Bu gün Orta Dəhliz regionda təkcə iqtisadi maraqlara xidmət etmir, həm də sülh və rifah üçün strateji arteriyaya çevrilərək yeni sürət qazanıb.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib.
“Biz Orta Dəhlizin potensialının reallaşdırılmasında beynəlxalq təşkilatların və Dünya Bankının komandasının marağına və dəstəyinə görə minnətdarıq. Bankın hesabatında da qeyd olunduğu kimi, Orta Dəhliz dünya ictimaiyyəti tərəfindən müvəqqəti əlaqə üçün sadəcə qısamüddətli həll yolu kimi deyil, iki qitənin iqtisadiyyatları arasında ən qısa və effektiv əlaqə kimi tanınır. Avrasiyada etibarlı həlqə rolunu oynayan dəhlizin inkişafını dəstəkləmək, onun potensialını maksimum dərəcədə artırmaq niyyətimiz və güclü siyasi iradəmiz var”.
Nazir müavini qeyd edib ki, beynəlxalq tranzit dəhlizlərinin inkişafı üzrə inteqrasiya planları, sərhəd-keçid prosedurlarının uyğunlaşdırılması, proseslərin sinxronlaşdırılması, dəniz əməliyyatlarının səmərəliliyinin təmin edilməsi, vahid qlobal tranzit sənədinin həyata keçirilməsi rəqəmsallaşma sahəsində müsbət təsirini göstərir.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64 % çoxdur.