Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinyət işi üzrə məhkəmə prosesi keçirilib.
İnterpress.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda Fazil Qasımovun müdafiəçiləri onun 76 gündür qida qəbul etmədiyini əsas gətirərək ev dustaqlığına və ya polis nəzarətinə verilməsi barədə vəsatət qaldırıblar.
Məhkəmə müşavirədən sonra vəsatəti qəbul etməyib.
Vəkillər məhkəmədə Qubad İbadoğlunun da şahid kimi ifadə verməsini istəyiblər.
Məhkəmə ittiham üzrə olan şahidlər dindirilənədək vəsatətə baxılmasını təxirə salıb.
Fazil Qasımov verilən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə prosesi sentyabrın 19-dək təxirə salınıb.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.