Bildirilib ki, koalisiya ölkədəki ictimai-siyasi durumu geniş şəkildə müzakirə edir və toplantılarda ətraflı müzakirələr və təhlillər aparılır.
KXCP sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, koalisiya iştirakçıları vaxtaşırı toplantılar keçirirlər: “Bir sıra məsələləri müzakirə edirik. Azərbaycan reallıqlarına uyğun hərəkət edirik. İndiki vaxtda ordumuza dəstək və hakimiyyətdən tələb gündəmdədir. Bu istiqamətdə işlər gedir, müzakirələr aparılır. Yəni adi işçi qaydada toplaşıb fikir mübadiləsi aparırıq. Hər həftənin üçüncü günü ənənəvi toplantımız da keçirilir. Bir sıra qərarlar və gəlişmələr var. Artıq konkret olaraq bir yerdə toplaşırıq, müzakirələrimizi edirik, uyğun addımlarımızı atırıq. Aprelin 27-də də toplantımız olacaq. Qərarlarımızın icrasına baxacağıq. Ənənəvi gündəliyimizdə olan məsələlərdən danışacağıq, ölkədəki ictimai-siyasi vəziyyətlə və cari məsələlərlə məşğul olacağıq. Keçən həftə çox gərgin müzakirələrimiz olub. Bir sıra müzakirələr zamanı fikir ayrılıqları da olub. Müzakirələri davam etdirəcəyik”.
AXP sədri Pənah Hüseyn isə qeyd edib ki, aprelin 28-də Antiböhran Koalisiyası Rusiya işğalı və Qarabağ problemi mövzusunda dəyirmi masa keçirəcək: “Bu tədbirə hazırlıq işləri aparılır. Ayın 27-də Antiböhran Koalisiyasının toplantısında da elə bu məsələ müzakirə olunacaq. O cümlədən də əgər məqsədəuyğun sayılsa, həmin dəyirmi masaya bir layihə də çıxarılması nəzərdə tutulur. Bundan əlavə, hazırda son dövrdə Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsi ilə bağlı bəzi nəzərdə tutulan işlər dayandırılmışdı. O cümlədən ölkənin daxili vəziyyəti ilə bağlı məsələlərin də müzakirə edilməsi davam etdirilir. Başqa da cari işlər görülür”.
“AG blok”un təsisçilərindən Tural Abbaslı isə bildirib ki, hər həftənin üçüncü günü koalisiyanın ənənəvi müzakirəsi baş tutur və burada bir çox məsələlrə müzakirəyə, geniş şəkildə təftişə çıxarılır: “Növbəti müzakirələrimiz də davamlı olacaq. Gündəlik ictimai-siyasi məsələlər müzakirə olunur, atılacaq addımlar barədə qərarlar verilir. Aprelin 28-də Qarabağ mövzusu ilə bağlı dəyirmi masa təşkil olunacaq. Burada Rusiya faktorunun üzərində daha çox dayanılacaq. Yəqin ki, o tədbir lazımi effekti verəcək. Yaxın zamanlara planlaşdırılan əsas tədbir budur. Digər məsələlər də koalisiya iştirakçıları ilə müzakirə olunur”.
Qeyd edək ki, bu il fevralın 3-də bir qrup aparıcı müxalifət partiya sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Antiböhran Koalisiyası yaradılıb. Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası, Vətəndaş və İnkişaf Partiyası (VİP), “AG Blok”, bir sıra hərəkat və təşkilatlar daxil olublar.(Musavat)
İnterpress.az