Qeyd olunan görüş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumunun müddəalarına müvafiq olaraq gerçəkləşib.
Görüşdə İran İslam Respublikasını Biləsuvar Gömrük İdarəsinin rəisi Siyavuş Surinin, Azərbaycan Respublikasını isə Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Axundov qonaqları salamlayaraq iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan ticarət-iqtisadi münasibətlərdən söhbət açıb.
Öz növbəsində, İran nümayəndə heyətinin rəhbəri S.Suri azərbaycanlı həmkarları ilə növbəti görüşdən məmnunluğunu ifadə edərək Azərbaycanla İran arasında qarşılıqlı dostluq və mehriban qonşuluq münasibətlərindən bəhs edib.
Sonra görüşdə Azərbaycan və İran gömrük-sərhəd buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər fiziki şəxslərin gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında əl yüklərinin buraxılması məsələlərinə toxunublar.
Bundan başqa, görüşdə 24 saatlıq iş rejiminə keçid, Naxçıvan Muxtar Respublikasından gələn nəqliyyat vasitələrinin yanacaq çənlərinə tətbiq olunan cərimələr və bir sıra digər məsələləri ətraflı müzakirə olunub.
İran İslam Respublikası Biləsuvar Gömrük İdarəsinin rəisi S.Suri 24 saatlıq iş rejiminə keçmək üçün artıq yekun işlərin görüldüyünü və Novruz bayramından sonra bu birgə fəaliyyətin gerçəkləşəcəyinə əminliyini ifadə edib.
İnterpress.az