“Şin Bet”in rəhbəri 2023-cü ilin iyulunda Netanyahuya müharibə barədə xəbərdarlıq edib.
interpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
2023-cü ilin iyulunda İsrailin Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbəri Ronen Bar baş nazir Netanyahuya müharibə barədə xəbərdarlıq edib.
Bar qeyd edib ki, ölkənin idarəçilik kursunu dəyişdirmək üçün tədbirlər görülməsə, İsrail müharibə ilə üzləşəcək.
Qeyd olunur ki, hökumətin məhkəmə islahatları ilə bağlı ilk böyük qanun layihəsinin səsverməsi ərəfəsində Bar Netanyahu ilə görüşüb.
Bar ona xəbərdarlıq edib ki, İsrail cəmiyyətində “zəiflik əlamətləri var və bu, İsrailin düşmənlərini müharibəyə çevrilə biləcək hücuma sövq edə bilər”.
Mənbənin sözlərinə görə, Bar HƏMAS ilə müharibədən çox, ya “Hizbullah”la müharibəni, ya da İordan çayının qərb sahilində eskalasiyanı nəzərdə tuturdu.
“Ynet” nəşrinə cavab olaraq baş nazirin ofisi bildirib ki, Netanyahu “nə məqalədə göstərilən ehtimal olunan tarixdə, nə də oktyabrın 7-dən dərhal əvvəl – Qəzzada müharibə ilə bağlı heç bir xəbərdarlıq almayıb”.
Xuraman Etibarlı
İnterpress.az