamalıdır.
İş üçün xüsusi təhsil tələb olunmur. Yaxşı qoxu hissi, maraq və kamera qarşısında işləmək bacarığı kifayətdir.
Namizədlərin ən azı 18 yaşı olmalı və Finlandiyada işləmək hüququna malik olmalıdırlar.
Xuraman Etibarlı
İnterpress.az






