ABŞ şiələrin ruhani lideri Sistaninin İsrail tərəfindən məhv edilməsi təhlükəsinə münasibət bildirib.
İnterpress.az xəbər verir ki, ABŞ-nin Bağdaddakı səfiri Alina Romanovski İsrail telekanallarından birində İraq şiələrinin lideri Əli Sistaninin ləğvi təhlükəsi ilə bağlı səsləndirilən fərziyyələrə X hesabında münasibət bildirib.
“…Böyük Ayətullah Əli Sistani beynəlxalq ictimaiyyət tərəfindən hörmət edilən, regionda sülhün qorunmasında həlledici və təsirli söz sahibi olan görkəmli din xadimidir. Biz ona qarşı hər hansı hücumu rədd edirik…”, – səfir yazıb.
Bundan əvvəl İraq hökuməti İraq şiələrinin ruhani liderinin adını efirdə qeyd etdikdən sonra İsrail Kanal 14-ü pisləyən kəskin bəyanatla çıxış etmişdi.
Ehtimal edilirdi ki, 94 yaşlı Əli əs-Sistani İraqdan İsrail ərazisinə pilotsuz təyyarələrin buraxılmasından sonra ləğv olunmağa namizəddir.
İraq hökuməti də BMT baş katibinə rəsmi məktub göndərərək ondan bu hərəkəti pisləməyi tələb edib.
Xuraman Etibarlı
İnterpress.az