ARGTMŞ sədrinə “Gənclər üçün Prezident Mükafatı – 2025” təqdim olundu – FOTOLARbackend

ARGTMŞ sədrinə “Gənclər üçün Prezident Mükafatı – 2025” təqdim olundu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin gənclərə göstərdiyi daimi diqqət və qayğısına daha bir nümunə olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli “Gənclər üçün Prezident Mükafatı – 2025”ə layiq görülmüşdür. Bu mükafat gənclərin fərdi inkişafına, ictimai fəallığına, innovativ layihələr reallaşdırmalarına və ümumilikdə ölkənin inkişafına verdikləri töhfəyə verilən yüksək dəyərin ifadəsidir.

Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin 2 fevral 1997-ci il tarixli Sərəncamı ilə təsis edilmiş və gənclərin cəmiyyətdə daha fəal rol oynamasına dəstək vermək məqsədi daşıyır. Bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən də davam etdirilir və gənclərin sosial, mədəni, intellektual və peşəkar sahələrdə irəliləyişini təmin etməyə yönəlmiş genişmiqyaslı tədbirlərlə müşayiət olunur. “Gənclər üçün Prezident Mükafatı” belə bir dəstəyin daha bir təzahürü olaraq gənclərin yüksək nailiyyətlərini və cəmiyyətə faydalı fəaliyyətini vurğulayır.

Bununla yanaşı, Gənclər və İdman Nazirliyinin təqdim etdiyi “İlin Gənci” mükafatı da gənclərin müxtəlif sahələrdə qazandıqları uğurları, könüllü fəaliyyətdəki fəallıqlarını və sosial təşəbbüskarlıqlarını dəyərləndirən önəmli bir təşəbbüsdür. Bu il “İlin Gənci” mükafatına layiq görülənlər sırasında NAYORA-nın üzv təşkilatlarının və tərəfdaş qurumların nümayəndələri – o cümlədən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova, NAYORA-nın sədr müavini Güldanə Dadaşova , Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Sevda Mansurova, NAYORA-nın proqram meneceri Vəfa Əhmədova , Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Fidan Həsənova, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Anaxanım Rzazadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş mütəxəssisi Jalə Həsənova,  “Avropa Gənclər Parlamenti-Azərbaycan” İctimai Birliyinin fəalı Oruc Bayramlı, və digər təşkilatların gənc təmsilçilərinin olması ölkədə gənclərin geniş fəaliyyət sahələrində göstərdiyi təşəbbüslərin yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Gənclər üçün yaradılan bu cür imkanlar və göstərilən diqqət onların gələcək inkişafı və dövlətin tərəqqisinə töhfələri baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gündə gənc nəslin potensialına inamını ifadə edən, onların müasir biliklər əldə etməsi, beynəlxalq təcrübə qazanması və millətimizə layiqli vətəndaşlar kimi yetişməsi üçün şərait yaradan bütün dövlət dəstəyinə görə ümumi minnətdarlıq hissi ifadə olunur. Gənclər siyasətinin ölkə rəhbərliyi tərəfindən prioritet elan edilməsi, onların qlobal miqyasda səs-sorağının eşidilməsinə, innovativ ideyalarını reallaşdırmasına və yeni nailiyyətlərə imza atmasına şərait yaratmaqdadır.

Qazanılan bu uğurlar gələcəkdə də gənclərin öz bilik və bacarıqlarını ölkənin inkişafı naminə səfərbər edəcəyinə, milli-mənəvi dəyərlərimizə sadiq qalmaqla yeni nailiyyətlər əldə edəcəyinə ümid yaradır. Bu həm də gənclərin sosial-iqtisadi, ictimai və mədəni sferalarda fəallığını artırmaq üçün mühüm motivasiya mənbəyidir.